“Dram Teatrda hamı faşist ola bilməz”
Ramiz Novruzov: “Deyilənlərin əksəriyyəti ədalətsiz ittihamlardı. Aktyorun nə işinə qalıb ki, bufetdə bir “lampıçka” yanmır?”
Teatr ciddi mədəniyyət ocağıdır. İnsanlar teatra gələrkən ordan təəssürat aparmağa çalışırlar. Teatrı digər mədəniyyət sahələrindən fərqləndirən bir özəlliyi də ondadır ki, kinodan fərqli olaraq teatr tamaşaçı ilə canlı ünsiyyət yaradan mədəniyyət məbədidir.
Məbəd deyərkən, birdən tərəddüd hissi keçirdim. Səbəb? Səbəb bu gün məbəd sayılan teatr məkanı barədə yazılanlar, dilə gətirilənlərdir. Əgər bu gün ölkənin aparıcı, Akademik Milli Dram Teatrı barədə müxtəlif xoşagəlməz fikirlər, tənqidlər səslənirsə, onda teatra məbəd demək düzgün sayılarmı? Hər halda teatra ciddi sənət ocağı kimi baxmaq lazımdı. Çünki teatr həqiqətən fərqli bir mədəniyyət məkanıdır.
Son dönəmlər Akademik Milli Dram Teatrı barədə o qədər danışılıb, yazılır ki, bəzən kimin haqlı olduğunu müəyyən etmək çətin olur. Əslində hərənin öz həqiqəti var.
Uzun müddətdir teatrı baltalamaq istəyənlər yetərincədir. Haqlıdılar, ya yox, bunu biz deyə bilmərik. Amma Akademik Milli Dram Teatrının da bu ittihamlara cavabı olmamış deyil.
Elə ona görə də "Şərq”in budəfəki qonağı Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzov oldu.
- Dram Teatrı barədə olan söz-söhbətlər sizi narahat edir yəqin...
- İlk növbədə onu qeyd edim ki, mən Yuğ Teatrının rejissorunun belə bir fikir səsləndirməsinə inana bilmirəm. İnanmıram məhz belə deyib.
- Siz bununla mətbuatı günahlandırmış olduz?
- Qətiyyən. Sadəcə, məhz o şəkildə dediyinə inana bilmirəm. Arxayın deyiləm ki, belə deyib. Bir tamaşada o insanla bir yerdə çalışmışıq. Onun belə düşüncəyə sahib olduğuna inana bilmirəm. "Azdrama”nın aktyorları barədə heç kimin belə bir fikir səsləndirməyə haqqı yoxdu. Akademik Dram Teatrının ən zəif aktyoru belə ciddi aktyor bacarığına sahibdi, yaxşı obrazlar yarada bilər. Mən bu fikirlə razı deyiləm. Mən o insanı yaxşı tanıdığım üçün deyirəm ki, ola bilər, fikrini düzgün ifadə edə bilməyib. Bizim işimiz göz qabağındadır. "Azdrama”ya gələnlər olub ki, Akademik Dram Teatrının aktyorlarının gücünü görüb, dözə bilməyib özləri işdən gediblər. Biz adamyeyən deyilik. "Azdrama” monstr da deyil ki, kimisə yesin. Amma bizim teatrın güclü insanları var. Bütünlükdə nə Akademik Dram Teatrı, nə də Yuğ Teatrı pis ola bilməz. Yuğ Teatrının rejissoru da belə deyə bilməzdi. Bizim teatrın aktyorları da nədənsə, bu dəfə daha sərt açıqlamalar verdilər.
- Bəli, Rəfael Dadaşov da sərt cavab ünvanladı. Hətta təxmini söylədi ki, Akademik Dram Teatrının aktyorları sənət nöqteyi-nəzərindən digər teatrların aktyorlarını əzib keçə bilərlər.
- Yox. Bu fikirlə razılaşmıram. Rəfael də əsəbindən belə deyib. Heç bir yaşlı nəslin nümayəndəsi gənc nəsli tapdayıb keçə bilməz. Rəfael də, mən də zamanında gənc olmuşuq. Bizi də tapdalayıb keçən olmayıb. Əksinə, Akademik Milli Dram Teatrında yaşlı nəsil gənc nəslin əlindən tutub onlara dəstək olmağa çalışır. Akademik Dram Teatrında hamı faşist ola bilməz axı. İnsafla danışaq da. İki ildi Dram Teatrını tənqid edirlər, iki ildi biz susuruq. Onlar danışır. Amma səbr deyilən bir şey var. Yetmədimi? Ayıbdı axı. Nə oldu, bizdə yaxşı heç nə yoxdu.
- Axı teatrın keçmiş aktyorları da nədənsə, teatrın direktorundan narazılıq edirlər. Orada baş verənlər barədə açıqlamalar da məhz onların sahəsində ictimailəşib.
