"Dillə bağlı məhdudiyyətlərin aradan qaldırılması milli məhsullarımızın tanıtım imkanlarını genişləndirəcək"
Azərbaycanda xarici dildə verilən reklamlarla bağlı ciddi narahatlıq üçün əsas görmürəm.
Bu sözləri Sherg.az-a Azərbaycanda xarici dildə reklamların verilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklikdən danışarkən Filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli söyləyib.
Onun sözlərinə görə, hər bir reklam konkret hədəf kütləyə hesablanır:
" Əgər reklam edilən məhsulun, xidmətin hədəf kütləsində başqa dil daşıyıcıları da varsa, müştəri cəlbi üçün o dillərdən istifadə edilə bilər. Bu, reklam və marketinqin qanunudur. Azərbaycanın yerli reklam auditoriyasında belə müştəri qrupunun payı Azərbaycandilli auditoriya ilə müqayisədə o qədər cüzidir ki, bu əlavənin yerli dil mühitində ana dilimizin inkişafı üçün hər hansı təhdid doğuracağını düşünməyə belə dəyməz. Üstəlik, layihədə nəzərdə tutulur ki, xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Layihədə təsbit edilmiş bu məqam dövlət dilimizin mövqeyinin qorunmasına xidmət edir".
Dəyişikliklər layihəsinin səmərəliliyinə toxunan Y. Cəfərli diqqətə çatdırıb ki, onun faydası kifayət qədərdir:
" Bu, ilk növbədə Azərbaycanın milli məhsul və xidmətlərinin qlobal məkanda reklamına şərait yaradır. İki il əvvəl Dubaydakı bir kafedə Azərbaycanda istehsal olunmuş kompotları gördüm və bu təsadüfə çox sevindim. Reklamlarda dillə bağlı məhdudiyyətlərin aradan qaldırılması milli məhsullarımızın müxtəlif reklam daşıyıcılarının köməyi ilə əcnəbilər arasında tanıtımı imkanlarını genişləndirəcək. Bundan başqa, məsələn, bu il xüsusilə ərəb turistlərinin ölkəmizə güclü axınını müşahidə etdik. İndi şəhərin mərkəzindəki bəzi restoranların öz qapıları qarşısında yemək menyülərini həm də ərəb dilində yazdıqlarını görürəm. Bu, biznesin qanunauyğunluğudur, biznes yaranmış yeni imkanlara anında reaksiya verir. Eyni zamanda, müştərini cəlb etməkdən ötrü onunla öz dilində danışmağa can atır. Qardaş Türkiyədə də insanların dövlət dilindən istifadə məsələsində nə qədər həssas olduqları heç kimə sirr deyil. Amma turizm bölgələrindəki əksər reklamların, əsasən, bura gələn xarici turistlərin dilində yazıldığını görərsən. Bu, normal bir haldır”.
Bakıdakı bir çox mağaza və digər iaşə obyekti adlarının xarici dillərdə olmasına gəlincə, Y.Cəfərli qeyd etdi ki, yaradılan hər bir markanın hədəfi təkcə yerli bazarla məhdudlaşmayıb xarici bazarlara da çıxmaqdır:
" Ona görə də bir çox sahibkarlar marka adı seçərkən xarici adlara üstünlük verirlər. Bundan başqa, bir çox ticarət və xidmət mərkəzləri xarici markaların yerli nümayəndəliyi kimi fəaliyyət göstərdiyindən onların beynəlxalq miqyasda tanınmış əmtəə nişanından istifadə etmələri təbiidir. Bu, müəyyən qədər də müasirlik, inkişaf ovqatı yaradır. Üstəlik insanlarımızın xarici dilləri mənimsəməsinə kömək göstərir".
Müsahibimizin qənaətincə, son illər sırf Azərbaycan dilindəki sözlərdən də kifayət qədər uğurlu marka adları yaradılmaqdadır:
" Qeyri-neft sektoru inkişaf etdikcə, milli məhsullarımız yaranıb xarici bazarlara çıxdıqca bu tendensiya, yəqin ki, daha da güclənəcək. Bu zaman isə diqqət etmək lazımdır ki, marka adında sırf Azərbaycan dilinə xas hərflərdən istifadə olunmasın. Eyni zamanda söz başqa dillərdə pis məzmun kəsb etməsin".
Qeyd edək ki,Azərbaycanda reklam qurğularında və materiallarında dövlət dilindən başqa digər dillərdən də istifadəyə icazə verilir, bununla bağlı şərtlər müəyyənləşdirilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna 7.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Ayyət Əhməd