Məlahət Mürşüdlü: “Bəzi valideynlər tədris ilinin uzadılması əleyhinə imzatoplama kampaniyası da keçiriblər. Prosesin içində olmaya-olmaya valideynlərin belə bir qərar verməsinə təəssüf edirəm”
Dərslər bitib, şagirdlər məktəbə boş-boşuna gedirlər
“Bəzi siniflərdə şagirdlərin başını test tapşırıqları həlli ilə “qatırlar”. Bəzilərində ekskursiyaya çıxmaqla, muzeylərə getməklə”
Məlahət Mürşüdlü: “Bəzi valideynlər tədris ilinin uzadılması əleyhinə imzatoplama kampaniyası da keçiriblər. Prosesin içində olmaya-olmaya valideynlərin belə bir qərar verməsinə təəssüf edirəm”
Məlahət Mürşüdlü: “Bəzi valideynlər tədris ilinin uzadılması əleyhinə imzatoplama kampaniyası da keçiriblər. Prosesin içində olmaya-olmaya valideynlərin belə bir qərar verməsinə təəssüf edirəm”
Tədris ilinin uzadılması valideynlər arasında narazılığa səbəb olub. Bəzi valideynlər uşaqlarının məktəbə 14 gün "artıq” getmək istəmədiyini, uşaqların psixoloji gərginlik keçirdiyini, hətta məktəbə, oxumağa nifrət etdiklərini deyirlər. Xatırladaq ki, tədris ilinin uzadılmasına 2015-2016-cı tədris ilindən qərar verilib. Qərara əsasən tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir. Amma məsələ burasındadır ki, bir sıra orta məktəblərdə dərslər çoxdan başa çatıb, hətta tədris ilinin başa çatması münasibətilə ibtidai və orta siniflər şənlik də keçiriblər.
Yuxarı sinif şagirdləri isə hələ də məktəbə gedib-gəlir. Sosial şəbəkələrdə və bir sıra saytlarda paylaşılmış xəbərlərə görə, şagirdlər avaraçılıqdan gileylənir, artıq neçə gündür boş-boşuna məktəbə gedir və bu müddətin uzadılmasını mənasız hesab edirlər. Bəzi müəllimlər də müzakirələrə qoşulub və bildirirlər ki, tədris proqramı faktiki başa çatdığından dərslər boş keçir. Bu, şagirdləri də yorur, onlara əlavə çətinlik, psixoloji gərginlik yaradır. Tədris proqramını yekunlaşdırmış müəllim də əlavə dərs saatını nəylə dolduracağını bilmir.
Təhsil ekspertlərinin bir qismi tədris ilinin uzadılması əleyhinədir. Və bildirirlər ki, bu, mənasız, əsassız bir vaxt itkisidir. Dərslərin boş keçməsinin səbəbi kimi isə tədris ilinin uzadılması barədə qərar verilməsinə baxmayaraq tədris proqramlarının yenilənməməsi ilə izah edirlər. Qərar tələsik verilib, lakin vaxt dəyişikliyi tədris proqramlarına uyğunlaşdırılmayıb. Müəllimlər də tədris proqramının əvvəlki kimi qaldığını - yəni, mayın 31-nə hesablandığını deyir. Belə olan halda əlavə 14 günü hansı dərs saatı ilə əvəzləmək sualı ortaya çıxıb, lakin cavab yoxdur. Amma qərar verildiyindən müəllim də, şagird də məcburiyyət qarşısında məktəbə gedib-gəlir. Bəzi siniflərdə şagirdlərin başını test tapşırıqları həlli ilə "qatırlar”. Bəzilərində ekskursiyaya çıxmaqla, muzeylərə getməklə. Elələri də var ki, qərar-zad saymır, artıq məktəbə getməyin "daşını atıb”.
