Dillər universitetində imtahanın gedişi izlənildi
İctimai nəzarət şurasının üzvləri sonda öz təkliflərini ali məktəb rəhbərliyinə çatdırıblar
Dünən Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən universitetin İctimaiyyətlə əlaqələr departamentinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişini izləmək üçün növbəti monitorinq keçirilib.
2015-2016-cı tədris ilinin yay-imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Əlavə təhsil fakültələrində aparılan monitorinqdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, "Konstitusiya araşdırmaları fondunun rəhbəri Əliməmməd Nuriyev, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Modern. az saytının rəhbəri Elşad Eyvazlı, İctimai Nəzarət Şurasının üzvləri, QHT nümayəndələri, jurnalistlər, təhsil ekspertləri və valideynlər iştirak ediblər. Onların iştirakı ilə bütün fakültələr üzrə imtahan yazı otaqlarına baxış keçirilib, təhsil ekspertləri və tələbələr imtahan prosesinin gedişi ilə əlaqədar öz fikirlərini media nümayəndələri ilə bölüşüblər. Monitorinq zamanı, həmçinin universitetdə sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün qoyulan müvafiq qutular da nümayəndələrin iştirakı ilə açılıb. İzləmə prosesindən sonra D.Yunusov başda olmaqla qonaqlar monitorinqin nəticələrini müzakirə etmək məqsədi ilə "dəyirmi masa” ətrafına toplaşıblar. Onları yenidən ADU-da görməkdən şad olduğunu bildirən D.Yunusov imtahan prosesinin müvafiq qaydalara uyğun təşkil edilməsi, tədrisin keyfiyyətinə nəzarət, fənlər üzrə imtahanların keçirilməsi və bu zaman obyektivliyin, qərəzsizliyin təmin olunması üçün lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, birgə fəaliyyətin obyektivliyin və şəffaflığın genişlənməsinə, yarana biləcək neqativ halların aradan qaldırılmasına kömək edəcəyini diqqətə çatdıraraq imtahan prosesinin gedişatına monitorinqin tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Ardınca çıxış edən təhsil eksperti, professor Şahlar Əsgərov qeyd edib ki, təhsildə dəyişiklik gedir: "İndiki ali məktəblər və tələbələr 20 il bundan qabaqkı ali məktəblər və tələbələr deyil. Hazırkı valideynlər 20 il bundan əvvəlki valideyn deyil. 20 il bundan öncə valideyn pul verib diplom ala bilərdi. İndi valideyn belə addım atmır. Deyir uşağıma bilik ver. 20 il bundan qabaq müəllim, tələbə münasibətlərində umacaqlar olurdu. Amma hazırda təhsildə böyük dəyişikliklər gedir. Bir insana 6 ay dərs deməklə cəmiyyəti düzəltmək olmaz. Mühiti dəyişmək lazımdır. Bu həm müəllimi, həm tələbəni dəyişir. Bizim ADU-da imtahanın gedişatını izləməyimiz dəyişən Azərbaycan təhsilinin uğurudur. Bircə sözü deyim ki, gənclərə qayğı göstərilməlidir. Universitetlər qapılarını geniş açmalıdır. Yəni qəbul imtahanları aradan qaldırılmalıdır. Gec-tez belə olacaq. Abituriyentlər qeydiyyatdan keçib oturmalıdır. Ona görə də istəyirəm ki, Azərbaycan gəncləri təhsilli olsunlar. Belə cəmiyyətdə yaşamağı arzu edirəm. Bu işdə Dillər Universitetinin rəhbərliyinə uğurlar arzulayıram”.
