Dərmanların keyfiyyətində problemlər hələ də qalır

Adil Qeybulla: “Eyni tərkibli bir ölkənin antibiotiki başqa bir ölkənin məhsulu ilə müqayisədə o qədər təsirli olmur”



Milli Məclisin Səhiyyə komitəsinin ötən iclasında "Dərman vasitələri haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Ölkəmizdə son vaxtlar dərman vasitələrinin keyfiyyətinin artırılması, qiymətlərinin tənzimlənməsi, dərman idxalı sahəsində mövcud olan problemlərin aradan qaldırılması sahəsində xeyli iş görüldüyünü vurğulayan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov hesab edir ki, "Dərman vasitələri haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi zəruriləşib.

Təklif olunan dəyişikliklər təsdiq olunan qiymətlərə nəzarəti təmin etmək və bu sahədə məsuliyyəti gücləndirmək məqsədi daşıyır.

Komitə sədrinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı həyata keçirilərsə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla dərman preparatları ilə bağlı ölkədə ciddi problemlərin olduğunu deyib. Onun sözlərinə görə, dərmanların qeydiyyatı ilə bağlı müəyyən məsələlər Səhiyyə Nazirliyində qaydaya salınıb, amma onların keyfiyyət parametrləri ilə bağlı problemlər hələ də var: "Müşahidələrimiz zamanı müəyyən edilib ki, eyni tərkibli bir ölkənin antibiotiki başqa bir ölkənin məhsulu ilə müqayisədə o qədər təsirli olmur. Yaxud ölkəyə bir dərman preparatı gətirilir, bir müddət sonra görürsən ki, onun təsiri əvvəlki keyfiyyətdə deyil. Bu cür problemlər hələ də qalmaqdadır. Nə qədər ki, bu problemlər var, o qədər də dərman bazarındakı durum acınacaqlı olaraq qalacaq”.

Azərbaycanın dərman qanunvericiliyində sistemsizlik olduğunu deyən A.Qeybullanın sözlərinə görə, mövcud xaosu aradan qaldırmaq üçün ölkədə mütləq dərman maddələrinin dövlət reyestri və dövlət farmokapiyası yaratmaq lazımdır: "Azərbaycan ərazisinə daxil olan dərman preparatlarının hər biri qeydiyyatdan keçməlidir və dövlət farmokapiyasında qeydiyyatda olmalıdır. Əks halda, insanlar bu dərmanları tanımadan problem qalacaq. Dərman maddələrinin keyfiyyəti ilə bağlı bir şey deyə bilmirik, çünki dərmanları yoxlayan laboratoriya tamamilə başqadır. Bu gün dərmanların Azərbaycan ərazisində keyfiyyətini təşkil etmək üçün ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil olan dərmanlar ölkəyə idxal edilməlidir. Tərkibi naməlum olan, qeydiyyatdan keçməyən, dünyada tanınmayan, üçüncü ölkələrdə istehsal bazardakı dərmanların əksəriyyəti bu kateqoriyadandır”. Ekspertin sözlərinə görə, qərarlarla, fərmanlarla mövcud problemi aradan qaldırmaq cəhdləri baş tutmayacaq: "Dərman maddələrinin dövriyyəsi ilə bağlı ümumi qəbul olunan qayda var. Əlavə dəyişikliklərə heç bir ehtiyac yoxdur. Vaxtı keçmiş dərman preparatlarının istifadəsi onsuz da qadağandır. Onun istifadəsi bütün dünyada məhdudlaşdırılıb və həmin dərmanlar utilizasiya olunur”. A.Qeybulla deyib ki, Azərbaycanın dərman bazarı müəyyən nüfuzlu şəxslərin himayəsində olduğu üçün bizdə koorporativ maraqlar ümumi prinsipləri üstələyir.

Ekspert qeyd edib ki, ölkəmizə Avropa ölkələrindən gətirilən dərmanlar bahadır: "Bu dərmanlar Azərbaycan ərazisində də baha olduğu üçün kommersiya qurumları maraqlıdır ki, ucuz işçi qüvvəsinin olduğu üçüncü ölkələrdə istehsal olunan dərmanlar istehsal olunsun. Onların keyfiyyəti təəssüflər olsun ki, şübhə altındadır”.

Şəymən