Deputatdan əlamətdar təklif: "Fiziki məhdudiyyətli uşaqlar üçün fond yardılsın və imkanlı şəxslər..."







"Milli Məclisin müzakirələri zamanı əlil doğulmuş, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların qayğısı üçün 4 milyon manat pul ayrılıb". 

Bu barədə "Sherg.az"a millət vəkili Tahir Kərimli bildirib. 

O qeyd edib ki, bu xəstələrin diqqət və qayğıdan kənar qalmaması üçün qərar qəbul edilib:

"Düşünürəm ki, bu məsələdə daha ciddi işlər görmək lazımdır. Tək serebral xəstəliyi olan uşaqlar deyil, digər belə xəstəliklərdən əziyyət çəkən uşaqlara da qayğı göstərilir. Bu məsələdə ölkə başçısı səviyyəsində siyasi iradə ortaya qoyulub. Vəsaitin ayrılmasından sonra əsas addım müvafiq qurumların bu sahədə işlər görməsidir.

Adətən xarici dövlətlərdə xüsusi fondlar yaradılır. Bunun təşəbbüsçüsü dövlət, imkanlı şəxslər, fiziki və ya hüquqi dövlət qurumları da olur. Həmin fondlara pul toplanır, bu cür xəstələr müalicə olunur. Təəssüf ki, ölkəmizdə belə fond yoxdur. Bir tək Heydər Əliyev fondudur ki, xəstə uşaqlara maddi, mənəvi dəstək göstərir. İndiki halda ən yaxşı variant belə fondun yaradılmasıdır. Yeni fond həmin xəstəliklərdən əziyyət çəkən uşaqları cəmiyyətə qaytara bilər. Uşaqlar konkret o fondun hesabına müalicə olunmaqla bərabər, sosial məişət məsələlərində dəstək ala bilərlər.

Serebral iflicdən əziyyət çəkən uşaqların hamısı müalicələrə cəlb olunmalıdır. Ola bilər, kütləvi şəkildə bu prosesin həyata keçirilməsi üçün ayrılan dövlət vəsaiti kifayət etməsin. Ona görə, müvafiq nazirliklər də layihələr həyata keçirməli, kompleks tədbirlər hazırlamalıdırlar. Bu halda ancaq müəyyən nəticə əldə etmək mümkündür”.

T.Kərimli serebral iflic xəstələri üçün yaradılmasını təklif etdiyi fonda imkanlı şəxslərin, xeyriyyə ilə məşğul olan biznesmenlərin, iş adamlarının cəlb olunmasından da danışıb:

"Vəziyyəti başa düşürük. Cəmiyyətdə dövlətin təşəbbüsü olmadan bu insanlar addım atmırlar. Dövlət iradə ortaya qoyanda imkanlı şəxslər də buna qatılır. Təəssüf ki, hansısa imkanlı şəxsin fərdi şəkildə hansısa xəstə uşağa yardım etdiyini, müalicə xərclərini öz üzərinə götürdüyünü bilmirik. Lakin dövlət təşəbbüs göstərdikdə istəyənlər də, istəməyənlər də fonda maliyyə köçürəcək. Çünki ən azından, hər kəsin içində insanlıq hissləri var”.

Aysel Aslan