Ermənistan zaman-zaman bizi KTMT ilə hədələyirdi
Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərarını imzalamaqla Stanislav Zasın rəsmi olaraq namizədliyini dəstəkləyib. Rusiya ilə yanaşı, Qırğızıstan, Qazaxıstan və Tacikistanda da Belarusun namizədinə dəstək veriblər. Sadəcə, Ermənistan tərəfi quruma rəhbərliyə növbəti dəfə iddia etdiyi üçün Belarusun namizədini dəstəkləməyib. Lukaşenko İrəvanın bu hərəkətini tənqid edərək təşkilatın rəhbərliyində yaranmış problemə görə birbaşa günahkarın Ermənistanın yeni hakimiyyəti olduğunu deyib. Ekspertlərin fikrincə, bununla da Ermənistanın KTMT-yə sədrlik iddiası ortadan qalxdı. Ən əsası isə təşkilat üzvləri İrəvanın etibarlı tərəfdaş olmadığını anlamış oldular.
Məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Tahir Kərimli deyib ki, KTMT-nin sabiq rəhbəri Yuri Xaçaturovla bağlı məsələ birmənalı şəkildə Ermənistanın ziyanına, Azərbaycanın isə xeyrinə həll olundu. Deputatın sözlərinə görə, Ermənistanın quruma rəhbərlik iddiasının baş tutmaması İrəvana böyük zərbə oldu:
"Nəzərə alaq ki, KTMT-yə rəhbər seçilən Belarus təmsilçisi Stanislav Zas Bakıda təhsil alıb. Onun Azərbaycana qarşı münasibəti çox yaxşıdır. Digər tərəfdən Belarusun, şəxsən prezident Lukaşenkonun rəsmi Bakı ilə səmimi və ciddi əlaqələri var. Bütün bunların hamısı Ermənistanı qıcıqlandırır. Ona görə də cığallıq edirlər. Əminliklə demək lazımdır ki, ermənilərin nala-mıxa vuran siyasəti fiaskoya uğradı və İrəvan öz cəzasını aldı. KTMT MDB ölkələrinin "NATO”sudur və bu təşkilatda Ermənistan istisna olmaqla digər üzvlərin hamısı Azərbaycanın mövqeyini dəstəkləyirlər. Rusiya ilə Azərbaycan arasında əlaqələr möhkəmləndikcə, işğalçı Ermənistanla Moskvanın münasibətlərində ciddi gərginlik müşahidə olunmaqdadır. Putinin Paşinyanı təbrik etməməsi də bunun bariz nümunəsidir”.
T.Kərimlinin sözlərinə görə, Ermənistan zaman-zaman bizi KTMT ilə hədələyirdi: "Quruma rəhbərlik edən şəxsin erməni olması İrəvanı daha da "ürəkləndirirdi”. Mənasız da olsa, İrəvan öz cəhdlərindən əl çəkmirdi. Ancaq artıq bu vasitə düşmənin əlindən alınmış oldu. Ermənistanın yeni rəhbərliyinin addımları Moskvanın xoşuna gəlmədi. Qazaxıstan və Belarus başçıları da Paşinyanın mövqeyini qəbul etmədilər və düşmən ölkəyə yerini göstərdilər”.
Politoloq Sədrəddin Soltan da "Şərq”ə bildirib ki, KTMT-nin Azərbaycana qarşı istifadə edilməsi mümkünsüzdür. Çünki bu quruma üzv dövlətlərlə Azərbaycanın çox yaxşı münasibətləri var. Analitikin sözlərinə görə, ermənilər Rusiyanı KTMT-yə üzv olmayan bir dövlətə silah və hərbi texnika satmaqda qınayırdı, ancaq layiqli cavablarını aldılar:
"İrəvanda hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr bu qurumu az qala Ermənistanda dövlət çevrilişində, konstitusiya quruluşunun dəyişdirilməsində, 2008-ci il martın 1-də baş verən hadisələrdə ittiham edirdilər. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun tutulması və daha sonra Moskvanın tələbi ilə sərbəst buraxılması bunu təsdiqləyir. Bu davranışına görə Ermənistan hakimiyyətinə öz yeri göstərildi. Fikirmcə, Ermənistan bundan sonra Kremlə əvvəlki kimi naz və ərköyünlük edə bilməyəcək. Elə Rusiya da Ermənistanın ədalarına dözməyəcək”.
Siyasi şərhçinin sözlərinə görə, təşkilatın baş katib məsələsi artıq həll edilib: "Bu vəzifəyə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas təyin olunub.
Qazaxıstan, Qırğız Respublikası, Rusiya və Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək veriblər. Nikol Paşinyan bu yaxınlarda verdiyi müsahibədə vəzifəyə iddia etmədiklərini vurğulamaqla, geri çəkildiyini göstərib. Bu baxımdan Ermənistanın KTMT baş katibi vəzifəsi postunun qapısı bağlanıb”.
İsmayıl