Deputat Mərkəzi Bankla əlaqə saxlayıb: "Devalvasiya olmayacaq !"

"Mərkəzi Bank (MB)9 ayın yekunları ilə əlaqədar ödəmələrdə problem olmaması üçün banklara göstəriş verib. Məhz buna görə banklar şənbə günü də işləyəcəklər. Məsələ sadəcə bundan ibarətdir”.
Bunu "Sherg.az”a "Sabah manat növbəti dəfə ucuzlaşacaq" iddiasına münasibət bildirərkən iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, heç bir devalvasiyadan söhbət gedə bilməz:
"Mərkəzi Bankın idarə heyətinin sədr müavini Alim Quliyevlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirdim. O qeyd etdi ki, heç bir devalvasiya gözlənilmir. Sadəcə müəyyən ödəmələr olmalıdır. A. Quliyevin sözlərinə görə, manatın arxasında maliyyə mənbəyi var, heç bir problem yoxdur. Həftə sonu işləmə tələbi yalnız gündəlik işlərlə əlaqədardır”.
Federal Ehtiyatlar Sisteminin (FED) növbəti toplantısından gözləntilərini açıqlayan deputat deyib ki, uçot dərəcəsinin yüksəldilməsi riski həmişə mövcuddur:
"Bu, MB-ın apardığı siyasətdən asılıdır. Mərkəzi Bank son 9 ayda manatın məzənnəsini qoruya bildi. Neftin qiyməti və idxal-ixrac əməliyyatları bu prosesə təsir edir. İlk dəfə olaraq Azərbaycanda 9 ayda ticarət balansında müsbət saldo yarandı. O cümlədən Mərkəzi Bankın pul kütləsinə nəzarət mexanizminin gücləndirilməsi, nəzarətin artırılması və s. vacib amillərdir. Ona görə, Mərkəzi Bank bu məsələləri nəzarətdə saxlayır.
Hesab edirəm ki, FED-in yeni qərarları ola bilər təsir etsin. Amma bu ciddi təsir olmayacaq. Ola bilər, ilin sonunda Mərkəzi Bankın siyasəti manatın məzənnəsinə az təsir etsin. Lakin hələlik bu sahədə ciddi nəzarət həyata keçirilir”.
Qeyd edək ki, sabah şənbə günü olmasına baxmayaraq, bir sıra banklara iş başında olmaları göstərişi verilib. Bu isə insanlarda sabah manatın devalvasiyası olacağı ilə bağlı fikir yaradıb.
Aysel Aslan