Dünya həyəcan içində...

İŞİD Türkiyəyə 30 terrorçu göndərib
Türkiyə yenidən qana boyandı. Ötən gecə İstanbulun "Atatürk” Hava Limanında baş verən dəhşətli terror aktında 43 nəfər həyatını itirdi, 200 nəfər yaralandı. Verilən məlumata görə, terror aktında ölənlər arasında Ukrayna, İran və digər xarici ölkə vətəndaşları da var. Şahidlərin ifadəsinə görə, 3 terrorçu əvvəlcə odlu silahlardan ətrafdakı insanları və polis əməkdaşlarını güllə-baran edib. Daha sonra isə üzərindəki bombanı partladıb. Məlum olub ki, hadisə zamanı terrorçular insan tələfatını artırmaq üçün xüsusi plan qurublar. İddiaya görə, "x-ray” cihazını keçərək içəriyə girən bir terrorçu "Bir azdan burada bomba partlayacaq” deyərək bağırmağa başlayıb. Sərnişinlərin qapıya doğru axın etdiyini görən və qapıdakı digər terrorçular isə əvvəlcə odlu silahlardan insanları güllə-barana tutub, daha sonra isə üzərindəki bombanı partladıb. Atatürk Hava Limanında törədilən partlayışla bağlı Türkiyədə bir günlük matəm elan edilib və bütün rəsmi qurumlarda bayraqlar yarıya endirilib. Hadisədən sonra 387 aviareys ləğv edilib.
İstanbuldakı terror aktını İŞİD törədib
"Atatürk” Hava Limanında törədilən terror aktının 4 nəfər İŞİD üzvü tərəfindən həyata keçirildiyi artıq məlum olub. Məlumata görə, terrorçular hava limanına girməzdən öncə, onları "x-ray” cihazı ilə təsbit etmək mümkün olub. Lakin üzərlərində canlı bomba olduğu üçün yerindəcə zərərsizləşdirmək mümkün olmayıb. Sonradan İŞİD üzvləri ilə təhlükəsizlik qüvvələri arasında atışma olub. Daha sonra isə kamikadzelərdən 3-ü özünü partladıb. Onlardan biri sağ ələ keçib. Türkiyənin Baş naziri Binəli Yıldırım da vurğulayıb ki, ilkin əlamətlərə görə, terror İŞID tərəfindən törədilib.
Türk ordusu hərəkətə keçdi: - İŞİD və PKK-ya qarşı böyük hücum
Terror aktından sonra Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb. Suriyanın şimalında İŞİD-ə aid silah bazası da daxil olmaqla 15 hədəf məhv edilib. Terrorçulara aid hədəflər "Fırtına” silahları və döyüş təyyarələri ilə bombalanıb. Türkiyə ordusu paralel olaraq Şimali İraqda PKK-ya qarşı da hücuma keçib. Döyüş təyyarələri PKK-ya aid sığınacaqları və bazaları məhv ediblər.
Terrorçular xarici ölkələrin vətəndaşları olub?
İstanbul Bakırköy Respublika Baş prokurorluğu terror aktı ilə əlaqədar istintaqa başlayıb. Əsasən, kamikadzelərin xarici ölkələrin vətəndaşları olması ehtimalı üzərində dayanılıb. Məlumata görə, terror aktını törədən 3 kamikadzenin bədənləri bir neçə hissəyə parçalandığı üçün onların şəxsiyyətlərini müəyyən etmək hələ mümkün olmayıb. Onların hadisədən əvvəl kəşfiyyat aparıb-aparmadığını öyrənmək üçün hava limanındakı təhlükəsizlik kameralarında qeydə alınan görüntülər araşdırılır.
ABŞ-ın baş kəşfiyyatçısı: "İŞİD Türkiyəyə 30 silahlı göndərib”
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan İstanbulun "Atatürk” Hava Limanında törədilən terror aktlarına münasibət bildirib. O deyib ki, İŞİD müxtəlif yollarla Türkiyəyə sızıb: "Terrorçuların əlində terror hücumları təşkil etmək üçün potensial silahlar var. Onlar öz üzvlərini qaçqın və ya adi turist kimi ölkələrə göndərirlər”.
Baş nazir İstanbuldakı terrordan son anda xilas oldu
Terror aktı baş verən zaman göyərtəsində Albaniya Baş naziri Edi Ramanın olduğu təyyarə İstanbul hava limanına eniş edib. Rama Türkiyəyə rəsmi səfərə gəlib. Amma bir neçə dəqiqəlik gecikmə səbəbindən Albaniya Baş naziri və onu müşayiət edən şəxslər hadisə nəticəsində xəsarət almayıb.