Digər təhsil eksperti Məlahət Mürşüdlü də universitet rəhbərliyinə müvəffəqiyyətlər arzulayıb: "Düşünürəm ki, ADU-da yaxşı bir ənənə formalaşıb. İmtahanlarla bağlı İctimai Nəzarət Şurasının (İNŞ) yaradılması, QHT rəhbərləri və KİV nümayəndələrinin burada olması universitetdə mövcud olan xırda problemlərin aradan qaldırılmasına təkan verəcək”.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, medianın ADU ilə çox yaxşı əlaqələri olub: "Bu təhsil müəssəsində dəfələrlə görüşlər keçirmişik. Elə bu zalda jurnalistika fakultəsinin tələbələri üçün ayrıca konfrans keçirmişəm. ADU-da bu ənənələr mövcuddur. İndi isə imtahanların gedişatına nəzarət məqsədilə İNŞ yaradılıb. QHT və media strukturları da burada təmsil olunur. Biz də media sisteminin iştirakçısı olaraq müntəzəm olaraq təhsildəki problemləri ictimailəşdiririk. Bir daha söyləyirəm ki, ali məktəblərdə yaradılan İNŞ imtahanların daha dolğun keçirilməsinə təkan verir. Bu ənənələri müsbət qiymətləndirirəm. Olduğumuz auditoriyalarda ixtisasımıza yaxın olan fakultələrdə tələbələrlə təmas qurduq. Tələbələrin bilik səviyyələri yüksək idi. Jurnalistika fakultəsinin tələbələrinə suallar verdik. Gördük ki, dərs keyfiyyəti yaxşıdır. Bu da təbii ki, ADU-nun təhsil ənənələrinə bağlı məsələdir. Media cəmiyyətə nəzarət funksiyasını həyata keçirir. Sağlam tənqid işin xeyrinə olur. Tənqid hansısa təmənnaya və ya marağa söykənirsə, bu, artıq sağlam tənqid deyil. O tənqidi yazan jurnalist isə sağlam media quruluşunun nümayəndəsi deyil. Deyim ki, belə xoşagəlməz elementlər juranalistika ilə yanaşı, təhsil sistemində, səhiyyəmizdə və digər sahələrdə də mövcuddur. Sonda bir daha uğurlar arzu edirəm”.
"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, ADU ictimaiyyət üçün açıq olan universitetdir: "Bunu alqışlayıram. Sizin özünüz maraqlısınız ki, ictimaiyyət nümayəndələri gəlib sessiyanı izləsinlər. Buna çox ciddi təşəbbüs göstərirsiniz. Burada yüksək şəraitin yaradıldığının şahidi oldum”.
V.Rəhizmadə maraqlı təklif də verib: "Arzu edərdim ki, tələbələr nəzəriyyə ilə yanaşı, təcrübə də keçsinlər. Əlbəttə, nəzəriyyəni bilmək yaxşıdır. Amma təcrübə ilə nəzəriyyə vəhdət təşkil edərsə, bu, daha savadlı mütəxəssislərin yetişdirilməsinə şərait yaradar. İstərdim ki, jurnalistika fakultələrində təhsil alan tələbələr təcrübəyə də üstünlük versinlər. Təcrübə olmasa, tələbə nəzəriyyəni yaxşı mənada tətbiq edə bilməz”.
Modern. az saytının rəhbəri E.Eyvazlı söyləyib ki, bütün görülən işlərin məqsədi odur iki, tələbələr fikirlərini açıq şəkildə ifadə etsinlər: "O da qəbulolunandır ki, iş olan yerdə neqativ hallar olur. 20-yə yaxın auditoriyada olduq. Tələbələrdən kəsirlərinin olub-olmadığını soruşduq. Hamısı "kəsirimiz yoxdu” dedi. Mənə elə gəlir ki, onlar fikirlərini ifadə etməkdən çəkinirlər. Fikirləşirəm ki, bu, yaxşı hal deyil. Onlar İNŞ-yə müraciət etməyiblər. Bu da yaxşı hal deyil. Düşünürəm ki, tələbələrimizin özlərini ifadəsi üçün imkan yaratmaq lazımdır”. Sonra çıxış edənlər şəffaflıq və obyektivlik əsas götürülərək imtahan prosesinin müvafiq qaydalara uyğun baş tutduğunu, monitorinqin uğurla həyata keçirildiyini və nəticələrdən razı qaldıqlarını qeyd etdilər. Onlar, eyni zamanda səsləndirilən bir sıra təkliflər haqqında fikir mübadiləsi apardılar.
Xatırladaq ki, 1 iyun 2016-cı il tarixindən Azərbaycan Dillər Universitetində yay-imtahan sessiyasına start verilib. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov 2015-2016-cı tədris ilinin yay-imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun
keçirilməsini təmin etmək məqsədi ilə əmr imzalayıb. Yay-imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda mail@adu.edu.az ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.
Qeyd edək ki, ADU-da imtahan yazı yoxlama otaqlarına nəzarət kameraları da quraşdırılıb.
Ayyət Əhməd