Deputatlar Sloveniyada erməni vəhşiliyindən danışıb
Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-24-də Sloveniya Respublikasında rəsmi səfərdə olub.
"Şərq” xəbər verir ki, nümayəndə heyəti Sloveniya Milli Şurasının prezidenti Mitya Bervar tərəfindən qəbul edilib və daha sonra Miryam Bon-Klanyşçekin rəhbərlik etdiyi Sloveniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərilə görüşüb.
Qarşılıqlı etimad şəraitində keçən görüşdə Mitya Bervar 2015-ci ilin mart ayında rəhbərlik etdiyi Sloveniya Milli Şurasının nümayəndə heyətinin Bakıya səfərini, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini, Milli Məclisin sədri Oqtay Əsədovla və parlamentlərarası dostluq qrupunun üzvlərilə görüşlərini yaxşı xatırladığını, Azərbaycanda aparılan genişmiqysalı quruculuq və abadlıq işlərinin, gerçəkləşdirilən sosial-iqtisadi layihələrin, Sloveniyalı parlamentarilərin timsalında ölkəsinə və xalqına olan isti və doğma münasibətin bilavasitə şahidi olduğunu vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ağalar Vəliyev isə səmimi qəbula görətəşəkkür edərək, səfərin çox əlamətdar bir dövrə – Sloveniya Respublikasının Azərbaycan Respublkasının dövlət müstəqilliyini tanımasının 25-ci ildönümünün və ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünün tamam olduğu bir dövrə təsadüf etdiyini qeyd edib.
Ağalar Vəliyev vurğulayıb ki, bənzər talelər yaşayan xalqlarımız XX əsrin sonlarında müstəqil dövlətçilik arzularına qovuşmuş, Azərbaycan və Sloveniya müasir dünyanın siyasi xəritəsində öz layiqli yerlərini tutmuşlar.
Azərbaycan nümayəndə heyətinin rəhbəri görüş ərzində xalqımız üçün olduqca aktual olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə və bununla bağlı son duruma ayrıca toxunub. Ağalar Vəliyev bildirib ki, 20 ildən çoxdur ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb, tarixi Azərbaycan torpaqları olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətilə yanaşı 7 rayonumuz işğal olunub və bir milyondan çox soydaşımız həmin ərazilərdən deportasiya olunaraq qaçqın taleyi yaşamağa məcbur edilib.
Cari ilin aprel ayı ərzində erməni silahlı qüvvələrinin təxribatları ilə Azərbaycanın cəbhə boyu yerləşən mövqeləri və yaşayış məntəqələri intensiv atəşə tutulub ki, bunun da nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub, 500-dən artıq yaşayış evi və sosial obyekt dağıdılıb.
Azərbaycanın təmas xəttində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının Milli Məclisdə təmsilçisi olan deputat kimi həmin günlərdə bu bölgələrdə olarkən bütün bunların bilavasitə şahidi olduğunu qeyd edən Ağalar Vəliyev erməni işğalçılarının bu təxribatının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən cavab tədbirlərinin görüldüyünü, strateji əhəmiyyətə malik olan bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin işğaldan azad edildiyini Sloveniyalı həmkarlarının diqqətinə çatdırıb.
Son vaxtlar istər Minsk qrupu üzrə həmsədrlər, istərsə də onların dövlət başçıları tərəfindən, məsələnin müsbət həlli istiqamətində səylərin artırılmasını müsbət dəyərləndirən Ağalar Vəliyev münaqişənin beynəlxalq hüquq və normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yoluyla həll edilməsinə və işğal olunmuş torpaqlarımızın dinc yolla azad olunmasına inamını ifadə edib.
Yekunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sloveniyadakı görüşlərin parlamentlərimiz və işçi qruplarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə layiqincə xidmət edəcəyinə əminliyimi ifadə edib.
Səfər çərçivəsində nümayəndə heyəti Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi xiyabanlarından olan Şimal Parkında ucaldılan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimində də iştirak edib.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinin Lyublyana şəhərinin meriyasının rəhbərliyi ilə də görüşü olub. Görüşdə meriyanın rəsmi nümayəndə heyətinin 2013-cü ildə Bakıya səfəri xoş məqamlarla xatırlanmış, paytaxtlarımız Bakı ilə Lyublyana arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalanması, onun bütün müddəalarının hazırda uğurla həyata keçirildiyi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.
Nümayəndə heyəti səfər çərçivəsində həmçinin 28 May – Respublika Günü və Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin 20 illiyinin tamam olması ilə bağlı təşkil edilmiş rəsmi ziyafətdə də iştirak edib.
Eyni zamanda nümayəndə heyəti Novoqoritsa şəhərində II Dünya müharibəsinin əfsanəvi partizanı, Azərbaycanın və Sloveniyanın Milli Qəhrəmanı "Mixaylo” təxəllüslü Mehdi Hüseynzadənin və digər azərbaycanlı zabit və əsgərlərin məzarlarını, xatirə-abidə kompleksini və memorial muzeyi ziyarət edib.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da daxil olub.