“Deyirdilər ki, Tahir İmanov faşistdir, sizi güllələyər” - MÜSAHİBƏ +Fotolar

Tahir İmanov: “Mən sadəcə məsuliyyətin tərəfdarıyam. Çəkiliş meydançasında hər kəs işinə məsuliyyətlə yanaşarsa, təqdim olunan ekran əsərinin keyfiyyəti olar”“Heç kim deməsin ki, tamaşaçının zövqü aşağıdır. Xeyr, “Bəxt üzüyü” sübut etdi ki, tamaşaçı səviyyəli, keyfiyyətli, əsl yumoru qəbul edir, onu izləyir”
Aktyor sənəti maraqlı, məsuliyyətli, eyni zamanda çətin sənətdir. Bu yolda addımlamaq və tamaşaçı sevgisi qazanmaq hər aktyorun qisməti olmur. Tamaşaçı ilk vaxtlar onu "Roşka” kimi sevə bildi, qəbul etdi, məhəlləsindəki, yaxınındakı bir bakılı oğlan, bir azərbaycanlı gənc kimi sevdi. Daha sonra bu sevgi onu tamaşaçıya daha fərqli tərəfdən tanıtmağa imkan verdi. Onu tanıdıqca istedadlı ssenaristi, yumoristi, rejissoru da sevməyə başladı. Bu sevgi karvanı ilə o, milyonların ürəyinə yol tapdı. Gəncliyindən bu günə gedən karvanın sarvanı mətbuatda az danışdı, amma çox işlər gördü. Qadağalara məruz qaldı, bəzən küsdü, ancaq səhnəyə, sənətə olan eşqi onu səhnədən uzaqlaşdıra bilmədi.
Bu gün o karvanın sarvanı ilə həmsöhbət olmağa çalışdıq. "Şərq”in budəfəki qonağı "Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanovdur. Azərbaycan mədəniyyəti, səhnəsi, kinosu ilə bağlı maraqlı fikirlərini, məntiqli düşüncələrini oxucularımızla bölüşdü.
- İlk əvvəl sizi "Bəxt üzüyü 2” filmindəki uğurunuza görə təbrik etmək istərdik. Həqiqətən böyük marağa səbəb olan film alındı...
- Mən sizə bu diqqətə görə təşəkkür edirəm. "Şərq” qəzeti Azərbaycan mətbuatında yerini tutan, izini qoyan qəzet olaraq yaddaşlarda qalıb. 96-cı illərdən bu günə qədər böyük bir tarixi olan mətbuat orqanıdır. Bu qəzet cavanlığımı mənə xatırladan qəzetdi. 22 illik bir tarixi olan qəzetlə həmsöhbət olmaq mənə də xoşdu. Çünki peşəkarlığınıza əminəm.
- Bu film böyük marağa səbəb oldu. Filmin piarı da çox peşəkar şəkildə təşkil olundu.
- "Bəxt üzüyü 2” brenddir. Müstəqil Azərbaycanın brendlərindən biridi. Azərbaycan kino tarixinə xüsusi, qızıl hərflərlə yazılan bir ekran əsəridir. Təbii ki, bu brendin yaradıcısı olan böyük xalq şairi Vaqif Səmədoğlu olub. Bu onun yaradıcılıq məhsuludur. Biz sadəcə olaraq bu işin davamçısıyıq. Ona görə də çox böyük şərəfdir bu filmin ikinci hissəsini çəkmək. Həm də bu filmə yenidən yanaşmaq böyük bir məsuliyyət tələb edirdi. Çünki bu filmdə elə böyük aktyorlar yer alıb ki, onların hər biri mədəniyyətimizin tarixidir. Bu filmdə olan aktyorların hər biri kino tariximizdə bir iz qoyub. Filmdəki hər bir replika, hər bir zarafat dillər əzbəri olub, az qala el deyiminə çevrilib. Bəli, neçə nəsil bu filmi izləyib. Hər dəfə bu filmə baxanda böyük maraqla izləmişik. Dəfələrlə baxdıqca yeni bir ştrix tapa bilmişik. Burada böyük bir peşəkarlıq var. İstər dramaturji baxımdan, istər aktyor oyunu baxımından. Bizim üçün bu filmi çəkməyə qərar vermək özü böyük bir məsuliyyət idi. Çoxları deyirdi ki, "Bəxt üzüyü 2” mütləq "Bəxt üzüyü 1”-dən daha güclü olmalıydı. Xeyr, mən bu fikirlə razılaşa bilmirəm. Mən heç vaxt Vaqif Səmədoğludan güclü ola bilməzdim. Vaqif Səmədoğlu elə yüksək bir zirvədir ki, mənim üçün fəth olunmazdı. Everesti fəth etmək olar. Ancaq Vaqif Səmədoğlu zirvəsini fəth etmək mümkün deyil. Azərbaycanı necə sevmək lazımdı, el arasında olan adət-ənənələrini necə bilməlisən ki, bu filmi çəkə biləsən. Azərbaycanı sevməyən insan heç vaxt "Bəxt üzüyü”nü yarada bilməzdi. Razısız mənimlə?
