Deputat: “Danışıqların alternativi müharibədir, Ermənistan bu reallığı unutmamalıdır”






"Vyana görüşü sayca dördüncü olsa da, rəsmi ilk təmas sayılır”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Deputat bildirib ki, bundan əvvəl qeyri-rəsmi şəkildə Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında 3 görüş baş tutub: 

"Məsələ ondadır ki, görüş öncəsi Paşinyanın bəyanatlarının əsasını qondarma rejimin danışıqlar prosesinə qoşulacağı təşkil edirdi. Ancaq reallaşan Vyana görüşü və həmsədrlərin iştirakı ilə "3+2” formatının davam edəcəyi ilə bağlı verilən bəyanat Paşinyanın canfəşanlığının əsassız olduğunu ortaya qoydu. Görüşdə verilən mesajlarla bir daha diqqətə çatdırıldı ki, Dağlıq Qarabağ münaqişəsinin formatı ilə bağlı danışıqlar heç vaxt dəyişdirilə bilməz. 

Mühüm razılaşmalardan biri də danışıqların bundan sonra davam etdirilməsi, yaxın zamanlarda XİN rəhbərləri çərçivəsində görüşlərin keçirilməsi və tərəflər arasında etimad mühitinin formalaşması ilə bağlı idi. Əks halda hansısa anlaşmadan söhbət gedə bilməz. Bu baxımdan hesab edirəm ki, təkcə Ermənistan və Azərbaycan siyasi rəhbərliyi deyil, həmçinin, ictimaiyyət nümayəndələri arasında da təmasların qurulması çox vacibdir”.

Parlament üzvü xatırladıb ki, Vyana görüşü BMT-nin baş katibi Antonio Quttereş tərəfindən də müsbət qiymətləndirildi. Lakin danışıqların perspektivinə şübhə salan ciddi məqamlar var:

 "Ermənistanın müdafiə naziri Tonoyan ABŞ-da səfərdə olarkən Azərbaycana ərazi iddiası ilə bağlı absurd mövqe ortaya qoyub. Şübhəsiz, erməni nazirin yanaşması qətiyyən qəbul edilə bilməz. Münaqişə tərəfləri arasında problemin həlli və konstruktiv mühitin formalaşması istiqamətində yollar axtarıldığı bir zamanda Ermənistanın müdafiə nazirinin həmsədr ölkənin ərazisində bu cür təxcribatçı açıqlama verməsi danışıqların ümumi ruhuna ziddir. Belə yanaşmalar danışıqlar prosesinə kölgə salır, arxadan zərbə vurur. Ümid edirik, Vyana görüşü ilə bağlı pozitiv fikirlər səsləndirən həmsədrlər, beynəlxalq qurumlar və tanınmış siyasətçilər paralel olaraq Tonoyanın sərsəm bəyanatlarına da münasibət bildirməlidir. Danışıqların alternativi müharibədir, Ermənistan bu reallığı unutmamalıdır”.

İsmayıl