Doğum günün mübarək, gözəl xanım!

Bu gün Milli Məclisin ən fəal millət vəkillərindən olan Qənirə Paşayevanın doğum günüdür. "Qadın böyük qüvvədir” - deyirlər. Tarixən də, elə indi də kişi kimi mərd, cəsur qadınlara rast gəlmək olur. Elə qadınlar var ki, bacarığıyla dünyanı dəyişib, sübut edib ki, qəhrəmanlıq təkcə kişilərə məxsus olmur. Onlar zərif cinsin nümayəndələri sayılsa da, bəzən üzərilərinə düşəndən də artıq "yükü qaldırırlar”.
Biz bu gün Azərbaycan cəmiyyətində yüksək rolu olan millət vəkili Qənirə Paşayevanın simasında da məhz əsl Azərbaycan qadınını görə bilirik.
Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitib.
1998-ci ildən ANS-in "Xəbərlər xidməti"ndə bir sıra vəzifələrdə çalışdıqdan sonra redaksiyanın baş redaktor müavini vəzifəsini daşıyan Qənirə xanım 2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb.
Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Demək olar, 20 ildir ki, Qənirə Paşayevanın fəaliyyəti Azərbaycan xalqının gözü önündədir. Millət vəkili seçiləndən sonra Qənirə Paşayevanın ictimai-siyasi fəaliyyəti eyni tempdə davam edən xanım deputat xeyriyyəçilik fəaliyyəti ilə də tanınan simalardandır. Darda olan, yardıma möhtac qalan insanlara əl uzadan Qənirə xanım uzun illərdir bu missiyasının öhdəsindən layiqncə gələ bilib.
Qarabağ poroblemi ilə bağlı usanmadan gördüyü təqdirəlayiq işlər həm qonşu ölkələrdə, həm də Azərbaycanda xüsusi rəğbətlə qarşılanır. Q. Paşayeva qardaş Türkiyəni vilayət-vilayət, rayon-rayon, qəsəbə-qəsəbə dolaşaraq, Azərbaycanla bağlı dərnəklərin yaradılmasını, parklar salınmasını və küçə adları verilməsini təşkil etməsi də hər kəsə bəllidir. O, müsafir olduğu bütün ölkələrdə, eləcə də ölkəmizdə qonaq olan əcnəbilərlə Qarabağdan, Xocalı faciəsindən, Azərbaycan həqiqətlərindən danışmağı özünün peşə və vətən qarşısında borcu sayır.
Bütün siyasi, ictimai fəaliyyəti ilə bərabər həm də yaradıcılıqla məşğul olan Qənirə Paşayeva "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən", "Qarabağ hekayələri" və s. Kitabların və onlarla məqalənin müəllifidir.
Doğum gününü qeyd edən Qənirə Paşayevanı "Şərq” qəzetinin kollektivi təbrik edir, Azərbaycan üçün böyük xidmətləri olan ictimai xadiminə, xeyriyyəçi vətəndaşına, fəal millət vəkilinə uzun, sağlıqlı, gözəl ömür arzulayırıq.