- Əslində böyük bir həqiqət var. Yalnız xalqını sevən və onu tanıyan bir şəxsiyyət belə maraqlı əsəri yarada bilər. Təvazökarlıq etdiniz. Hesab edirəm ki, böyük bir məsuliyyətin altına girərək belə bir ekran işini çəkməyə ürək etmisiz. Vaqif Səmədoğludan sonra bu ekran əsərinə müraciət etmək də hər insanın gücü daxilində olmazdı.
- Bəli, biz bu məsuliyyəti dərk edərək filmin ikinci hissəsini çəkməyə qərar verdik. Bilirdik ki, çox məsuliyyətli bir ekran işinə müraciət edirik. Amma bu ekran işinə müraciət etdiyimizdən də qürurlanırıq.
- Afaq Bəşirqızı bu günlərdə "Şərq”in qonağı olarkən Tahir İmanovdan və komandanızdan çox razılıqla danışdı. Hətta peşəkarlığınızın vurğunu olduğunu qeyd etdi. Afaq Bəşirqızı kimi sənətə məsuliyyətlə yanaşan sənətkardan bu fikri eşitmək də hər kəsə nəsib olmur.
- Afaq xanım həqiqətən böyük sənətkardı. Bu fikirlərimi onunla üz-üzə olanda da qeyd etmişəm, müsahibələrimdə də qeyd etmişəm. Onunla çalışmaq, bir çəkiliş meydançasında olmaq böyük bir şərəf və eyni zamanda məsuliyyətdir. O ki qaldı "Bəxt üzüyü” filminin ikinci hissəsinə, mən bir prodüser kimi, ssenari müəllifi, bir aktyor, yaradıcı insan olaraq, heyətin rəhbəri kimi qarşıma bir məqsəd qoydum. Bu film birinci hissədən güclü ola bilməz. Amma zəif də olmamalıydı. Biz buna nail olduq. Doğrudan da böyük ajiotaj doğurdu. Qala gecəsində bunu görə bildik. Məmurundan tutmuş sıravi tamaşaçıya qədər hamı təqdimat mərasimində iştirak etmək istədi. Təbii ki, hamı iştirak edə bilmədi. Ona görə də biz imza günlərinin sayını artırdıq. Adi tamaşaçılarla da görüşmək istədik. Afaq xanımla imza günündə görüşəndə tamaşaçılarla da bir yerdə filmi izləmək imkanımız oldu. Afaq xanıma dedim ki, siz qala gecəsində olan fəxri qonaqlarla tamaşaçılar arasında olan fərqi görə bildinizmi? Sanki fəxri qonaqlar gülmək istəyəndə də özlərini bir az sıxırdılar ki, gülüşləri görünməsin. Ürəkdən gülməkdən sanki utanırdılar. Demirəm qəhqəhə çəkib gülsünlər. Xeyr. Amma ürəkdən də gülmək olur. Adi tamaşaçı isə nəyi var güldü. Biz bunu istəyirdik. Adi tamaşaçılar heç kimdən çəkinmədən, utanmadan, ürəkdən gülürdü. Bax budu hörmətli, dəyərli daimi tamaşaçının bizə olan sevgisi, hörməti, inamı. Ona görə də biz bu cür görüşləri çoxaltmağa qərar vermişik. Bu həftə də görüşlərimiz var. Gələn həftə Qubaya getməyi nəzərdə tutmuşuq. Belə qərara gəldik ki, nə qədər imkanımız var, Azərbaycanı qarış-qarış gəzək. Böyük şəhərlərimizdə bu görüşləri təşkil edək. Gəncə ilə danışıqlar aparırıq ki, orda maraqlı bir görüş təşkil edək. Mənim bir arzum var - Qarabağı qaytaraq! Bu eşqlə yaşayıram. İnanıram ki, bu problem həllini tapacaq. Qarabağ bir gün bizdə olacaq. Kinoteatrlarımız arasında düşmənçilik var. Onların üzlərinə də demişəm. Qarabağın alınacağına inanıram, amma onların barışmağına inanmıram. Biri-birini elə qırırlar ki, elə bil bunlar 300-400 il yaşayacaqlar. 