Dünyanın diqqəti Vaşinqtondadır

Obama: “Nüvə təhlükəsizliyi məsələsində irəliləyişə nail olunub”
Dünən Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür.
50-dən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.
Zirvə görüşünü açıq elan edən ABŞ Prezidenti Barak Obama Sammit iştirakçılarını salamlayıb. "Dünya ölkələri nüvə təhlükəsizliyi məsələsində irəliləyişə nail olublar”. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammitinin plenar iclasında bəyan edib.
"Heç bir ölkə nüvə təhlükəsizliyi problemini təklikdə həll edə bilməz. Biz xeyli irəliləyişə nail olmuşuq. Hazırda nüvə silahı problemi ən yüksək səviyyəli prioritetdir”, deyə B.Obama bildirib.
İlham Əliyev Vaşinqtona səfəri martın 30-dan başlayıb. Azərbaycan prezidenti burada bir sıra mühüm görüşlər keçirib. Prezident Vaşinqtonda ABŞ prezidenti Barak Obama, dövlət katibi Con Kerri, vitse prezident Co Bayden ilə görüşüb. Dövlət başçısı bütün görüşlərində Dağlıq Qarabağ məsələsini qaldırıb. Dövlət katibi Con Kerri və vitse prezident Co Bayden bəyan edib ki, rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.