Əhali əmanətlərini geri çəkir

Bankların “qara günləri” hələ qabaqdadır



Mərkəzi Bankın rəsmi statistikasında göstərilir ki, banklardakı əmanətlərin məbləğində azalmalar aydın şəkildə müşahidə edilməkdədir. Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu ilə 9 milyard 472 milyon manatlıq əmanətlə başlayan banklar 2016-cı ilin yalnız 3 ayı ərzində 1 milyard 396 milyon manat depozit itiriblər:

"Bunun əsas səbəbi isə banklara olan inamın azalması üzündən əmanətçilərin öz pullarını geri çəkməsidir. Ümumiyyətlə, əmanətlərin həcminə diqqət yetirdikdə, birinci devalvasiyadan başlayaraq əmanətlərin məbləğində azalmalar müşahidə edilib. İlk devalvasiyadan sonra ümumi əmanətlərin həcmi milli valyutanın dəyərsizləşməsi hesabına 7 milyard 932 milyon manat idi. Bu, həmin dövrə olan məzənnə ilə 7 milyard 554 milyon dollar demək idi. Daha sonra bu göstərici ötən ilin dekabr ayında 7 milyard 89 milyon manata düşdü. İkinci devalvasiya əmanətlərin manat ifadəsində məbləğini artırsa da, dollar ifadəsində dəyərsizləşdirdi. Xarici valyuta ifadəsində yalnız son 1 ildə əmanətlərin məbləği 2 milyard 205 milyon dollar azalıb. Bütün bunlar Mərkəzi Bankın rəsmi göstəriciləri əsasında aparılan hesablamalardır və müqayisələr göstərir ki, son 1 ildə banklara inam ciddi şəkildə aşağı düşüb”. Ekspertlər bu halın ölkə iqtisadiyyatı üçün ciddi fəsadlara yol açacağı iddiasındadırlar. Məsələn, tanınmış iqtisadçı Oqtay Haqverdiyev "Şərq”ə söyləyib ki, bankların kredit resursları azalır: "Kredit resursları azalanda iqtisadiyyat işləmir. Ölkə iqtisadiyyatı kreditlər hesabına inkişaf edir. İnsanlar əmanətlərini banklardan geri çəkirlərsə və ya banka əmanət qoymurlarsa, bank nəylə işləyəcək? Gərək resurs olsun ki, bank işləyə bilsin. Doğrudur, kommerisya bankları Mərkəzi Bankdan kredit ala bilər. Bu da qeyriformal xərclərə gətirib çıxardır”.

Digər iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, bank aktivlərinin azalması ümumi depozitlərin geri çəkilməsi ilə əlaqədardır: "Bu iki devalvasiyadan sonra bankların bağlanması gündəmə gəldi. Bir neçə bank bağlandı. Bu ilin əvvəllərində insanlar depozitlərin bir hissəsini banklardan geri çəkməyə başladı. Yəni insanlar təbii olaraq bu cür problemlərdən sonra öz əmanətlərini qorumağa çalışırlar. Bunu qorumaq yolunu da, pullarını banklardan çıxararaq obrazlı desək, "yastıq altına yığmaq”da görürlər. Aktivləri azaldan birinci səbəb budur. İkinci səbəb isə kreditlərin yığılma sürəti və həcminin azalması ilə əlaqədardır. Kreditlərin yığılmasında problemlər yaşanır. Bu iki əsas amil bankların aktivlərinin azalmasına ciddi təsir göstərir. Nəticədə banklar çökür. Bankların sıradan çıxması isə ölkə iqtisadiyyatının zəifləməsinə səbəb ola bilər”.

Ayyət Əhməd