5 günlük dünyadı, kim bu dünyada əbədi qalıb ki? Kimsə sizin haqqınızı tapdayıbsa, onu da bağışlamağı bacarın. Barışmağı öyrənin. Bizdə belə bir fikir formalaşıb. Sən mənimlə işləyirsənsə, digər şəbəkə ilə, digər komanda ilə işləməməlisən. Bu, faciə deyilmi? Bu problem heç kimi narahat etmir. Dünya kino bazarına baxın. Afişalarda yazılır ki, şəhərin bütün kinoteatrlarında baxın. Yalnız bizdə yazılır ki, ya "Park sinema”da baxın, ya da "Sinema Plus”da. Bu, biabırçılıqdı. Kinoteatrlar biri-birinə düşmən kəsilib. Bu heç kimi narahat etmir. Yaradıcı insanların yaralı yerinə çevrilib. Hər dəfə kinoteatrlar bizə öz mövqeyini nümayiş etdirir, şərtlərini qoyur. Bu dəfə biz öz şərtlərimizi ortaya qoyaq.
- Əslində şərt qoyan tərəf siz deyilsizmi? Filmi çəkən də, filmə sərmayə qoyan da, ərsəyə gətirən də sizsiniz. Sizin məhsulunuza kinoteatrlar necə şərt qoya bilər?
- Bəli, filmin ərsəyə gəlməsində köməyi olanlara siz şərt qoya bilməzsiz. Biz şərt qoya bilərik. Ona görə də bu dəfə biz şərt qoyduq. Şərtimiz də qəbul olundu. Nə qədər ədalətli olar ki, filmi çəkən biz, sərmayə tapan biz, filmdə oynayan biz, amma kinoteatr bizə şərt qoyur. Zəhmət çəkən bizik, qazanan kinoteatrlardı? Bu, nə qədər ədalətlidir. Bəlkə mənim bu çağırışımı hansısa məsuliyyətli insanlar eşidirsə, iki kinoteatrı barışdırsın. Hər bir şansdan mən istifadə edirəm.
- Amma bu kimi addımlarda hər kəs sizlər kimi qətiyyətli mövqe nümayiş etdirsələr, kinoteatrların da başqa seçimi qalmaz...
- İndiki nəslin sənət adamlarını köhnə nəslin sənət adamlarından fərqləndirən bir çox amillər elə bunlardı. İndi dəyərlər dəyişib. İndi stereotiplər əvvəlkilərdən fərqlənib.
- Elə köhnə sənət adamları bəlkə ona görə bu gün də böyük hörmətlə anılır, onlara sevgi fərqlidir?
- Köhnə sənət adamlarının sənətə baxışı fərqli idi. Bilirsiz kimləri nəzərdə tuturuq, o sənətkarlar ki, sovet dönəmində sənətin fədailəri idi. Onlar şəxsiyyət idilər. Bu sözü bütün məsuliyyətimlə deyirəm. İndikilər sənət fədaisi deyillər. Təbii ki, istisnalar var. İndikilər üçün əsas odur ki, işim getsin, pul qazanım.
- Elə Afaq Bəşirqızı da belə bir fikir işlətdi ki, indiki gənclər yalnız məşhurlaşmaq, bir də pul qazanmaq üçün sənətə gəlirlər. Bizim dövrümüzdə isə sənətin fədailəri olub.