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Dövlət başçısı İlham Əliyev Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, əziz qardaşım!
İstanbulun "Atatürk” Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Azərbaycan XİN-dən terror açıqlaması
Azərbaycan Xarici İşlər Nazirliyi də İstanbulun "Atatürk” Hava Limanında törədilən qanlı terror aktlarını pisləyən bəyanat yayıb. Bəyanatda qanlı və xain terror aktlarının kəskin şəkildə lənətləndiyi vurğulanıb: "Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir”.
Rusiya da Türkiyəyə başsağlığı verdi: "Qarşılarında baş əyirik”
Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Aleksey Puşkov İstanbulda baş verən terror aktları ilə bağlı başsağlığı verib. Bu barədə Puşkov öz tvitter səhifəsində yazıb: "Bütün dünyada terror aktlarının qurbanları günahsız adamlar olur. Biz ruslar İstanbul, Brüssel, Parisdə baş verən dəhşəti yaxşı anlayırıq. Həlak olanların qarşısında baş əyir, yaxınlarına başsağlığı verir və onları yad edirik”.
"Bu terror Türkiyə hökumətinin Rusiya və İsraillə əməkdaşlıq cəhdinə qarşı törədilib”
Beynəlxalq İşlər üzrə Federasiya Şurasının başçısı Konstantin Kosaçev deyib ki, İstanbul aeroportunda törədilən terror aktı Türkiyə hakimiyyətinin Rusiya və İsrail ilə münasibətləri bərpa etmək cəhdinə qarşı edilib. Senator terror aktında İŞİD-in əlinin olmasını ehtimal edib: "Terror aktı açıq-aydın Türkiyə hakimiyyətinin Rusiya və İsrail ilə münasibətləri bərpa etmə cəhdinə qarşı yönəlib. Görünür ki, Türkiyəyə "xəbərdarlıq” edirlər ki, Rusiya diplomatiyasının səyləri ilə yeni yaradılan vahid antiterror cəbhəsində iştirak etməsin”. Senator terror aktının Rusiya və Türkiyə liderləri arasında dialoqa mane olmayacağını, əksinə, daha da yaxınlaşdıracağına ümid etdiyini bildirib: "Heç nəyə baxmayaraq, biz bu gün Türkiyə ilə həmrəyik”.
"Bu bizim ortaq acımızdır”
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, İstanbul aeroportundakı partlayışlar bir məsələni sübut edir: "Terrorun milliyyəti və dini inancı yoxdur. Bu, hədəfə çatmaq naminə qətl etmək və qorxutmaq metodudur. Qanlı qətliamda fərqli görüş və inanca, milliyyətə və vətəndaşlığa mənsub insanlar öldü, xəsarət aldı. Yenə təkrarlayıram, bu bizim ortaq acımızdır. Yalnız terrorçuluğun ümumi şəkildə inkarı, terrorçuları mülayim və qeyri-mülayim kateqoriyaya ayırmaqdan imtina, antiterror mübarizəsində ümumi səyləri birləşdirmək dünyaya yaşamaq şansı verəcək”.
Obama və Rivlin də Ərdoğana başsağlığı verdi
ABŞ Prezidenti Barak Obama Ərdoğana zəng edib. Hava limanında törədilən terror aktında həlak olanlarla bağlı Ərdoğana başsağlığı verən Obama baş verən terror aktını qəti şəkildə pisləyib. İsrailin prezidenti Reuven Rivlin də prezidentə başsağlığı mesajı göndərib: "Sizə və Türk xalqına Atatürk hava limanında dünən axşam baş vermiş hücumdan sonra ən səmimi başsağlığımı ifadə etmək üçün yazıram. Bu namərd və qanlı hücum təəssüf ki, bizim bölgəmizdə və dünyada gördüyümüz yandırıcı nifrətin bir nümunəsidir”.
"Türkiyə üçün dua edin”
Dünya şöhrətli pop ulduz Madonna Türkiyədə törədilən dəhşətli terror hadisəsinə biganə qalmayıb. Müğənni bu barədə internet səhifəsində status yazıb və üzərində ay-ulduzun əks olunduğu şəkil paylaşıb: "İstanbul, Türkiyə üçün dua edin. Niyə başqa birini sevmək bu qədər çətin”.
İsmayıl