Dünya nə vaxtsa soyqırımı qəbul edəcək

Xocalı və Srebrenitsa qətliamı şahidlərinin birgə müraciəti mühüm addımdır



Xocalı və Srebrenitsa soyqırımı şahidləri dünya ictimaiyyətinə birgə müraciət edib. Fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalıda hər iki valideyni qətlə yetirilmiş gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova Srebrenitsa soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə görüşüb.

Görüş Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının boşnak dilinə tərcümə edilən "Böyüməyən uşaqlar” kitabının təqdimatı zamanı baş tutub. Tədbir Azərbaycanın Bosniya- Herseqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Görüş zamanı gənclər uşaq yaşlarında üzləşdikləri faciəni bir daha xatırlayıblar. Görüşün sonunda Xocalı və Srebrenitsa soyqırımının dəhşətlərini yaşayan və hər iki valideynini itirmiş gənclərin dünya ictimaiyyətinə birgə müraciəti qəbul edilib.
Xocalı və Srebrenitsa soyqırımı zamanı eyni faciəni yaşamış gənclər beynəlxalq aləmə "Xocalı soyqırımını tanıyın!” şüarı ilə çağırış ediblər.

Birgə müraciətin Xocalı soyqırımının tanınması istiqamətindəki əhəmiyyətinə toxunan politoloq Qabil Hüseynli bu müraciətin beynəlxalq aləmin diqqətini cəlb edəcəyini deyib. 
Birmənalı olaraq bu müraciətin Xocalı soyqırımının tanınması istiqamətində konkret nəticə verəcəyini zənn etmirəm. Amma müəyyən qədər də olsa dünya ictimaiyyətinin diqqətini illərdir cəzasız qalan bu terror yönəldə bilər.
Onun sözlərinə görə, siyasi mövqeləri ancaq bu yolla fəth etmək mümkündür: "Sarayevonun Srebrenitsa qəsəbəsində serblər tərəfindən törədilən faciə Haaqa Məhkəməsinə verilib və icraçılar tərəfindən cinayəti törədən şəxslər məhkum olunub. Bu faciənin dünyada soyqırım kimi tanınması istiqamətində də ciddi cəhdlər aparılıb və demək olar ki, buna nail də olunub.
Xocalı faciəsinin də dünya tərəfindən soyqırım kimi qəbul edilməsi üçün həmin təcrübədən istifadə edilməlidir. Biz də bu faciə qurbanlarının məhkəmə qarşısına çıxarılaraq cəzalandırılmasına nail olmalıyıq. Gələcəkdə belə faciələrin təkrar olunmaması üçün bu cinayətləri törətmiş şəxslər beynəlxalq tribunalın ədalətinə cəlb olunmalıdır. Hesab edirəm ki, Xocalı ilə bağlı keçirilən aksiyalar dünya mətbuatının diqqət mərkəzində olarsa, beynəlxalq ictimai rəyin formalaşmasına ciddi töhfələr verəcək. Biz Bosniya və Herseqovina dövləti ilə əlaqələrimizi möhkəmləndirib, Xocalı və Srebrenitsa soyqırımları ilə bağlı ortaq addımlar atmalıyıq”.

Millət vəkili Elman Nəsirov da hesab edir ki, Xocalı və Srebrenitsa qətliamı şahidlərinin birgə müraciəti Xocalı hadisələrinin soyqırımı kimi tanıdılması istiqamətində atılan mühüm addımdır: 
"Hər halda bizə məlumdur ki, soyqırım məsələsinin beynəlxalq aləmə tanıdılması asan proses deyil. Kifayət qədər qəlizliklər, çətinliklər mövcuddur. Xüsusilə də fikir versəniz, görərsiniz ki, dünyanın müxtəlif hissələrində törədilən cinayətlərə görə cəzanın verilməsi, məsuliyyətin nəzərdə tutulması həmin ölkələrdə cinayəti törədənlərin hakimiyyətdən getməsindən sonra baş tutub. Bu nöqteyi-nəzərdən nə qədər ki, Ermənistanda cinayət törədən rejim hakimiyyətdədir, dünya sanki nə görür, nə də eşidir. Buna baxmayaraq, Azərbaycan dövləti bu istiqamətdə ciddi addımlar atmaqdadır. Prezident İlham Əliyevin, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi siyasətin, eyni zamanda 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya Ədalət” kampaniyasının nəticəsi olaraq bu gün dünyanın 10 ölkəsi, ABŞ-ın təxminən 22 ştatı Xocalı hadisələrini məhz soyqırımı kimi tanıyıb. Bu soyqırımın daha çox ölkə tərəfindən tanınması və tarixi həqiqətlərin öz yerini tapması əsas hədəfimizdir. Bu istiqamətdə atılan hər bir addım təbii ki, bizi həmin məqsədə yaxınlaşdırır. Bu baxımdan Srebrenitsada baş vermiş bəşəri cinayətlə paralel şəkildə Xocalı soyqırımı haqda birgə bəyanatın hazırlanması və onun beynəlxalq ictimaiyyətə ünvanlanması əlbəttə, vacib məsələdir”.
E.Nəsirli deyib ki, beynəlxalq ictimaiyyət nə vaxtsa Xocalı soyqırımını qəbul edəcək: "Xüsusilə də bugünkü dünyada informasiya təhlükəsizliyi çox mühüm məsələdir. Düşmən tərəf Azərbaycana qarşı həm də informasiya müharibəsi aparır. Buna görə də atılan bu addım - həm Xocalı, həm də Srebrenitsa şahidlərinin "Xocalı soyqırımını tanıyın!” çağırışı hesab edirəm ki, olduqca mühüm əhəmiyyətə malikdir.
Dünya ictimaiyyəti Xocalı soyqırımına nə qədər biganə qalsa da, "dama-dama göl olar” prinsipi ilə yanaşsaq, gec-tez həqiqət öz yerini tapacaq. Sadəcə, yetər ki, usanmayasan, bezməyəsən və dünya birliyinin qapısını hər zaman döyəsən. Belə olduğu halda bir gün beynəlxalq ictimaiyyət qapını döyüb içəri girmək istəyənin kim olduğu ilə maraqlanacaq. Nə vaxtsa o qapını açıb bütün reallıqları, Xocalı dəhşətlərini onlara olduğu kimi çatdırmaq imkanı əldə edə biləcəyik”.

Şəymən