Bu imtahanların xeyri var, zərəri yoxdur
Dövlət İmtahan Mərkəzi dekabrın 14-15-də respublikanın 38 şəhər və rayonunda, dekabrın 20-si və 21-də isə Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.
DİM-dən verilən məlumata görə, regionlarda keçiriləcək monitorinq imtahanlarında 230 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 8554, rus dili fənni üzrə 339, riyaziyyat fənni üzrə isə 8546 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.
Azərbaycan (rus) dili fənni üzrə imtahan 14 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 2 saat davam edəcək, ilk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır.
Riyaziyyat fənni üzrə imtahan 15 dekabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.
Qeyd edilir ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.
Lakin valideynlər bəzən tədris ili ərzində bir neçə imtahan keçirilməsindən narazılıq edir, bunun şagirdlərə mənfi təsir göstərdiyini, əlavə həyəcan və vaxt itkisi olduğunu deyirlər. "Yenə imtahan?!” deyə narazılıq edən valideynlər fikirlərini belə izah edir ki, orta məktəblərdə onsuz da kiçik və böyük summativ qiymətləndirmə aparılır. Monitorinq imtahanları şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmirsə, yəni bu imtahanların nəticələri şagirdlərin qiymətləndirilməsində heç bir rol oynamırsa, o zaman nəyə lazımdır? Məgər fənn müəllimləri sinifdəki şagirdlərin tədris proqramını necə mənimsədiyini bilmir? Gərək mütləq "imtahan” adında bir şey olsun?
Təhsil eksperti Nabatəli Qulamoğlu isə monitorinq imtahanlarının keçirilməsində heç bir sıxıntı görmədiyini dedi. "Şərq”ə açıqlamasında mütəxəssis bildirdi ki, monitorinq imtahanlarının keçirilməsi yenilik deyil:
- Monitorinq imtahanları əvvəllər də olub. Yəni, bu, ilk deyil. Valideynlər də, şagirdlər də belə imtahanların keçirilməsinə alışıqlı olmalıdırlar. Burada məqsəd təhsilin gedişini yoxlamaqdır. Məncə, monitorinq imtahanlarının heç bir mənfi təsiri yoxdur. Şagird hazırlıqlıdırsa, imtahandan qorxmayacaq, çəkinməyəcək. Adətən hazırlıqsız şagirdlər imtahanları xoşlamır. Fikrimcə, bu imtahanların xeyri var, zərəri yoxdur.
Məlahət Rzayeva