Elxan Şahinoğlu: "Bəzi dövlətlərə sanksiya qəbul edildiyi kimi Birmaya qarşı da bu addım atılmalıdır. Birmanı qeyri-rəsmi idarə edən Nobel mükafatı olan şəxsdir. Bu cür qətliamlarla o mükafatın üzərindən xətt çəkir"
"Myanmadakı toqquşma uzun illərdir baş verir”.
Bu barədə "Sherg.az”a Myanmada müsəlmanlara qarşı ordunun törətdiyi dəhşətli qırğından danışarkən politoloq Elxan Şahinoğlu danışıb.
O bildirib ki, dövlət yaranandan indiyə qədər Böyük Britaniya müstəmləkəsində olduğundan Birmada və başqa ölkələrdə bu cür savaşlar olub:
"Hərbi diktatura illərində Birmada daha böyük qətliamlar həyata keçiriblər və indi də müsəlman əhalini sıxışdırırlar. İddia edirlər ki, guya vaxtilə burada müsəlmanlar yaşamayıb, qeyri-qanuni köçürülüblər. Həmin müsəlmanların içərisində müəyyən təşkilatlar olub ki, terrora baş vurub, polis məntəqəsinə basqın ediblər. Birma dövləti isə həmin təşkilatları cəzalandırmaq əvəzinə müsəlmanların hamısını cəzalandırır, qətlə yetirir, evlərini yandırır. Dünya birliyi isə buna gərəkən reaksiyanı vermir. Səbəb isə odur ki, terror təşkilatları fəaliyyət göstərdiyindən sanki gözlərini yumurlar.
Dünya birliyini anladıq. Bəs müsəlman birliyi haradadır ? Niyə hərəkətə keçmir? Yalnız Türkiyə, Azərbaycan və İrandan müəyyən reaksiyalar var. Bundan başqa Çeçenistanda da bir milyonluq mitinq keçirildi və Rusiya hakimiyyətinin özünə mesaj göndərildi ki, buna göz yummasın. Çünki bu məsələ BMT-nin gündəminə gəldikdə Rusiya və Çin "veto" hüququndan istifadə etmək istəyib. Rusiyada yaşayan müsəlmanlar Birmada baş verən hadisələrə laqeyd deyil. Lakin ölkə rəhbərliyi bunu nəzərə almaqdansa, Qərb qarşısında məsələ qoyur ki, Birmaya qarşı sanksiya tətbiq etmək olmaz. Göz görə-görə bu prosesin qarşısını almağa sanki qadağa qoyur”.
İslam birliyindən də hərəkət olmadığını diqqətə çatdıran E.Şahinoğlu deyib ki, islam ölkələrinin öz aralarında da müharibələr gedir və problemlərindən başları açılmır:"Bu dövlətlər həmrəylik nümayiş etdirmədiyindən yük Türkiyənin üzərinə düşür. Banqladeş isə Birmadan gələn qaçqınları qəbul etməli olur. Lakin bu dövlət kasıb olduğundan çətinlik çəkir və Türkiyə buna görə, Banqladeşə kömək əlini uzadır, maliyyə yardımı ayırır. Qaçqınları qəbul etmək problemin bir hissəsidir. Məsələ ondadır ki, artıq belə getsə, Birmada bir müsəlman da qalmayacaq. Polis və buddistlər birləşərək bütün müsəlmanları Birmadan çıxartmaq istəyir.
Düşünürəm ki, bəzi dövlətlərə sanksiya qəbul edildiyi kimi Birmaya qarşı da bu addım atılmalıdır. Birmanı qeyri-rəsmi idarə edən Nobel mükafatı olan şəxsdir. Amma bu cür qətliamlarla həmin mükafatın üzərindən də xətt çəkir. Vaxtilə Mixayıl Qorboçova Nobel mükafatı verilmişdi və o Azərbaycanda 20 Yanvar faciəsini törətdi, buna etiraz etdik. Dünya birliyi də Birmanı idarə edən şəxsə öz etirazını bildirməlidir. O susur və hərbi xuntaya haqq qazandırır ki, guya terrorçularla mübarizə aparılır. Lakin görüntülər ondan xəbər verir ki, bütün müsəlman əhalini öldürür, qadınları, uşaqları yandırırlar. Bunun terrorla mübarizə ilə əlaqəsi yoxdur”.
Qeyd edək ki, avqustun 25-dən etibarən Myanmada zorakılıq nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb. BMT-nin xüsusi məruzəçisi Yanhi Linin sözlərinə görə, doğma evlərindən qovulan azı 20 min müsəlman-rohinca Myanma-Banqladeş sərhədinə toplaşıb.
Aysel Aslan