Deputat da müharibə istəyir: "Silahı götürüb, torpaqlarımızı azad etməliyik ! "

Elman Məmmədov : "25 ildir yalnız bəyanat vermək, etiraz bildirməklə məşğuluq. Belə bəyanatlarla isə ermənilər torpaqlarımızdan çıxmır""Erməni torpaqlarımızı işğal edib, nəzarəti həyata keçirir. Əlində imkan olduğuna görə, erməni torpaqlarımızda donuz da saxlayacaq, kilsə də tikəcək. Nəzarət onların əlindədir"
"Silahı götürüb, torpaqlarımızı işğaldan azad etməliyik. Bununla da erməniləri yerində oturtmaq üçün əlavə tədbir görməyə ehtiyac qalmayacaq”.
Bunu "Sherg.az”a ermənilərin işğal olunmuş Cəbrayıl rayonunda kilsə tikməsinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, 25 ildir yalnız bəyanat vermək, etiraz bildirməklə məşğuluq:
"Belə bəyanatlarla isə ermənilər torpaqlarımızdan çıxmır. Erməni torpaqlarımızı işğal edib, nəzarəti həyata keçirir. Əlində imkan olduğuna görə, donuz da saxlayacaq, kilsə də tikəcək. Çünki özbaşınalıqdır, nəzarət ermənilərin əlindədir.
Bütün bunların qarşısını almaq üçün bəyanat, etiraz təsir etməyəcək. Sadəcə bir çıxış yolu var. Azərbaycan ordusu hərbi əməliyyatlara başlayıb, torpaqlarımızı işğaldan azad etməlidir. Erməniləri torpaqlarımızdan qovduqda hər şey qaydasına düşəcək. Nə qədər ki, torpaqlarımız işğal altındadır, onların etdiklərinin qarşısını ala bilməyəcəyik”.
Qeyd edək ki, məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində mülkiyyətin talan edilməsi, təbii sərvətlərin istismarı, Azərbaycan xalqına məxsus maddi-mədəni irsi vəhşicəsinə məhv etməsi və özününküləşdirilməsi, uğursuz şəkildə demoqrafik vəziyyəti dəyişməyə cəhd etməsi və digər qanunsuz əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır.
Aysel Aslan