Deputatdan fransalı həmsədrə cavab: "Biz dialoqa həmişə hazırıq"




"Dağlıq Qarabağ problemi öz həllini tapması Minsk qrupu həmsədrlərinin heç birinin marağında deyil”.

Bunu Sherg.az-a ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskontinin "Əsas məsələ tərəflər arasında dialoq və etimadı bərpa etməkdir" iddiasını şərh edərkən millət vəkili Adil Əliyev deyib. 

O söyləyib ki, həmsədrlər illərdir regiona boş-boşuna gəlib, gedirlər və heç bir məsələni həll etmək fikirləri yoxdur:

"Çünki həmsədrlərin arxasında öz dövlətləri durub. Həmsədr dövlətlər isə ümumiyyətlə, maraqlı deyillər ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənsin və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Həmsədrlər Ermənistanı müdafiə etdiyi üçün məsələ həllini tapmır. Fransalı həmsədrin açıqlamasına gəldikdə isə qeyd etməliyik ki, Fransa özü birinci növbədə erməniləri dəstəkləyən və işğalçı dövlətin sözünü dünya ictimaiyyətinə çatdıran dövlətdir. 

Həmsədrin nəzərinə çatdırmaq lazımdır ki, Azərbaycanın danışıqlardan yayınmaq fikri yoxdur və biz  dialoqa həmişə hazırıq. Məsələnin sülh yolu ilə həlli istiqamətində gördüyümüz işləri də bura qatsaq,  Dağlıq Qarabağ münaqişəsini danışıqlar vasitəsilə həll etmək istəyimiz aydın görünür. Həmişə olduğu kimi təxribat xarakterli münasibətlər, birmənalı olmayan fikirlər, atəşkəs rejimini pozmaq cəhdləri böyük qüvvələrin maraqlarına xidmət göstərən hallardır”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti "Mediamax”a müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsi elə şəkildə həll olunmalıdır ki, hər kəs özünü qalib hiss edə bilsin. O bildirib ki, həmsədrlərin işinin əsas mahiyyəti qarşılıqlı etimad, konfidensiallıq, konstruktivlik və daimi fikir mübadiləsinə əsaslanan kollektiv yanaşmadan ibarətdir. 

 Ayyət Əhməd