- Bəli, sənətkar sənətin, səhnənin, çəkiliş meydançasının fədaisi olmalıdır. Bu günün gəncliyində onu görmək çətindi. Mənim üçün Fuad Poladov aktyor, sənətkar olaraq böyük bir nümunədir. O, böyük sənətkardı, şəxsiyyətdi. Peşəkar aktyordu. Həm rus, həm Azərbaycan dilində mükəmməl oynayan bir aktyordu. Həm də şəxsiyyətdir. Baxın, bir də qeyd edirəm - şəxsiyyətdir. O insan özünə hörmət etməyi də, özünü tənqidi də, özünə dəyər verməyi də bacarır.
- Baxmayaraq ki, yaradıcılığında mənfi obrazları daha çox yaradıb, amma tamaşaçı sevgisi qazana bilib. Adətən mənfi obrazı yaratmaq həm ağırdı, həm də tamaşaçı sevgisi qazanmaq daha çətindi...
- Onun sənətinə dövlətimiz də qiymət verib, tamaşaçı da dəyər verib. Həmişə də Fuad Poladovun adı Azərbaycan mədəniyyətinin istər kino, istər teatr tarixində hörmətlə çəkiləcək. O insan mədəniyyət tarixinə adını yaza bilib. Əsas odur ki, mənim üçün o, böyük şəxsiyyətdi. Mən ona baxanda insanlığı öyrənirəm. O mənim üçün canlı bir dərslikdi. Ondan nümunə götürmək olur. Eləcə də Afaq Bəşirqızı barədə bunları söyləmək olar.
- Afaq Bəşirqızı ilə çalışmaq çətin olmadı? Deyirlər çox çətin və məsuliyyətli aktrisadır. Çəkiliş zamanı, tərəf-müqabili olarkən Afaq xanımın hansı görünməyən tərəflərini özünüzdə kəşf edə bildiniz?
- Afaq xanımda olan kişilik indiki bəzi kişilərdə yoxdu. İnsanlığı məndə xoş təəssüratlar yaratdı. Afaq xanımın arxasınca o qədər danışanlar olur ki. Mən onu filmə dəvət edəndə dedilər ki, sənə çətin olacaq. Onunla işləmək mümkün olmaz, çətinlik yaradacaq. Afaq xanımın çəkiliş meydançasında olan dəqiqliyindən tutmuş improvizasiyalarına qədər bir sənətkarla işlədiyimizi göstərmiş oldu. Çəkiliş meydançasında olan kadrarxası bütün kadrlar bizdə qalır. Bu bir tarixdi. Bizdə filmə daxil olmayan kadrlar var ki, onlar bir tarixdi. Kino tarixində gələcəkdə istifadə oluna biləcək əyani dərslikdi. Aktrisa necə olmalıdır, bunu o kadrları izlərkən açıq şəkildə görmək olar. Əlavə bir operator məhz kadrarxası baş verənləri tam çəkirdi. Dedim, bütün bunları lentə alın. Bu, kino tariximizdi. Gələcək nəslin aktrisaları görər ki, belə sənətkarlar olub. Baxın, mən həmişə deyəndə ki, aktyor çəkiliş meydançasına vaxtında gəlməlidir, hamı məni qınayırdı. Deyirdilər ki, Tahir İmanov faşistdi, sizi güllələyər. Niyə güllələyirəm ki? Mən sadəcə məsuliyyətin tərəfdarıyam. Çəkiliş meydançasında hər kəs işinə məsuliyyətlə yanaşarsa, təqdim olunan ekran əsərinin keyfiyyəti olar. Çəkiliş zamanı gecikmə olmamalıdır. Onda filmin, verilişin mövcudluğu sual altında qalır. Rəhmətlik Anar Məmmədxanov həmişə deyirdi ki, bir aktyorun gecikməsi, məşqə gəlməməsi bütünlükdə yaradıcı heyətin işini dayandırır. Mən məsuliyyət tələb edəndə, deyirlər ki, Tahir İmanov çətin adamdı, onunla işləmək mümkün deyil. Afaq Bəşirqızı, Valeh Kərimov, Rəfael Dadaşov kimi böyük sənətkarlar mənimlə işləyə bildi, siz mənimlə işləyə bilmədiniz? Bunlar onu sübut edir ki, bizim arxamızca kim nə danışır danışsın, inanın, əksəriyyəti yalandı, böhtandı.