Azad Müəllimlər Birliyinin sədri, Bakı-Anadaolu Liseyinin müəllimi Məlahət Mürşüdlü isə "Şərq”ə açıqlamasında tədris ilinin 14 gün uzadılmasının məntiqli olduğunu bildirdi:
- Hesab edirəm ki, tədris ilinin uzadılması doğru qərardır. Bu qərar aparılan ciddi müzakirələrdən, gəlinən ümumi nəticələrdən sonra verilib. Heç bir qərar boş-boşuna, əsassız verilmir. Tədris ilinin uzadılmasına səbəb həm tədris proqramının genişliyi, şagirdlərin onu 35 həftə ərzində lazımi qaydada mənimsəyə bilməməsi, həmçinin qlobal iqlim dəyişikliyidir. Son bir neçə ildə müşahidə edirdik ki, sentyabrın ilk ongünlüyündə havalar hədsiz isti keçir. İyun ayının ilk ongünlüyündə isə havalar sərindir. İl ərzində bizim ölkədə bayramlar da çox olur. Bəzən hansısa bayramda bir həftə, bəzən hətta 8-10 gün qeyri-iş günü elan edilir. Bəs şagird bu qədər tətillə tədris proqramını necə oxuyub başa vura bilər?! Mən tədris proqramının başa çatdırıldığı iddiaları ilə razı deyiləm. Və inanmıram ki, hansısa müəllim tədris proqramını tam yerinə yetirib. Belədirsə, deməli, tədris proqramı əvvəldən düzgün qurulmayıb. Elə dərslər var ki, onlar əlavə saat tələb edir. Müəllim gərək özü tədris proqramını elə qursun ki, nisbətən çətin, ağır, daha çox öyrənmək, mütaliə tələb edən bölmələrə bir neçə dərs saatı ayırsın. Bütün fənlərdə nisbətən yüngül və nisbətən çətin bölmələr var. Şagirdin dərsi yaxşı qavraması üçün bir neçə dərs saatı tələb oluna bilər.
M.Mürşüdlü 14 günü "əlavə”, "boşuna keçən vaxt” hesab edənlərlə də razılaşmadığını dedi:
- Bu 14 gündə çox iş görmək olar. "14 günü nə edim?” deyən müəllimi mən anlaya bilmirəm. Bu müddəti əlavə məşğələlərə, çətin dərslərə, təkrarların aparılmasına, bilik yarışmalarına, konfranslara, səyahət və ekskursiyalara, təbiətdə canlı dərslərə sərf etmək olar. Hər bir müəllim əksinə, yaranmış bu fürsətdən maksimum faydalanmağa çalışmalıdır. Doğrudur, deyə bilərsiniz ki, bu işləri bütün tədris ili ərzində həyata keçirmək də olar. Bəli, bir çox məktəblərdə, elə mənim çalışdığım Anadolu liseyində də məhz belədir. Bizdə tədris ili ərzində fənn olimpiadaları, konfranslar keçirilir. Amma bu 14 gün əlavə imkandır. Sadəcə, ondan yararlanmaq lazımdır. Görünür, bizim bəzi müəllimləri tənbəllik basıb. Uşaq 14 gün artıq məktəbə getməklə heç nə itirməz, amma qazancı ola bilər, əgər müəllim bu imkandan potensial şəkildə yararlanarsa. Söhbət bu əlavə 14 günü səmərəli keçirməkdən gedir. Bu iş məktəb rəhbərliyinin üzərindədir.
M.Mürşüdlü valideynlərin narazılıqlarının əsassız olduğunu dedi:
- Eşitmişəm ki, bəzi valideynlər tədris ilinin uzadılması əleyhinə imzatoplama kampaniyası da keçiriblər. Prosesin içində olmaya-olmaya valideynlərin belə bir qərar verməsinə təəssüf edirəm. Valideynlər çox şeyi bilmir. Sadəcə, bir çox insanda belə bir yanlış yanaşma var ki, sovet təhsil sistemi çox gözəl idi, sentyabrın 1-i dərslər başlayırdı, mayın 25-i bitirdi, hamı da təhsil alırdı. Bu, tamamilə yanlış bir baxışdır. Biz artıq 21-ci əsrdə yaşayırıq və indiki şəraiti ötən əsrin nəinki 50-60, heç 90-cı illəri də müqayisə etmək düzgün deyil. Dünya qloballaşıb və Azərbaycan da bu qlobal dünyanın bir parçası olmaq istəyirsə, proseslərdən kənarda qala bilməz. Azərbaycan dünya təhsil sisteminə uyğunlaşmalıdır.
Tədris ilinin uzadılmasının şagirdlərə həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanları öncəsi əlavə gərginlik gətirdiyi, uşaqların istirahət etməyə vaxtı qalmadığı iddialarına gəlincə, M.Mürşüdlü bunun əsaslı səbəb olmadığını bildirdi:
- Əvvəla, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi məsələsi gündəmdədir. Yəqin ki, çox yaxın zamanda biz bunun şahidi olacağıq. İndilik buraxılış imtahanları yalnız 9 və 11-ci siniflər üzrə keçirilir. Aşağı siniflərdə buraxılış imtahanları yoxdur. Digər tərəfdən şagird imtahanlara il ərzində hazırlaşmalıdır. Kifayət qədər istirahət və bayram günləri ilə bağlı tətil günləri olur. Yəni, tədris ilinin 14 gün uzadılmasının şagirdin fiziki yorğunluğuna səbəb olduğunu iddia etmək, məncə, bəhanədən başqa bir şey deyil.
Məlahət Rzayeva