Əcnəbi qonaqlar “Bakı prosesi”ni alqışladı
Mədəniyyətlərarası dialoqla sülhə nail olmaq mümkündür
Dünən Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Forumun mövzusu "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar”ı olub. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Məlumat üçün bildirək ki, mayın 5-də isə forumun rəsmi açılış mərasimi olacaq.
"Zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək” mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçiriləcək. Ümumilikdə forum çərçivəsində 40-dək sessiya və tədbir təşkil ediləcək. Forumda iştirak etmək üçün 120 ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Mayın 6-da isə Ümumdünya Forumunun nazirlər görüşü, "Qızların təhsil alması vasitəsilə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüş baş tutacaq. Ardından sessiya çərçivəsində aşağıdakı mövzular haqqında müzakirələr aparılacaq: "Sülhün yaradılması: BMT-nin fəaliyyətinin 70 ili”, "Qütbləşmə əsrində inklüziv dialoq”, "Heydər Əliyev və Azərbaycanda dinlərarası harmoniya”, "Mədəniyyətlər arasında dialoqun təşviqində şəhərlərin rolu” və s.
"IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun həmtəşkilatçılarının sayı artır”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, forum bəşəri bir prosesə çevrilir və dünyada daha böyük nüfuz qazanır: "Bu ildən etibarən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da forumun həmtəşkilatçısı qismində iştirak edir. Göründüyü kimi, Azərbaycanın bu təşəbbüsü beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Builki forum əvvəlkilərə nisbətən fərqlənir. Bizim mütəmadi görüşdüyümüz və müzakirələr apardığımız beyin mərkəzi bu təşəbbüsün daha geniş auditoriyanı əhatə etməsi təklifini irəli sürdü və təşəbbüs dəstəkləndi”.
Ə.Qarayev bildirib ki, bu il forum çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşünün keçirilməsi nəzərdə tutulur: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu toplantıya qoşulacaq. Bu toplantı yenilikdir. Eyni zamanda FAO-nun bu foruma qoşulması, FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın da iştirakı və çıxışı cəmiyyət üçün böyük maraq kəsb edəcək. Forum çərçivəsində müxtəlif ölkələrin parlament üzvlərinin bir araya gətirilməsi nəzərdə tutulur ki, bu da bir yenilikdir. Bir sözlə, bu təşəbbüslər keçən illərə nisbətən yenilik təşkil edir. 2011-ci ildə keçirilən birinci forumda 40-a qədər ölkə iştirak etmişdi. Builki forumda isə 120-dən çox ölkədən nümayəndələr, 50-yə qədər beynəlxalq qurumun nümayəndələri, 50-yə qədər QHT-nin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Yəni bu amillər deməyə əsas verir ki, bu forum beynəlxalq qurumların, QHT-lərin, dövlət rəhbərlərinin diqqətini cəlb edir. Forum maraqlı bir platformaya çevrilir”.
"Forum dünya üçün olduqca vacib əhəmiyyət daşıyır”
Böyük Britaniyanın "Coventry” Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı-direktoru professor Mayk Hardi deyib ki, artıq 4-cü dəfə keçirilən Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır: "Bu gün müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması mühüm əhəmiyyət kəsb edir. Bu forum Azərbaycan tərəfindən təşəbbüs ediləndən mən bu prosesə qatılmışam və bu forum mədəniyyətlər arasında dialoqun qurulmasına vacib töhfə verir”. Professor bildirib ki, Azərbaycan Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşir: "Bu, çox mühüm coğrafi mövqedir və bir çox müxtəlif mədəniyyətləri bir araya gətirməyə imkan verir. Bu baxımdan Azərbaycanın belə foruma ev sahibliyi etməsi çox böyük səmərə gətirə bilər”.
"Dünyada mədəniyyətlər arasında dialoqun qurulması və inkişafı olduqca vacib amildir”
ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman deyib ki, mədəniyyətlərarası dialoq genişləndirilməlidir. O bildirib ki, Azərbaycanın mədəniyyətlərarası dialoqda böyük ənənəsi, təcrübəsi var: "Bu təcrübəsi ilə dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də bu istiqamətdə atılan mühüm addımdır”.
"BMT Sivilizasiya Alyansı Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur”
BMT Baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser söyləyib ki, BMT Sivilizasiya Alyansı Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur. Baş katibin nümayəndəsi deyib ki, mədəniyyətlərarası dialoqla sülhə nail olmaq mümkündür: "Bakı prosesi” bu baxımdan mühümdür. Mədəniyyətlərarası dialoq vacib bir elementdir. Mədəniyyətlərarası dialoqu gücləndirmək ekstremizmə qarşı mübarizədə çox vacibdir. Əminəm ki, bu Forumda irəli sürüləcək bir sıra təklif və təşəbbüslər, mükafatlar elan ediləcək. Mükafatın təsis olunması çox mühüm bir təşəbbüsdür. Mən Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda rolundan xəbərdaram”.
"Forum beynəlxalq dialoqun yaradılması üzrə mühüm təşəbbüsdür”
Hindistan Memarlıq Araşdırmaları Mərkəzinin baş direktoru Ramnat Sinqh Fonia deyib ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin həllinə səy göstərərək beynəlxalq dialoqun yaradılması üzrə mühüm təşəbbüsdür.
Onun sözlərinə görə, dünya ölkələrindən nümayəndələrin bir araya gəlməsi mütləq müsbət nəticələrə gətirib çıxaracaq: "Multikulturalizm mərkəzi olan Bakı sülh təşəbbüslərinin axtarılması üçün əla meydançadır”.
"Azərbaycan dünya üçün çox faydalı iş görür”
Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Pilho Park bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya xalqları üçün vacib olan bir məsələdir. O qeyd edib ki, bu baxımdan Azərbaycan dünya üçün çox faydalı iş həyata keçirir: "Azərbaycan, eyni zamanda, çox mühüm çoğrafi məkanda yerləşməklə dünya üçün vacib bir ölkədir, İpək Yolunun mühüm bir ölkəsidir”.
Park bildirib ki, Azərbaycan artıq bu kimi beynəlxalq tədbirlərin təşəbbüskarına çevrilib: "Bu baxımdan Azərbaycan dünyada sülh və sabitliyin təmin olunmasına, mədəniyyətlərarası dialoqun və anlaşmanın inkişafına mühüm töhfə verir”.
"Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir”
Burkina-Fasonun Gənclər Birliyinin əlaqələndiricisi Daniel Da Hien deyib ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya əhəmiyyətli tədbirdir. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında yaxın münasibətlər qlobal təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır: "Bu gün Bakı dünyada mövcud problemlərin həlli yollarının axtarışı üçün meydançadır. Belə ki, multikulturalizm və tolerantlıq mərkəzi olan Azərbaycanın bu sahədə ənənəsi və böyük təcrübəsi var”.
İsmayıl