- Hesab edirsiz ki, "Bəxt üzüyü 2”-nin ərsəyə gəlməsi, ekran üzü görməsi bəzilərini narahat etmiş oldu? Bu və ya digər mənada bundan narahat olanlar oldu...
- Əminəm ki, narahat oldular. İnanın səmimiyyətimə. Bu qədər bayağılığın, bəsitliyin içində belə bir keyfiyyətli, maraqlı ekran əsərinin yaranması çoxlarını narahat edir. Bu bayağılıq təkcə filmlərdə deyil. Efirlərdə verilişlərimizin bayağı olması, qonaqların bayağı olması, mövzuların, müzakirələrin, söhbətlərin bayağı olması əslində narahatlıq üçün səbəbdir. Bu gün aparıcının diksiyasında, diktorun danışığında qüsur varsa, bu, ciddi problemdi. Diksiyası olmayan diktor, aparıcı xəbərləri oxuya bilmirsə, onu efirə çıxarmaq düzgündürmü? Bu bayağılığın, alaqların içində əsl güllərin, çiçəklərin açılmağı özü möcüzədir. Heç kim deməsin ki, tamaşaçının zövqü aşağıdır. Xeyr. "Bəxt üzüyü” onu sübut etdi ki, tamaşaçı səviyyəli, keyfiyyətli, əsl yumor, satira ilə dolu layihələri qəbul edə bilir, onu izləyir. Tamaşaçı keyfiyyətli ekran işinə laqeyd qalmır.
- Düşünürəm ki, Tahir İmanov bir yola çıxıbsa, bu kimi layihələrin davamı gələcək...
- Təbii ki, biz bu yola çıxmışıqsa, hədəfimiz böyükdü. Burda təkcə Tahir İmanovun adından söhbət getmir. Bu, böyük bir komandanın əməyidir. Mən tək heç kiməm. Mən dövlət başçısı tərəfindən fəxri adı alanda da qeyd etdim ki, bu ad, bu mükafat bütünlükdə KVN komandasına verilən dəyərdi. Təbii ki, dövlət başçımıza dərin təşəkkürümü bildirirəm ki, mənim yaradıcılığımı dəyərləndirdi. Bu, mənim üçün fəxrdi. Eyni zamanda mən hər zaman demişəm ki, bu adı tək qazana bilməzdim. Mən KVN-dəki qardaşlarımın adlarını bir-bir çəkdim. Bildirdim ki, bir gün onlar da fəxri adlara sahib olacaqlar. Məndən sonra Bəhram Bağırzadə, Cabir İmanov da fəxri ada layiq görüldü. Bunun davamı da olacaq, əminəm. 
O ki qaldı bu kimi layihələrin davamı olacaqmı? Təbii. Bir sirrimizi sizlərlə bölüşüm. Bu il avqust ayının 2-dən başlayaraq Rusiyanın bütün kinoteatrlarında Kalininqraddan tutmuş Vladivostoka qədər Azərbaycanı təbliğ, tərənnüm edən filmin nümayişi olacaq. Bizim mədəniyyətimizi, adət-ənənəmizi, mətbəximizi, Qobustan Milli Qoruğumuzu, Xəzərimizi təbliğ edən film Rusiyanın bütün kinoteatrlarında təqdim olunacaq. Çox maraqlı bir komediya janrında çəkilən filmdir. Bu bir tarixi faktdı. O müstəqil Azərbaycan dövründə ilk filmimizdir ki, prokata çıxaraq Rusiya kinoteatrlarında nümayiş olunacaq. Bu sirri ilk "Şərq”də açdıq. Onu da qeyd edim ki, Heydər Əliyev Fondu və Leyla xanım Əliyeva olmasaydı, bu film ərsəyə gələ bilməzdi. Leyla xanım bu filmin ərsəyə gəlməsində mənəvi rəhbərlik edib. Canını, ruhunu qoyub. Leyla xanım inanaraq bu filmi məhz mənə həvalə edib. Biz bu filmi Rusiyanın aparıcı prodakşnı olan "Sreda” kompaniyası və "Planet Parni iz Baku” ilə birgə yaratmışıq.
Tahirə Məmmədqızı