Əhali hələ də narahatdır

Badamdardakı müəmmalı uğultunun mənbəsi hələ aydınlaşmayıb




Bir neçə gün əvvəl Bakı ətrafında, xüsusilə də Badamdar qəsəbəsində vətəndaşları narahat edən müəmmalı uğultu bu dəfə Yeni Günəşli qəsəbəsində "eşidilib”. Bununla bağlı xəbər saytlarında xeyli məlumatlar dərc edilir. Uğultunun insanların narahatlığına səbəb olduğu, sakinlərin zəlzələ qorxusu keçirdiyi deyilir.

Bizimyol.info eyni məsələ ilə bağlı qəsəbə sakinlərinin gecə saatlarında qeyd elədiyi səs yazısını da təqdim edib. Saytın yazdığına görə, bir az külək duyulsa da, səslərdə kənar uğultuların olduğu aydın bilinir.

Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi başda olmaqla, heç bir rəsmi instansiya sözügedən müəmmalı səslə bağlı dəqiq açıqlama vermir, vətəndaşların narahatlığına son qoyulmur.

Uğultu səsləri martın 27-də paytaxtın Səbail və Yasamal rayonları ərazisində eşidilib.

Xəbərlərdə qeyd olunur ki, martın 27-də günorta saat 12:00 radələrində Bakının Səbail və Yasamal rayonu ərazisində müəmmalı gurultu səsi eşidilib. Səsin gücü yaşayış binalarını silkələyib. Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanları qorxuya salıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən isə bunun zəlzələ ilə heç bir bağlılığının olmadığı bildirilib. Fövqəladə Hallar Nazirliyindən də partlayış, yaxud hər hansı buna bənzər hadisə barədə "Qaynar xətt”ə heç bir çağırışın daxil olmadığı vurğulanıb. Səsin əsl mənbəyi naməlum qalıb.

Yerli KİV-lərdə mütəxəssislərin rəyləri də yer alıb. Bəziləri belə hesab edir ki, eşidilən uğultu və gurultu səsləri sənaye sahələri ilə əlaqəlidir. Məsələn, qaldırıcı kranlardan, yeraltı boruların rezonansından, metro tunelinin qazılmasından və sairdən belə səslər yarana bilir. Paytaxtın Səbail rayonu və ətraf ərazilərdə neft quyuları yerləşir. Yaranan səs boşalmış quyularda suxurlar arasında boşluğun yaranmasından da qaynaqlana bilər.

Amma "Yerin uğultusu” kimi təqdim ediləni aşağı tezlikli səslər dünyanın müxtəlif yerlərində insanları artıq neçə ildir narahat edir.

Fiziklər bildirirlər ki, bu səslərin spektri heç vaxt məlum olmur. Eşidilən səslər əsl səsin yalnız kiçik hissəsidir. Bu səslər 20-100Hz arasındakı ultra-az tezliyindəki akustik emissiyaları və 0.1-15Hz arasında ultra-az infrasonik olan dalğalardır. Geofizikada bunlara akustik cazibə dalğaları deyilir. Atmosferin yuxarı qatlarında, xüsusilə ionosferdə olur. Bu dalğaların yaranmasının bir sıra səbəbləri var. Məsələn, zəlzələ, vulkan partlayışları, qasırğa, sunami və s. Lakin təbii fəlakətlərin yaratdığı səslər eşidilən naməlum gurultudan daha zəifdir. Fiziklərə görə, belə bir səs üçün yüksək enerji tələb olunur. Bu, həmçinin dünyaya çırpılan ionosfer, atmosferin yuxarı qatını və mezosferi qeyri-sabit vəziyyətə gətirən Günəş partlayışı və enerji axınları, həmçinin Yer planetinin quruluşunun dəyişməsi də ola bilər.

Hər halda aidiyyətli qurumlar konrket və əsaslı açıqlama versə, yaxşıdır. Bununla əhali arasında yaranmış gərginliyə və çaşqınlığa son qoyular.

Məlahət Rzayeva