Dilçi alim AMEA-dan gileyləndi: "...Məsələni elmi formada həll etmir"







"Bir şəxsin iradəsinin əksini tapdığı, konkret tədqiqatlara söykənməyən lüğətin dərc edilməsi formal məsələdir”.

Bu barədə "Sherg.az”a Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi əsasında orfoqrafiya qaydalarına ediləcək dəyişikliklərdən danışarkən Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli bildirib. 

O qeyd edib ki, orfoqrafik, orfofonik lüğət hazırlamaq üçün mütləq tədqiqat aparılmalıdır:

"Tədqiqatçılar dil normalarını müəyyən etmək üçün qruplara bölünməli, xalqla iş aparmalıdırlar. Öyrənməlidirlər ki, insanlar bu və ya digər sözün yazılışını necə görmək istəyir? Avtoritar şəkildə bir mütəxəssisin fikrinə əsaslanıb, lüğət hazırlamaq, qəbul etmək düzgün deyil.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) lüğətçiliklə məşğul olan xüsusi şöbə var. Amma şöbə məsələni elmi formada həll etmir, müzakirəyə çıxarmır. Dünyanın heç bir yerində bu cür avtoritar lüğətlər dərc edilmir. Hazırlanan lüğətlər mütləq tədqiqatlara söykənir”.

Dilçi-alim hesab edir ki, indi qəbul edilən qaydalar bir neçə il sonra yenidən dəyişdiriləcək:

"Əksərən eyni sözlərin, eyni məsələlərin üzərində dəyişikliklər edilir. Qayda qoyulur, qərar qəbul olunur, bir neçə il sonra əvvəlki qaydanı bərpa edirlər, ya da yenə eyni məsələnin üzərində işlər aparırlar. Tədqiqatlara əsaslanmayan lüğətin yaşam müddəti qısa olacaq.

Lüğətin hazırlanması müəyyən prinsiplərə əsaslanmalıdır. Nəticədə lüğəti hazırlayan mütəxəssis sonradan müzakirə olunarkən dəyişiklikləri əsaslandıra bilir”.

Qeyd edək ki, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı olduğunu deyib.

Aysel Aslan