Deputatdan YUNESKO-nun qərarına reaksiya:" Kamança və “Köçəri” rəqsi..."







"Əsaslandırılmış arxiv materiallarını vaxtında YUNESCO kimi təşkilatlara təqdim etməklə Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin başqa xalqların adına çıxarılmasının qarşısını ala bilərik”.

Bunu "Sherg.az”a Azərbaycan milli rəqsi olan "Köçəri”nin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsindən danışarkən millət vəkili Fazil Mustafa deyib. 

Deputat xatırladıb ki, illər əvvələ aid vizual görüntülər belə tapmaq mümkündür:

"Bunları sübut etməliyik ki, milli irsimizi öz adlarına çıxmağa imkan olmasın. Görünür, onlar bizdən daha çevik addım atıb, fərqli əsaslar təqdim ediblər. Kamança, "Köçəri” rəqsi kimi qeyri-maddi irs nümunələri Azərbaycana aid atribut olduğuna görə, dəyərlərimizi qorumalıyıq. Fəallığımızdan, çevikliyimizdən çox şey asılıdır. Əgər doğrudan da, daha çevik addım atsaq, müsbət nəticə əldə edə bilərik.

Kifayət qədər ciddi əsaslar ortaya qoyulsa, təbliğat düzgün qurulsa, YUNESKO-nun qərarını dəyişmək olar”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi isə təşkilatın qərarına etiraz edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib ki, "Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür: ""Köçəri" rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi onun yalnız Ermənistana məxsus olduğu anlamına gəlmir. "Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür”.

Aysel Aslan