Deputat xanım həmkarını dəstəklədi: "Televiziyalar çal-çağır etməməli idi”

Fəzail İbrahimli: “Zəhranın faciəsinə ağladığımız vaxtda çal-çağır edən telekanalları heç cür üzrlü hesab etmək olmaz"


"Zəhranın faciəsinə ağladığımız vaxtda telekanallar çal-çağır etməməli idi”.

Bunu Sherg.az-a ötən gün nasir, publisist, millət vəkili Elmira Axundovanın "Sherg.az-a" açıqlamasında ortaya qoyduğu "Şadlıq sarayları, çalğı alətləri, şoularla deyil, hərblə, müharibə, cəbhə və qələbə ilə yaşamalıyıq" iddiasına münasibət bildirərkən millət vəkili Fəzail İbrahimli deyib. 

O qeyd edib ki, restoranlar və əyləncə mərkəzlərində vəziyyət əvvəlki kimi qalsa da, telekanalları heç cür üzrlü hesab etmək olmaz:

"Televiziyalar isə bir gün ərzində istənilən proqramı tamamilə başqa yönə çevirib, şoulardan kənar, milli təəssübkeşlik nümayiş etdirə bilərdilər. Televiziyalar bütün informasiya vasitələrindən daha güclü təsirə malikdir. Həmin gün bütün proqramı 2 yaşlı körpənin faciəsi üzərində qura bilərdilər. Tək xalqın bu körpəyə görə kədərinə şərik olmaq müstəvisində deyil, eyni zamanda bir körpənin faciəsinin bütün Azərbaycan xalqı tərəfindən yaşanmasını ifadə edə bilərdilər.

Buna görə, güman edirəm ki, belə məqamlarda televiziyalar mütləq diqqətli olmalıdır. Biz bunların hamısına eyni müstəvidə baxa bilmərik. Elə televiziyalar var ki, hadisələrin nəbzini də tutur, çevik hərəkət edir. Lakin bəzi televiziyalar arxayın addım atır, sanki baş verən hadisələr ümumiyyətlə onlara aid deyil”.

Qeyd edək ki, ötən gün millət vəkili Elmira Axundova Sherg.az-a açıqlamasında "birləşməliyik, "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə yaşamalıyıq. Şadlıq sarayları, çalğı alətləri, şoularla deyil, hərblə, müharibə, cəbhə və qələbə ilə yaşamalıyıq. Hələ ki, mən bunu görmürəm” – ifadələri ilə xalqa çağırış edib.

Aysel Aslan