“Həmyerlimizdən üzr istəməlidirlər. O azad olunaraq əvvəlki statusu ilə fəaliyyətini davam etdirməlidir”
Beynəlxalq Diaspor Mərkəzi və İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşəbbüsü ilə azərbaycanlı jurnalist Fuad Abbasova qarşı Moskva şəhərində törədilmiş olaylarla bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə Fuad Abbasovun müdafiəsi üçün görüləcək işlərdən danışılıb. Bildirilib ki, bunun üçün Azərbaycan və Rusiyanın Xarici İşlər Nazirliklərinə, Rusiyanın dövlət başçısı Vladimir Putinə, Rusiyanın Ombudsmanına müraciət ediləcək.
Parlamentin iclasında Fuad Abbasovla bağlı məsələyə xüsusi olaraq toxunduğunu deyən millət vəkili Fərəc Quliyev "Sherg.az”a bildirib ki, jurnalistə qarşı törədilən hadisə böyük ehtimalla ermənilərin göstərişi əsasında olub:
"Fuad Abbasov Rusiyada fərdi olaraq öz işi ilə bağlı basqıya məruz qalmayıb. Müdafiə Komitəsi olaraq Milli Məclisdə də təklif etdim ki, bu məsələ ilə bağlı məktub göndərilməlidir ki, Rusiyanın Daxili İşlər Nazirliyi və digər güc sturukturları hadisə ilə əlaqədar dərhal ölçü götürsünlər. Hətta misal da çəkdim ki, bir vaxtlar Ramil Səfərov haqqında qərar çıxarılmışdı, amma ölkə başçısı onun geri qaytarılması üçün hər şey etdi. Biz ölkəmizə xidmət edən vətəndaşlarımıza sahib çıxmasaq, sabah kənarda olan diaspor üzvlərimiz tərəddüd yaşaya bilərlər ki, bizə qarşı da basqılar olsa, tək qalarıq.
Ona görə də diasporadakı vətəndaşlarla dövlət arasında qarşılıqlı himayə mexanizminin işlənməsi çox vacibdir. Bütün vətənpərvər insanlarımıza tutduqları mövqeyə görə dəstək göstərmək lazımdır. Azərbaycan ictimaiyyətinin bu məsələyə göstərdiyi reaksiyanı görürəm.
Hesab edirəm ki, dövlət tərəfindən də müəyyən ciddi addımlar atılmalıdır. Düzdür, səfirlik bu işlə məşğuldur, məsələni araşdırırlar. Lakin dərhal nota verməliyik. Bu məsələyə son qoyulmalı, Fuad Abbasovdan üzr istəməlidirlər. O azad olunaraq əvvəlki statusu ilə fəaliyyətini davam etdirməlidir”.
Yeganə Bayramova