"Dövlətçiliyə ziyan vuran informasiya resursları ifşa olunmalı və cəzalandırılmalıdırlar"






"Bir sıra internet portalları, informasiya saytları Gəncə hadisələri zamanı Azərbaycanın dövlətçiliyinə, ictimai sabitliyə qarşı qərəzli və düşməncəsinə mövqe nümayiş etdirdi”.

Bunu "Sherg.az”a Gəncə və Mingəçevir hadisələri zamanı təxribat xarakterli çağırışlar edən saytlar və sosial mediadakı səhifələrə qarşı mübarizədən danışarkən "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O qeyd edib ki, bu cür qanunsuz əməllərlə məşğul olan saytların etdiyi çağırışlarda, yayımladığı təhlillərdə Azərbaycan qanunvericiliyinə uyğun gəlməyən, bəşəri-humanitar prinsiplərlə səsləşməyən ittihamlar yer alıb:

"Həmin saytlarda və bəzi digər internet resurslarında Azərbaycan dövlətçiliyinə ziyan vuran çağırışlara qanunvericilik çərçivəsində hüquqi qiymət verilməlidir. Burada dini, milli və sosial ədavətin qızışdırılmasına, vətəndaşlar arasında həmrəyliyin pozulmasına, konstitusiya quruluşunun zorla devrilməsinə çağırış varsa, bu, birbaşa cinayət əməlləridir. Bu cür qanunsuz əməllərə hüquqi çərçivədə qiymət verilməlidir.

Dövlətimizin imkanları hesabına təxribatçı internet resurslarınınm maliyyələşmə mənbələri araşdırılmalıdır. Heç şübhə yoxdur ki, bunlar əsasən xaricdən bəlli məqsədlərlə maliyyələşirlər və ölkə daxilində dəstək aldıqları qüvvələr var. Ən azı informasiya və maliyyə formasında onlara dəstək verilir. Bütün bunlar mütləq ifşa olunmalı, cəzalandırılmalıdır.

Həmin portalların cəmiyyətə vurduğu ziyanların zərərsizləşdirilməsi üçün media olaraq, üzərimizə böyük məsuliyyət düşür. Peşəkar və dövlətin, dövlətçiliyin yanında dayanan media üzərinə düşən vəzifəni demək olar, şərəflə yerinə yetirdi. Bundan sonra da biz fəaliyyətimizi davam etdirəcəyik”.

Qeyd edək ki, iyulun 3-də Mingəçevir İES-də baş verən qəza və iyulun 10-u Gəncədə törədilən iğtişaşlar zamanı "nuraz.com", "abna.com", "aran.news", "qafqaz.ir", "rasthaber.com", "ru-clip.ru" kimi saytlar həqiqətə uyğun olmayan, milli maraq və təhlükəsizliyə zidd, cəmiyyətdə xaotik əhval-ruhiyyə yaradan təxribat xarakterli dezinformasiyalar tirajlayıblar.

Aysel Aslan