“Təhsil, dialoq, icmalar arasında körpülərin salınması çox vacibdir”
“Dünyada 1 milyard 800 milyon gənc var, onlara yaxın olmalıyıq”
“Gələcəyin açarı onların əlindədir. Biz onların rifahı üçün çalışmalıyıq”
“Təhsil, dialoq, icmalar arasında körpülərin salınması çox vacibdir”
“Təhsil, dialoq, icmalar arasında körpülərin salınması çox vacibdir”
Dünən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dialoqun təşviqi və körpülərin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr” mövzusunda 1 ci plenar sessiya keçirilib. Sessiyaya BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihal Saad moderatorluq edib. O bildirib ki, bütün dünyada zorakılıq ekstremizm var. Bu baxımdan biz ekstremizm mövzusu daha geniş müzakirə edilməlidir:
"İnsan hüquqlarının pozulması hallarının çox olmasının arxasında məhz zorakı ekstremizm dayanır. Dünyada vətəndaş müharibələrinin şahidiyik. Hətta media mətbuatda bu cür informasiyaların yayılmasında böyük rol oynayırlar. BMT qlobal antiterror strategiyasından 10 il keçsə də, orada müəyyən uyğunluq yaradılmalıdır. İnsanların hüquqlarının pozulmaması üçün bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Qlobal strategiyanın icra olunmasında çatışmayan məsələlər var ki, onlar problemin həllinə imkan yaratmır. Bu gün panel iştirakçıları da görülən işlər, əldə edilən uğurlar haqqında məlumat verəcək və zorakılığın qarşısının alınması ilə bağlı təkliflərini irəli sürəcəklər”.
"Uşaqlarımızı maarifləndirməli, insanlara hörmət etməyi təlqin etməliyik”
Bolqarıstan Respublikasının vitse-prezidenti İlina Malinova Lotovo deyib ki, ekstremizmin qarşısının alınması üçün dil maneələri aradan qaldırmalıdır: "Tolerantlıq münasibətlərimiz üçün əsas məsələdir. Bolqarıstan XII əsrlik dövlətçilik ənənələrinə malikdir. Biz müxtəlif mədəniyyətlərlə bir araya gəlmişik. Bu baxımdan biz bütün xalqlara qarşı tolerant münasibət göstəririk. Hər bir xalqın öz dilində danışmaq, öz dininə sitayiş etmək hüququ var. Məni narahat edən məsələ gənclərdir, biz onları müdafiə etməklə tükənməməli, onları dinləyib rəylərini nəzərə almalıyıq. Ekstremizm təşkilatların çərçivələri müəyyənləşib ki, bu da mürəkkəb formanın yaranmasına səbəb olub. Biz ədavəti aradan qaldırmaq üçün dünyadan zövq almağı bacarmalıyıq. Biz uşaqlarımızı maarifləndirməli, digərlərinə hörmət etməyi təlqin etməliyik”.
"Bakı Forumu YUNESKO mandatına tam uyğun tədbirdir”
YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif deyib ki, miqrantların inteqrasiyası, zorakı ekstremizmin artmasına müqavimət, eləcə də internetdə gənclərin radikallaşması mövzuların kiçik bir hissəsidir. Onun sözlərinə görə, Bakı Forumu insanların şüurunda sülh fikirlərinin möhkələnməsinə yönəlmiş YUNESKO mandatına tam uyğun olan bir tədbirdir:
"Dünya çox mürəkkəb yer olub. Texnologiyalar sahəsində nəhəng innovasiyalara baxmayaraq, biz eyni zamanda artan gərginliklə üzləşirik. Bu isə dünyada qeyri-stabilliyin mövcud olması ilə bağlı yaranmış ümumi etimadsızlığın nəticəsidir”.
