Əgər kimsə terrorizmə və ölkənin milli təhlükəsizliyinə qarşı çıxış edirsə, vətəndaşlıqdan məhrum edilə bilər
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Cinayət Məcəlləsinə cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzasının daxil edilməsi təklifi irəli sürüb.
O qeyd edib ki, Konstitusiyaya son dəyişikliklərdən sonra buna imkan da yaranıb: "Cinayət Məcəlləsinin xüsusi hissəsində bu məsələ nəzərdə tutulsa da, ümumi hissədə cəza növü kimi nəzərdə tutulmayıb. Ona görə də, təklif edirəm ki, bunu cəza növü kimi 43-cü maddəyə daxil edək”.
Q.Həsənquliyev onu da deyib ki, Cinayət Məcəlləsində ömürlük cəza çəkənlərlə bağlı tətbiq edilən humanist dəyişikliklərdə təkcə cəza çəkənlər yox, zərərçəkmiş şəxslər də nəzərə alınmalıdır:
"Bu dəyişikliklərdə göstərilir ki, ömürlük azadlıqdan məhrum edilənlər 25 ildən sonra şərti olaraq vaxtından əvvəl cəzadan azad oluna bilərlər. Yaxud, əvvəl 15 il cəzanın çəkilməmiş hissəsi 10 ilə endirilib. Digər bir yerdə də, xüsusilə külli miqdarda zərər vuran quldurluğa görə 18 il azadlıqdan məhrumetmə nəzərdə tutulur. Yəni biz mülkiyyət əleyhinə olan cinayətlərə cəzanı sərtləşdirdiyimiz halda, ömürlük cəzanı-şəxsiyyət əleyhinə olan cəzanı yüngülləşdiririk. Bilirsiniz ki, ömürlük cəza əsasən azyaşlılara, köməksiz insanlara qarşı qətl törədənlər, yaxud xüsusilə ağır cinayətlər törədənlərə qarşı tətbiq edilən cəzalardır. İndi biz bunu yüngülləşdiririk. Məncə bu, düzgün addım deyil və zərərçəkənlərdə intiqam hissini alovlandıra bilər”.
Deputatın təklifləri ilə bağlı "Şərq”ə danışan hüquqşünas Əliməmməd Nuriyevin özlərinə görə, vətəndaşlıqdan məhrum edilmə ilə bağlı təkliflər barədə düşünmək olar:
"Terrorizmlə bağlı Cinayət Məcəlləsində dəyişikliklər edilib. Əgər şəxs terrorizmdə iştirak edirsə, o, vətəndaşlıq hüququndan məhrum edilə bilər. "Vətəndaşlıq haqqında” qanuna dəyişiklik edilmişdi və vətəndaşlığın itirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilmişdir. Həmçinin Azərbaycan konstitusiyasında müəyyən dəyişikliklər baş verdi. Eyni zamanda "Vətəndaşlıq haqqında” qanuna da dəyişiklik edilmişdi və orda vətəndaşlığın itirilməsi ilə bağlı bir sıra hallar nəzərdə tutulmuşdur. Əgər kimsə başqa ölkənin vətəndaşıdırsa, terrorizmə və ölkənin milli təhlükəsizliyinə qarşı çıxış edirsə, vətəndaşlıqdan məhrum edilə bilər. Məsələn, İsrailin təcrübəsində də belə bir cəza növü nəzərdə tutulub. Bu məsələlər müzakirə olunmalıdır, deputatın təklifi maraqlıdır, amma bunun daha geniş müzakirələrə ehtiyacı var. Bir halda ki vətəndaşlıqdan məhrum edilmə ilə bağlı qanunvericilikdə dəyişiklik baş verib, belə olan halda bu barədə düşünmək mümkündür”.
Yeganə Bayramova