Düşmən vaxt uzadır...

Onlar cəbhədəki təxribatları ilə dünyanı Qarabağda atəşkəsin vacib olduğuna inandırmağa çalışır


Azərbaycan və Ermənistan Prezidentlərinin Vyana görüşü haqda xəbərlər yayılandan sonra təmas xəttində ermənilərin təxribatları daha da şiddətlənməyə başladı. Son iki-üç gün ərzində Ermənistanın bir neçə hərbçisi Qarabağda məhv edildi. Düşmən təxribatı nəticəsində bir hərbçimiz şəhid oldu. Maraqlıdır ki, Ermənistan bir tərəfdən danışıqlarda iştirak etdiyini bəyan edir, digər tərəfdən isə cəbhədə təxribatlara ara vermir.

Erməni silahlı birləşmələri ilə yanaşı, siyasi ekspertlər də təxribat dolu açıqlamalar verirlər. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülhlə deyil, hərbi yolla həll ediləcəyini bildirirlər. Məsələn, siyasi ekspert Ara Papyan konkret bəyan edir ki, Qarabağ məsələsi danışıqlar yolu ilə həll edilə bilməz: "Məsələ çox sadədir. Ya biz Azərbaycanı və ya Azərbaycan bizi məhv edəcək”. Məntiqlə, Ermənistan əlavə vaxt qazanmaq üçün atəşkəsin qorunub-saxlanmasına razı olmalı idi. Ancaq düşmən həm hay-küy salıb, Rusiyanın İrəvanı müdafiə etməməsindən, Bakıya silah satmasından şikayətlənir, həm də orduya muzdlu yığır, süni gərginliyi saxlayır. Görəsən, düşmən ölkənin ikili oyunu nəyə hesablanıb, Vyana görüşü ərəfəsində və görüş zamanı cəbhədə vəziyyəti gərinləşdirməkdə ermənilərin məqsədi nədir? Əslində erməni təxribatı barədə müxtəlif fikirlər var. Amma ağla gələn ilk versiya budur ki, Prezident Serj Sarkisyanın ağır durumdan çıxması üçün yeganə yol Azərbaycanla gərginliyi sürdürmək, cəmiyyəti xarici düşmənə qarşı səfərbər etməkdir. Əks təqdirdə, erməni xalqı onun hakimiyyətinə son verəcək. Politoloq Elxan Şahinoğlu hesab edir ki, erməni tərəfi cəbhədəki təxribatları ilə dünyanı Qarabağda atəşkəsin vacib olduğuna inandırmağa çalışır: "Ermənilər vəziyyəti gərginləşdirməklə beynəlxalq aləmdə belə bir görüntü yaradırlar ki, bölgədə atəşkəs vacibdir. Amma Azərbaycanın məqsədi təkcə atəşkəsə riayət etmək deyil, münaqişəni həll etməkdir. Ermənistan isə status-kvonun saxlanılmasına çalışır. Vyana görüşü öncəsi cəbhədə təxribat törətməkdə məqsəd budur”. Politoloq Qabil Hüseynli isə bildirib ki, cəbhədə erməni təxribatlarının davam etməsi Azərbaycanı bezikdirmək məqsədi daşıyır. Yəni, düşmən bizi danışıqlardan imtina etməyə məcbur etmək istəyir: "Bununla Azərbaycanı dünya ictimaiyyətinə danışıqlardan imtina edən tərəf kimi göstərməyə çalışırlar. Bu çox alçaq metoddur”.

İsmayıl