Dilqəm məktubu bu dəfə rusca yazıb: Erməni girovluğunda olan vətəndaşlarımızın ailəsi narahatdır

Kürdoğlu Əsgərov: “Yəqin, atam bununla nəyəsə işarə edir. Əminəm ki, burada bir sirr var”
Elşad Eyvazlı: “Biz bu məsələnin bir tərəfini gücə söykəməsək, problem həllini tapmayacaq”



Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub göndərib. Bu barədə mətbuata D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, atası məktubu Azərbaycan dilində deyil, rus dilində yazıb: "Atam bu dəfə məktubu rus dilində yazıb. Yəqin, atam bununla nəyəsə işarə edir. Əminəm ki, burada bir sirr var. Məktubda vəziyyətinin normal olduğunu qeyd edib.

Atam bu vaxta qədər heç vaxt rus dilində məktub yazmayıb. Bəlkə də onun məktubu sonradan dəyişdirilib”. K.Əsgərov vurğulayıb ki, atasının azadlığa buraxılması ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edilsə də, buna baxılmayıb: "Atamın geri qaytarılması ilə bağlı Avropa Məhkəməsinə müraciət etmişik, yazılı məktublar göndərmişik. Amma onlar tərəfindən heç bir addım atılmayıb. Biz nə edəcəyimizi bilmirik”. Onu da bildirək ki, sentyabrın 30-da D.Əsgərovun 54 yaşı tamam olub.

Məlumat üçün bildirək ki, 2014-cü il iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Əslən Kəlbəcərdən olan Modern.az saytının baş redaktoru Elşad Eyvazlı söyləyib ki, vətəndaşlarımız, insanlarımız öz ata-baba yurduna gedərkən girov götürülürlərsə, girov götürən tərəf onlarla istədikləri kimi rəftar edəcək. Bu, məsələnin bir tərəfidir. İkincisi odur ki, onlar girovluqdadırsa, qarşı tərəfin vətəndaşlarını girovluqdan azad etməyə imkanı, gücü çatmır: "Amma bu, o demək deyil ki, Azərbaycan cəmiyyəti və dövləti girovların taleyinə biganədir. Hətta mən bunun əksini düşünürəm və hesab edirəm ki, girovlarımıza olan münasibəti daha da yaxşılaşıb. Cəmiyyətin diqqətindən çıxmayıblar. İndiki şəraitdə, Ermənistanın destruktiv mövqe sərgilədiyi bir vaxtda onları azad etmək mümkün olmur. Belə olan halda isə girovların ailələrinin narahatlığı başadüşüləndir. Onların çəkdiyi dərdi, biz də çəkirik. Amma onlara biganə yanaşma məsələsindən qətiyyən söhbət gedə bilməz”.

Millət vəkili Elman Məmmədovun "girovlarımızı qaytarmaq üçün yüksək çinli erməni zabitlərindən bir neçəsini əsir götürüb onları dəyişdirməliyik” iddiasına diqqət çəkən müsahibimiz hesab edir ki, hətta deputatın dediklərindən bir az da qabağa getmək lazımdır: "Aprel hadisələrindən sonra Ermənistan cəmiyyətində ciddi təşviş yarandı. Hətta Azərbaycanın işğal olunmuş rayonlarında qanunsuz şəkildə məskunlaşdırılan Ermənistan erməniləri, Suriya, Livan və digər ölkələrdən gətirilən ermənilər oranı qoyub-qaçdılar və tamamilə boşaldı. Artıq ermənilərə bu cür vasitələrlə təzyiq göstərmək lazımdır. Düşünürəm ki, hətta ondan da qabağa getmək olar. Biz torpaqlarımızı azad etməliyik. Biz öz torpaqlarımıza getmək istəyirik. Məsələn, mən Kəlbəcərə getmək istəyirəm. Kəlbəcərdə bir yadelli varsa, mən onu girov da götürə bilərəm, hətta öldürə də bilərəm. Onun mənim ata-baba evimdə işi olmamalıdır. E.Məmmədovun təklifi bu mənada dəstəklənməlidir”.

Baş redaktorun fikrincə, bu gün beynəlxalq qanun və hüquqdan danışılsa da, dünyanı güc idarə edir: "Biz bu məsələnin bir tərəfini gücə söykəməsək, problem həllini tapmayacaq. Digər yandan elə dünyanın özü də güclə hesablaşır. Hesab edirəm ki, Azərbaycan dövləti və Prezidentinin tutduğu yol da bundan ibarətdir ki, problemi güclə həll etməliyik”.

Məsələyə beynəlxalq qurumların süstlük nümayiş etdirməsinə gəlincə, E.Eyvazlı diqqətə çatdırdı ki, burada iki işə xüsusi nəzər yetirmək lazımdır: "Burada erməni təbliğat maşını gizli şəkildə işləyir və girovlarımızı diversant kimi göstərməyə çalışır. Hətta bəzi müstəvilərdə buna nail ola bilirlər. Amma bu, Azərbaycan tərəfinin məsələ ətrafında işləməməsi anlamına gəlməli deyil. Avropa məhkəməsinin münasibətinə gəlincə, deyim ki, bu elə bir qurumdur ki, orada hər hansı bir prosedur 3-5 il davam edə bilər. Amma başqa məsələ ki, oxşar məsələ ilə bağlı Ermənistan müraciət etsə idi, əminəm ki, heç iki ay keçməmiş məsələyə münasibət bildiriləcəkdi. Yenə deyirəm ki, beynəlxalq hüquq, məhkəmə və qayda-qanun gücə bağlı məsələlərdir. Hətta güc kimin tərəfindədirsə, qanun, qayda da onun tərəfində durur. Bu mənada çalışmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək. Torpaqlarımız azad olunmasa, girovlarımızın başına hər cür oyun açacaqlar. Azərbaycanın işğaldakı ərazilərində istədiklərini edəcəklər. Gündə bir məktəb tikəcəklər. Yəni bütün məsələlərin həlli torpaqlarımızın işğaldan azad olunmasından keçir”.

Ayyət Əhməd