"Azərbaycan ahəngdarlıq ölkəsidir”
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri söyləyib ki, Azərbaycan ahəngdarlıq, sülh, demokratiya və inkişaf ölkəsidir: "Dünyaya sülh lazımdır. Ancaq sülh fobiya və ədalətsizlik olduğu şəraitdə mümkün deyil. Super güclər yalnız öz maraqları üçün mübarizə apardıqları üçün buna nail ola bilmirik. Dağlıq Qarabağ münaqişəsi də bunu göstərir. Azərbaycanın ərazi bütövlüyü pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bu gün Suriyada mədəni irs məhv edilir. BMT Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirə bilmir”. Tüveycri bildirib ki, bu gün zənginlər daha da zənginləşir, yoxsullar isə yoxsullaşır: "Mən buna qarşıyam, bu, səfeh hərəkətdir. Zəngin ölkələr bir yerdə, kasıb ölkələr bir yerdə qalıb. İSESCO bu istiqamətdə işləyir. Apardığımız fəaliyyət dialoqun inkişafına, xalqların yan-yana dinc şəraitdə yaşamasına yönəlib. Azərbaycan Prezidentinin üzərinə götürdüyü məramın yerinə yetirilməsinə də töhfə verəcəyik”.
"Forum qlobal çağırışlara cavab verilməsi istiqamətində mühüm addımdır”
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Otaimin deyib ki, Forum qlobal çağırışlara cavab verilməsi istiqamətində atılan mühüm addımdır: "Çalışırıq ki, xalqlar arasında birliyi daha da gücləndirək. Biz ictimai məlumatlılıq səviyyəsinin artmasına çalışmalıyıq. Çox şadam ki, İslam Əməkdaşlıq Təşkilatı da bu prosesə qoşulub. Biz ədavətə, ekstremizmə qarşı çıxır, qarşılıqlı anlaşmanı, mədəniyyəti təşviq edirik. İslam Əməkdaşlıq Təşkilatı bundan sonra da dinlər və sivilizasiyalar arasında dialoqa dəstəyi davam etdirəcək”.
"Qarşıdakı illərlə turizmin xüsusi çəkisi daha da artacaq”
Daha sonra çıxış edən BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai söyləyib ki, qlobal liderlər olaraq vahid gəmidə düzgün istiqamətə gedilməlidir: "Biz insanların azad şəkildə yerdəyişməsini təmin etməliyik. Bu gün bəzi yerlərdə dünya çətinliklərlə qarşılaşır. Dünya bir-birindən asılıdır və biz bir-birimizə daha böyük hörmətlə yanaşmalıyıq. Dünyada hər 10 işdən biri turizmlə bağlıdır. Qarşıdakı illərlə turizmin xüsusi çəkisi daha da artacaq. Ancaq səlahiyyətimiz varsa, həm də məsuliyyət daşımalıyıq. 1 milyard 800 milyon insanın hərəkət etməsi milli iqtisadiyyatların inkişafı üçün imkan yaradır. Gənclərin bacarıqları müxtəlif yerlərə getməklə, yer dəyişməklə arta bilər. İnsanlar səyahət etdikcə, zənginləşir, bir-birini daha yaxşı tanıyır. Bu gün tolerantlıq və anlaşma çatışmır. İnsanlar birləşməli və stereotiplərə qarşı mübarizə aparmalıdırlar. Bu il bütün dünyada Turizm İli kimi qeyd olunacaq. Bu, səylərimizi birləşdirməyə şərait yaradır. Qlobal çağırışlar tərəfdaşlıq yolu ilə aradan qaldırıla bilər. İnsanlara, ətraf mühitə hörmətlə yanaşmalıyıq, bununla özümüzə hörmətimizi ifadə edirik”.
