""Doing Business" hesabatı Azərbaycan üçün olduqca müsbət nəticədir"- Ekspert

Azərbaycan Dünya Bankının "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Ölkəmiz "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hesabatda vurğulanır ki, Azərbaycan iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə yaxşılaşan ölkələr sırasına daxil olub. Bundan başqa sənəddə qeyd olunur ki, Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib:
"Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir. Azərbaycan tikinti icazəsinin verilməsi üçün "bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib”.
Həmçinin hesabatda diqqətə çatdırılır ki, Azərbaycanda "ASAN Kommunal” mərkəzləri sayəsində elektrik şəbəkələrinə qoşulma prosesi asanlaşdırılıb. Qeyd edək ki, "Doing Business-2018" reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.
"Doing Business" Azərbaycanla bağlı reytinqini müsbət dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimli "Sherg.az"a açıqlamasında qeyd edib ki, bu göstəricilər ölkəmizdə son dövrdə həyata keçirilən islahatlarla bağlıdır: 
"Nəzərə alsaq ki, bir müddət öncə az da olsa, iqtisadi tənəzzül yaşadıq, ancaq hazırkı göstəricilər deməyə əsas verir ki, tənəzzül bir qayda olaraq dayandırılıb. Və artıq 2016, 2017 və 2018-ci illər nisbətində ardıcıl olaraq iqtisadiyyatımızda yüksək dinamika isbat olunur. Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Kənd təsərrüfatı, turizm və başqa təbii sahələrin inkişafı istiqamətində nəzərəçarpan işlər görülür. 
Qeyri-neft sektorunun inkişafına maliyyə yatırımları edilir. Qeyri- neft sektorunun inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, bütün sahələrdə intellektual kadrların hazırlanması yönündə ciddi islahatlara atart verilib və bu islahatlar bu gün də davam edir. Azərbaycan bir sıra beynəlxalq və irihəcmli layihələrə qoşulub. Hətta həmin layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycana investisiya yatıran xarici ölkə və təşkilatların sayı günbəgün artmaqdadır. 
Bu da Azərbaycandakı iqtisadi, siyasi və sosial sabitliklə izah olunur. Bütün bunlar isə ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasətinin məntiqi nəticəsidir. 
"Doing Business" reytinq agentliyi də məhz bu inkişafı, bu islahatları görür və ona görə də Azərbaycanı islahatçı ölkə kimi dəyərləndirir. Eyni zamanda Azərbaycanı iqtisadi inkişafına görə, 190 ölkə içərisində 25 -ci yerdə göstərir. Azərbaycan kimi gənc ölkə üçün bu nəticələr olduqca müsbət nəticədir".
Ayyət Əhməd