- Bilirsiz, heç kim özündə qüsur görmür. İşdən çıxan başlayıb böhtan atmağa. Mən o qədər yaradıcılıq işləri ilə məşğulam ki, dedi-qoduya vaxt tapmıram. Bütün yazılara cavab verəsi olsaq, gərək səhnəyə çıxmayaq, elə ancaq mətbuatda qarşı tərəfə cavab verək.
- Yəni bütün bu tənqidlər bekarçılıqdandı?
- İki ildi yazmağa başlayıblar da. Teatrdaxili məsələlərdə texniki işlə yaradıcı işi qarışdırırlar. Yəni deyilənlərin əksəriyyəti ədalətsiz ittihamlardı. Aktyorun nə işinə qalıb ki, bufetdə bir "lampıçka” yanmır?
- Əgər teatr sizin ailəniz sayılırsa, demək ki, orada olan məişət problemləri də hər birinizə aiddir? Elə deyil?
- Bəli, elədi. Həqiqətən teatr bizim ailəmiz, evimizdi. Amma evdə də otağın bir "lampıçka”sı yanıbsa, xarab olubsa, onu qonşuya deyib özünü biabır etmirsən ki? Teatrın uğurlarından niyə danışmırıq? Niyə teatrda olan maraqlı tamaşalardan danışmırlar? Niyə yazmırlar teatrın 1998-ci ildən 48 min borcu var. Mən bunu yaxın müddətdə bilmişəm. Bu borcun bir hissəsi verilib. Yəni yaxşı heç nə yoxdu. Teatr indiyə qədər görmədiyi qastrol səfərlərini bu iki ildə həyata keçirib. Bunları da deyin də. Ancaq qara danışmayın, qara görməyin də. Yazırlar Bəsti Cəfərova talantsız aktyordu. Məgər Bəsti Cəfərova talantsız aktyordu? Bunu dilə gətirmək nə qədər cahillik, mədəniyyətsizlikdi? Mən yazılanların 90 faizini oxumuram.
- Səmimi cavab istəyirəm sizdən. Teatrın direktorunun fəaliyyətindən razısız, ya yox?
- Düzünü deyəcəm. Əvvəllər bəzi teatr rəhbərlərinin naşılığından, onların qeyri-peşəkar açıqlamalarından utanırdım. Amma İsrafil İsrafilov teatrı bilən, teatra can yandıran insandı. Ən vacibi dürüstdür. Azərbaycanda elə bir aktyor tapa bilməzsiz ki, teatra müraciət etsin, ona şans verilməsin. Ya da elə bir rejissor yoxdu ki, İsrafil İsrafilova müraciət etsin, ondan "yox” cavabı alsın. Bu insan yenilik axtaran, teatra can yandıran insandı. Hamıya da şans verir. Bacarığı olan da çalışır, bəhrəsini də görür. Akademik Milli Dram Teatrında çalışmaq da hər bir aktyorun arzusudur. Bu gün Dram Teatrına qısqanclıq yaranıb. Zəiflər də, özlərini teatrda tapa bilməyənlər də təbii ki, gileylik edirlər. Tikinti olan yerdə toz da olur. Teatrda da yeniliklər oldu, bu gün teatrın uğurlarını həzm edə bilmirlər. Zəif tamaşalarımız da olub. Etiraf edirik. Amma yaxşı tamaşalarımız qat-qat çoxdu axı.
- Nə vaxtsa teatrın direktoruna iradınız olubmu? Necə qarşılayıb tənqidi?
- Olub. Niyə olmayıb ki? Haqlı irad olanda qəbul da edib, o problemi həll də edib. Yox əgər qəbul etməyibsə, onu əsaslandırıb ki, bax, bu məqamlar var.
- Yəni bütün bu tənqidlər əsassızdı?
- Bütün bunlar teatrın direktoruna qarşı müəyyən insanların qurduğu qara piardı. Bu tənqidlər absurddu. Teatr aləmindən xəbəri olanlar bilir ki, bütün bu tənqidlərin 90 faizi əsassızdı. Bəzi insanlar İsrafil İsrafilova qarşı müharibəyə keçiblər. Elə yazan da, danışan da onlardı. Teatrda hamı pis ola bilməz. Teatrda bütün işlərə kölgə salmaq haqsızlıq olar. Biz də bu teatrda çalışırıq. Bizi niyə öldürmürlər? Bizi niyə qaralamırlar? Tamaşa da hazırlamışıq, rol da almışıq. Bir az insafla danışmaq lazımdı. Biz ölkənin aparıcı teatr məkanıyıq. Bu qədər çamurdan, çirkabdan doymadılar. Biz yorulduq, onlar yorulmadılar.
Tahirə Məmmədqızı