"UNESCO üçün sülh, əmin-amanlıq vacibdir”
UNESCO-nun baş direktoru İrina Bokova deyib ki, bəşəriyyət bir ailədir və biz bəşəriyyətin zənginliyini mühafizə etməliyik: "UNESCO qlobal vətəndaşlığı da təbliğ edir. Həmrəyliyə, anlaşmaya ehtiyacımız var. Biz innovasiyalara rəvac verməli, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, müxtəliflikləri qəbul etməliyik. Gənc nəslin radikalizmdən qorunması üçün proqramlar həyata keçirməliyik. Qlobal problemlərə, münaqişələrin həllinə cavab verəcək fəaliyyət icra etməliyik. Maarifləndirmə səviyyəsini artırmalıyıq. İrqçiliyə, potensial soyqırımlara qarşı önləyici tədbirləri, dialoqu, sülhü daha da gücləndirməliyik. Mədəni müxtəliflik bəşəriyyətin qürur mənbəyi olmalıdır”.
"Reallıq odur ki, sürətli çözüm yolu yoxdur”
Avropa Şurası Baş katibinin müavini Qabriella Battaini-Dragoni bildirib ki, "Bakı Prosesi” 2008-ci ildə bir arzu olsa da, bu gün reallığa çevrilib. O bildirib ki, Avropa Şurası üçün demokratik təhlükəsizlik mühüm bir məfhumdur: "Avropa ölkələri bir neçə amilə xüsusi diqqət yetirir. Müstəqil məhkəmələrin mövcudluğu vacibdir. İkincisi, ifadə azadlığı önəmlidir. Üçüncüsü, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Eyni zamanda, inklüziv cəmiyyət önəmlidir. Birgə yaşayış günümüzdə böyük bir problemə çevrilib. Artan ksenofobiya və islamofobiyanın fonunda parçalanma yaranır. Xof və ədavət mühiti də buna şərait yaradır. Münaqişələrdən qaçan insanlar da cəmiyyətlərdə parçalanmaya səbəb olur. Biz parçalanmış cəmiyyətləri necə bir araya gətirə bilərik? Reallıq odur ki, heç bir sürətli çözüm yolu yoxdur”. Qonaq qeyd edib ki, Avropa Şurasına üzv dövlətlər ayrı-seçkiliyə qarşı qanunlar qəbul etməli və qanunlar düzgün icra olunmalıdır: "Dövlət sosial hüquqların müdafiəsini də təmin etməlidir. Qəzəb və ksenofobiya getdikcə daha geniş təzahür edir. Bir çox ailələr keyfiyyətli təhsil, səhiyyə imkanlarından, layiqli yaşayışdan məhrum olurlar. Sosial hüquqlar ailədən, ailə üzvlərindən başlayır. Yaxşı idarə olunan mədəni müxtəliflik vacibdir”.
"Ekstremistlər müxtəlif vasitələrlə cəmiyyətin həyatına zərbə vururlar”
BMT Baş katibinin müavininin səlahiyyətlərini icra edən, İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasser deyib ki, bütün dünya informasiyanı internet vasitəsi ilə alır və ötürür: "Bu gün terror təşkilatları da çirkin əməllərini yaymaq üçün ümumi proqram təminatlarından istifadə edirlər. İnternet də onlar üçün bir vasitədir. Onlar müxtəlif mesajlarla sosial cəhətdən aşağı təminatlı insanları cəlb edirlər. Təhsil, dialoq, icmalar arasında körpülərin salınması çox vacibdir. Dünyada 1 milyard 800 milyon gənc var. Onlara daha yaxın olmalıyıq. Gələcəyin açarı onların əlindədir. Biz onların rifahı üçün çalışmalıyıq”.
BMT Baş katibinin hüququn aliliyi və təhlükəsizlik institutları üzrə müavini Aleksandr Zuyev qeyd edib ki, təhsil və mədəniyyətin zorakı ekstremizmə qarşı mübarizədə böyük rolu var: "Antisemitizmin bütün formaları müasir dövrdə qəti şəkildə qəbuledilməz haldır. Zorakı ekstremizmi bəzən müxtəlif dini cərəyanlarla, bəzən islamla əlaqələndirirlər. Bu, yanlışdır”.
İsmayıl