Dövlət qaçqın və məcburi köçkünlərimizə hər zaman dayaq olub





Bu günə qədər 290 minədək qaçqın və məcburi köçkünlərimizin mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Ötən il dövlət tərəfindən 12 min, bu il isə 20 min köçkün (5800 ailə) yeni mənzillə təmin edilib.

Bütün bunlar ölkə başçısı İlham Əliyevin sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza humanist yanaşmasından xəbər verir. Təsadüfi deyil ki, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllində neqativ halların aradan qaldırılması istiqamətində addımlar atılır, mühüm layihələr həyata keçirilir.

İqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə açıqlamasında deyib ki, prezident tərəfindən xeyli sayda regional layihələr həyata keçirilib. Həmin layihələrdən biri də məcburi köçkünlərimizin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır.

Ekspert bildirib ki, dövlət qaçqın və məcburi köçkünlərimizə hər zaman dayaq olub: "Hazırda 1 milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşayır. Şübhəsiz ki, bu durumu müsbət şəkildə bərpa edəcəyik. İqtisadi cəhətdən dövlətimizin inkişafı olmasaydı, karbohidrogen ehtiyatlarımız, yəni neftimiz iqtisadi dövriyyəyə cəlb edilməsəydi, qaçqınlarımızın mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işləri görmək çətin olardı. 1993-cü ildən başlayaraq, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra dövlət quruculuğunu nəzərə alaraq ardıcıl şəkildə neft ehtiyatlarımızı iqtisadi dövriyyəyə cəlb etdi.

Sonra isə davamçı olaraq cənab prezident İlham Əliyev tərəfindən böyük layihələr həyata keçirildi. İqtisadi qüdrətimiz olduğu halda prezidentin ilk siyasəti məcburi köçkünlərimiz üçün normal həyat şəraitinin yaradılması idi. Çünki məlum səbəblərdən və səhnəarxası siyasi məqamlardan asılı olaraq torpaqlarımızı azad edə bilmirik. Bizə təsir göstərirlər ki, məsələni sülh yolu ilə həll edək və bu proses uzanır.

Uzandıqca isə insan ömrü gedir. Ölkə başçısı imkan verməz ki, məcburi köçkünlərimiz tamamilə dözülməz şəraitdə yaşasınlar. İmkan daxilində qaçqınlar üçün şəraitlər yaradılır. Bütün bunlar hər kəs tərəfindən yüksək dəyərləndirilməlidir. Dövlətin ilk növbədə borcu odur ki, vətəndaşlarına yaxşı şərait yaratsın. Bu nöqteyi-nəzərdən prezidentimizin gördüyü işlər heç bir ölçü vahidi ilə ölçülmür və müsbət qiymətləndirilir”.

Qaçqın və məcburi köçkünlərimizə böyük diqqət göstərdiyini deyən millət vəkili Araz Əlizadə bildirib ki, məcburi köçkünlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən bütün işlər yüksək qiymətləndirilməlidir: "Ümumiyyətlə, ölkəmizdəki bütün nəcib işləri cənab Prezident həyata keçirir. Ölkə başçısı sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza qarşı hər zaman diqqətli olub”.

Yeganə Bayramova