Deputatımızdan Fiona cavab: "Tarixi bilsəydi belə qələt etməzdi "




"Əminəm ki, Fransada prezidentliyə namizəd Fransua Fion , seçkilərdə ən aşağı səs toplayacaq”.

Bunu Sherg.az-a F. Fionun "Stalin 1921-ci ildə Dağlıq Qarabağı özbaşına Ermənistandan qopararaq, Azərbaycana verib” bəyanatını şərh edərkən yəhudi əsilli millət vəkili Yevda Abramov deyib. 

O bildirib ki, bu bəyanatlarından sonra Fransa xalqı həmin namizədə səs verməsə, daha xoşbəxt olar:

"Prezidentliyə namizədlər həmin ölkələrdə aparıcı qüvvə olan elektoral qüvvələrdən istifadə edir. Amerikada, İngiltərədə, Fransada və digər ölkələrdə bu belədir. Fransada güclü erməni diasporu var. Onların qarşıdakı seçkilərdə səslərini əvvəldən almaq üçün hər bir prezidentliyə namizəd müəyyən manevrlər edirlər. Bu diplomatiyada belə qəbul edilir ki, söz verirlər, seçiləndən sonra isə vədlərinə ya əməl edirlər, ya da etmirlər. Əsas məsələ səslərin təmin edilməsidir. İlk növbədə həmin namizəd nə SSRİ, nə də Azərbaycan tarixini bilir. Bilsəydi belə qələt etməzdi. Heç vaxt Qarabağı kimlərsə alıb, Azərbaycana verməyib. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Əksinə Rusiya səfiri öləndən sonra İrandan və qonşu ölkələrdən kütləvi olaraq ermənilər Azərbaycana gəldilər. Bu, Rusiya imperiyasının siyasəti idi. Görünür ki, F.Fionun tarixdən xəbəri yoxdur. Siyasətdə çox küt insandır. Belə populist, axmaq, avantürist vəd vermələrlə Fransa xalqının prezidenti olmaq çətindir”.

Qeyd edək ki, Fransada prezident seçkiləri yaxınlaşdıqca namizədlərin seçici səsi uğrunda mübarizəsi də qızışır. Prezidentliyə namizəd Fransua Fion da xeyli sayda erməni seçicinin səsini qazanmaq üçün Dağlıq Qarabağın statusu probleminin Stalinin üzündən yaranması haqqında iddialar səsləndirib.

Ayyət Əhməd