Şagirdlər, müəllimlər, valideynlər vaxt uzatmanın girovuna çevrilib
3 həftə vaxt başağrısıdır
Son günlər sosial şəbəkələrdə və mediada ümumtəhsil məktəblərində növbəti dərs ilindən dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağına dair məlumatlar yayılıb. Və neçə gündür ki, bu məsələ ətrafında müzakirələr aparılır. Amma Təhsil Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama yayaraq, tədris ilinin başlanma vaxtının dəyişdirilməyəcəyini bildirib.
Nazirliyin yaydığı məlumatda eyni zamanda qeyd olunur ki, 2014-2015-ci dərs ilindən məktəblərdə tədris ilinin müddətinin 3 həftə uzadılması nəzərdə tutulur. Bununla əlaqədar təşkilati tədbirlərin görülməsi planlaşdırılır.
Məsələyə münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə söyləyib ki, tədrisdə baş verən bu kimi dəyişikliklər standartların formalaşdırılmasıdır: "Standartlar daim dəyişir və yenilənir. Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ burdadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil. Hesab edirəm ki, 3 həftə tədris ilinin genişləndirilməsi düzgün bir addımdır”.
"Dərs ilinin başlama və bitmə vaxtı dəyişdirilməsi nəzərdə tutulmayıbsa, tədris müddəti necə uzadıla bilər” sualına gəlincə, ekspert diqqətə çatdırıb ki, yəqin Təhsil Nazirliyi bu standartı bu il üçün nəzərdə tutmayıb: "Gələcəkdə ola bilər ki, dərslər mayın sonu yox, iyun ayının 10-u bitsin, sentyabr ayının 1-də də başlasın. Tətil günləri, həqiqətən, uzundur”.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də deyib ki, təhsillə bağlı həyata keçirilən yeniliklərin zamanın tələb etdiyi ehtiyaclar üzündən baş verdiyini nəzərə almaq lazımdır: "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi təhsillə bağlı çox vəzifələri qarşısına qoyub. Onlardan biri də təhsil sisteminin məzmununun təkmilləşdirilməsi ilə bağlıdır. Bunu da həyata keçirmək üçün ortada kompleks yanaşmalar olmalıdır. Bu baxımdan, strategiyanın tələblərinə uyğun olaraq, Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirləri məqbul hesab edirəm. Hələ ki, bu tədbirlər öz nəticəsini göstərməsə də, mən ümidliyəm. Hər halda, bu başlanğıcdır. Hesab edirəm ki, nazirin atdığı addımlar yaxın zamanlarda öz nəticəsini göstərəcək”.
Konkret olaraq, dərs müddətinin uzadılmasına gəldikdə isə Ə.Ağayevin sözlərinə görə, dərs müddətinin iyun ayında bitməsi şagirdlər üçün heç bir problem yaratmayacaq: "Dərslər onsuz da gec - sentyabrın 15-i başlayır. Bayramlar, tətillər isə xeyli vaxt alır. Buna görə də proqram ödənilmir. Problemin ödənilməsi üçün də nazirlik müvəqqəti olaraq, belə bir təşəbbüs irəli sürüb. Hər halda, bu təşəbbüsün məqsədəuyğun olduğunu düşünürəm. Təbii ki, belə bir qərarın təklif olunması o demək deyil ki, hökmən qəbul olunmalıdır. İlk olaraq, eksperimentdən keçiriləcək və təhlil olunacaq. Əgər məqbul sayılarsa, qəbul olunacaq. Məncə, heç bir ziyanı yoxdur, əksinə, faydalı təşəbbüsdür”.
Millət vəkili Fazil Mustafa isə bu yeniliyə etiraz edir: "Yenə də o fikirdəyəm ki, son illərdə qəbul olunan qərarların içində ən absurdu dərslərin iyun ayının 15-dək uzaldılmasıdır. İkinci yerdə gələn absurd qərar isə dərslərin sentyabr ayının 15-də başlamasıdır. Uşaq bağçaları, orta məktəb və ali məktəblər üçün bu cür vaxt dəyişiminin hansısa faydası olduğunu düşünmürəm. Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa, həm təhsil alanlar və müəllimlər rahat olar, həm də valideynlər vaxt uzatmanın girovuna çevrilməzlər”.
Ayyət Əhməd