Dolların satışının qəsdən dayandırılması xəbəri doğru deyil

“Banklar əllərində olan dolları, ilk növbədə korporativ müştərilərə satmağa maraqlıdırlar”



Avqustun 30-u günün ikinci yarısından Azərbaycanın bir sıra kommersiya bankları xarici valyuta satışını dayandırıb. Hazırda 15-ə yaxın bank valyuta satmır. Dollar satışını dayandıran banklar bunun səbəbini izah etməsə də, bu qərarın bank daxilində qəbul edildiyini bəyan ediblər. Qeyd edək ki, dünən 29 kommersiya bankı hərracda ölkənin Neft Fondunun çıxardığı 50 mln. dolları alıb.

Qeyri-rəsmi məlumatlara görə, satış tələbatı dəfələrlə yüksək olub. Bankların konkret səbəb göstərmədən dollar satışını dayandırması cəmiyyətdə üçüncü dəfə kəskin devalvasiya olacağı ilə bağlı ajiotajın yaranmasına rəvac verib. Belə ki, əksər vətəndaşlar bankların dollar satışını qəsdən dayandırması iddiası ilə çıxış ediblər.

İqtisadçı-ekspert Azər Mehdiyev isə bankların dollar satışını qəsdən dayandırması ilə bağlı iddiaların ağlabatan olmadığını deyib. "Yayılan məlumatlardan görünür ki, bankların dollara olan tələbatı artıb. Belə olan halda korporativ müştərilər böyük həcmdə dollar tələb edirlər. Çünki onların xarici ticarət əməliyyatlarını həyata keçirmək üçün böyük həcmdə dollara ehtiyacı olur. Belə bir şəraitdə təbii ki, banklar əllərində olan dolları, ilk növbədə korporativ müştərilərə satmağa maraqlıdırlar. Bu, dollar qıtlığı ilə bağlı olan məsələdir. Banklar özlərinin gəlirlərini nəzərə alaraq bu işi həyata keçirməkdə maraqlı görünürlər”. Ölkəyə xarici valyutanın neft və qaz satışından gəldiyini vurğulayan ekspert deyib ki, dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir şəraitdə ölkədə neft hasilatının aşağı düşməsi bütün hallarda dollar tələbini ödəməyə imkan vermir: "Nəzərə alsaq ki, Bakı Neftayırma zavodu təmirə dayanıb. Qarşıda duran iki ayda neft məhsulları da xaricdən ölkəyə dollarla alınıb gətirilməlidir. Bu da dollara tələbatın artmasına gətirib çıxarır. Dövlət Neft Fondunun və Mərkəzi Bankın tərəfindən hərraclara çıxarılan dollar təklifi isə məhduddur. Belə bir şəraitdə də bazarda dollar qıtlığı yaranıb”.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov isə "Şərq”ə açıqlamasında deyib ki, bəzi banklar tərəfindən dolların satışının dayandırılmasının əsas səbəbinin həmin banklarda xarici valyuta çatışmazlığı ilə izah edilsə də, bir başqa səbəb, cəmiyyətdə əsasən mətbuat vasitəsilə yaradılan ajiotajdır: "Mövcud durum və gözləntilər əsas verir deyək ki, manatın kəskin devalvasiyası real görünmür. Ancaq bütün dünyada gedən iqtisadi tənəzzülün bizdən də yan keçmədiyi bir dönəmdə, manatın məzənnəsində bəzi yumşalmaların baş verməsi mümkündür. Buna təbii bir hal kimi baxmaq lazımdır. Neftin qiymətlərində baş verən kəskin ucuzlaşmalardan sonra ölkəyə daxil olan valyutanın həcminin əsaslı şəkildə azalması, tədiyyə balansımızdakı müsbət saldonun mənfi saldoya çevrilməsinə gətirib çıxardı. İndi qarşıda duran əsas vəzifə iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməklə, bu sektordan ixracın həcminin artırılmasına nail olmaqdır. Bu hesaba daxil olacaq valyuta gəlirləri ölkənin tədiyyə balansındakı kəsrin aradan qaldırılmasını təmin edə biləcəkdir”. Artıq bir ilə yaxındır ki, hökumət tərəfindən iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin edə biləcək çox ciddi addımların atıldığını vurğulayan F.Yusifovun sözlərinə görə, oktyabr ayında isə ölkə iqtisadiyyatının yaxın, orta və uzaq perspektiv üçün yol xəritəsi ortaya qoyulacaqdır: "Bu sənəd yeni iqtisadi modelin əsaslarını özündə əks etdirəcəkdir. Hesab edirəm ki, yaxın bir perspektivdə biz bütün bu çətinlikləri arxada qoya biləcəyik”.

Şəymən