Əcnəbilərə övladlığa verilən azərbaycanlı uşaqların sonrakı taleyi...




"Əcnəbilərə övladlığa verilən azərbaycanlı uşaqlara daimi nəzarət etmək imkanlarımız var”.
Bu barədə Sherg.az-a "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüququşunas  Əliməmməd Nuriyev bildirib. 

O qeyd edib ki, övladlığa götürmə məsələləri və qaydaları insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyada da nəzərdə tutulub:

"İstənilən halda həmin uşaqların övladlığa verilməsini ləğv etmək olar. Belə faktlar var idi. Uşaq övladlığa götürülüb, xarici ölkəyə aparılmışdı, sonradan ondan fərqli məqsədlər üçün istifadə edildiyi məlum olub. Uşaq əməyindən istifadə etmək, uşaqlara qarşı seksual hərəkətlər, insan alveri kimi hallar baş verdikdə təbii ki, bunun qarşısı alınmalıdır. Ona görə, əcnəbilərə övladlığa verilmə çətin və mürəkkəb prosesdir. Aidiyatı qurumlar tərəfindən, övladlığa götürən ailənin bütün imkanları, maddi vəziyyəti, həyat şəraiti, uşaqla təmas imkanları, psixoloji vəziyyəti öyrənilir. Bundan sonra artıq bütün cəhətlər yerində olduqda uşaqlar əcnəbilərə övladlığa verilir. Sonradan nəzarət edilir, yoxlama imkanları da verilir. Uşağın tərbiyəsinə və maraqlarına zidd, qanunsuz davranışlar sərgilənirsə, sonradan övladlığa verilmənin ləğv edilməsi haqqında qərar qəbul oluna bilir”.

Qeyd edək ki, 2017-ci ilin ilk üç ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən bir uşaq övladlığa götürülüb.

Aysel Aslan