Əcnəbilərin axını artacaq

Azərbaycanın coğrafi üstünlükləri böyükdür


Bu ilin aprelində Türk Şurası çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstandan keçən "Böyük İpək yolu” pilot turizm layihəsi işə salınacaq. Bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev danışıb. Onun sözlərinə görə, layihə 12 gün davam edəcək:

"Marşrutun Qazaxıstan hissəsində turistlər Almatıya gələcək və burada Şımbulak dağ-xizək kurortuna, Koktobe və Kolsaya baş çəkəcək. Daha sonra onlar 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş qədim Türküstan şəhərinə gedəcək”. 

Layihə ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Orta Asiya ölkələrinin Azərbaycan üzərindən Avropaya çıxması üçün ölkəmiz körpü rolunu oynayır. Ekspertə görə, coğrafi üstünlüklərimiz imkan verir ki, həm yükdaşımalarda, həm də turizm sahəsində inkişafa nail olaq: 

"Orta Asiya ölkələrindən Azərbaycana yükdaşımaların Şərq-Qərb dəhlizi vasitəsi ilə artması gözlənilir. Ən azından, Bakı-Qars-Axalkalaki dəmiryolu işə düşdükdən və tam gücü ilə fəaliyyətə başladıqdan sonra Azərbaycan da daxil olmaqla Orta Asiya ölkələri turizm mərkəzlərinə çevriləcək. Bunun üçün kifayət qədər imkanlar var. Belə cəlbedici marşrutlar təşkil etməklə, qiymətlərdə və təklif olunan əyləncələrdə üstünlüklərə nail olmaqla Orta Asiya bazarını bizim üçün faydalı etmək olar. Kifayət qədər böyük həcmdə turist qəbul etmək imkanına sahibik”.
İqtisadçı bildirib ki, son zamanlar Qazaxıstandan gələn turistlərin sayında artım müşahidə olunur: "Bunu sistemləşdirmək, stimullaşdırmaq, normal proqram halına salmaq lazımdır. Yaxşı təşviq proqramları, xidmətin keyfiyyəti və qiymətin rəqabətliliyi ilə Orta Asiya vətəndaşlarını ölkəmizə cəlb etməliyik”.

N.Cəfərlinin fikrincə, müvafiq qurumların və biznes strukturlarının bu imkanları necə reallaşdıracağı bazarın göstərdiyi reaksiyaya bağlı olacaq:

"Ola bilər ki, bir müddət bu sahə ilə məşğul olan şirkətlərə vergi və kreditlərlə bağlı müəyyən güzəştlər edilsin. Stimullaşdırma proqramları hər zaman vacibdir. Turizm sahəsinin isə ümumiyyətlə həm dövlət büdcəsinə, həm də sadə vətəndaşlara xeyri çoxdur. Ölkəmizə turistlər nə qədər çox gələrsə, iaşə və ticarət obyektləri, xırda sahibkarlar bu axından o qədər çox vəsait əldə edərlər”.

İsmayıl