“Dinini dəyişənlər qətiyyətlə rədd edilir”

Seyid Camal Əzimbəyli azərbaycanlının katolik din xadimi seçilməsini bəyənməyib


Roma Papası Fransisk azərbaycanlı gömrük zabitini keşiş təyin edib. Bu barədə Vatikanın "Katolik xəbərlər agentliyi” məlumat yayıb. Məlumata görə, Roma Papası yeni təyin edilən keşişləri "hər şeydə İsaya oxşamağa, ikiüzlülükdən çəkinməyə və insanlara İsa kimi sevgi və rəğbətlə xidmət etməyə çağırıb”.

Nəşr qeyd edir ki, təyin edilən keşişlər əslən İtaliya, Meksika, Peru və Azərbaycandandırlar. Hələ bir neçə gün əvvəl Roma Papası Fransiskin mayın 7-də Sankt-Peterburqdakı "Məryəm-Həvarilərin Məlikəsi” seminariyasının məzunu Behbud Mustafayevin başqa seminariya tələbələrinin arasında keşiş təyin edəcəyi barədə xəbər yayılmışdı. Behbud pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apastol səfərində olarkən ona dyakon kimi qulluq edib.

Qeyd edək ki, B.Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib. O, Roma-Katolik kilsəsi tarixində din xadimi olan ilk azərbaycanlıdır.
Soydaşımızın katolik din xadimi seçilməsinə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, dinin gətirdiyi qaydalar içərisində və "Qurani-Kərim”də birmənalı olaraq dinini dəyişənlər qətiyyətlə rədd edilir:
"Düzdü, bizim dini kimliyimizlə bərabər milli kimliyimiz də var. Dünyəvi ölkədə yaşayırıq, amma inanc baxımından və "Qurani-Kərim”in mahiyyətinə, Allahın bizlərə buyurduqlarına söykənərək bir inanc adamı kimi deyə bilərəm ki, bu hadisəni təqdir etmirəm. Olanları məqbul saymıram və bu mənim açıq fikrimdir. Lakin həmin şəxs Azərbaycanda böyümüş və yaşamış bir vətəndaş olaraq əgər Azərbaycanın milli və dövlət maraqlarını öz missiyası olaraq seçibsə və fəaliyyətində biz bunun qabarıq nəticələrini görə biləcəyiksə, təbii ki, buna normal yanaşa bilərəm”.

Yeganə Bayramova