Əhali kredit borcunun içindədir
Banklar isə faizləri endirmək niyyətində deyil
Əhalinin kredit faizlərinin aşağı salınacağına ümidləndiyi bir vaxtda Mərkəzi Bankın sədri Elman Rüstəmov bədbin açıqlama verib. İstehlak kreditinin heç bir məqsəd göstərilmədən verilən kreditlər olduğunu vurğulayan baş bankirin sözlərinə görə, bu cür kreditlər yüksək faizlə verilir. Çünki müştərilərdən heç bir təminat tələb olunmur. Burada heç bir bürokratiya, sənədlər, gəlir mənbələri və s. göstərilmir. Bank üçün risk böyükdür. Beynəlxalq təcrübədə də belə kreditlər - zənglə verilən kreditlər, sms-lə və ya kredit kartlarına verilən kreditlərin faizləri yüksəkdir.
Kredit faizlərinin yüksək olması və bu səbəbdən də əhalinin üzləşdiyi problemlərə bələd olduqlarını deyən E.Rüstəmov banklarla aktiv dialoqda olduqlarını bildirib. Onun sözlərinə görə, bəzən dövlətin bu məsələni tənzimləməsi ilə bağlı çağırışlar olur. Ancaq bəzi ölkələrin təcrübəsi göstərir ki, belə məsələlərə dövlətin müdaxiləsi istənilən nəticələri vermir.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı- ekspert Vüqar Bayramov isə bildirib ki, Mərkəzi Bankın mövcud siyasəti davam etdikcə, Azərbaycanda kredit faizlərinin aşağı salınması mümkün olmayacaq: "Azərbaycanda hazırda Mərkəzi Bankın mövcud siyasəti ölkədə kredit faizlərinin aşağı salınmasına deyil, əksinə, vətəndaşların pullarının depozit formasında daha aşağı faizlə banklara cəlb edilməsinə yönəlib. Nəzərə alsaq ki, son bir ildə Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması faizini 12-dən 9-a endirilməsi ilə bağlı qərar qəbul edib. Buna rəğmən kommersiya banklarının kredit faizində hər hansı bir dəyişiklik baş verməyib. Kommersiya bankları daha ucuz qiymətə və daha aşağı faizlə vətəndaşdan pulu alır, vətəndaşdan aldığı pulu daha baha faizlə yenə vətəndaşa verir. Yəni bir qardaşdan 9 faizlə pulu alan kommersiya bankı digər qardaşa həmin pulu bəzi hallarda 4 dəfə baha faizlə verir. Bu da onu göstərir ki, əslində mövcud bank siyasəti konkret ifadələrlə kredit faizlərinin aşağı düşməsinə xidmət etmir. Və bank siyasəti davam etdikcə, kredit faizlərinin aşağı düşəcəyi gözlənilmir. Bank sektorunun liberallaşması, məcmu kapitalın artırılması müsbətdir. Amma bank sektoru liberallaşmayınca, məcmu kapitalın artırılmasının təsirləri kifayət qədər marjinal olacaq. Bank sektoru liberallaşmalıdır. Bank sektoruna digər xarici bankların daxil olmasına şərait yaradılmalıdır, süni baryerlər aradan qaldırılmalıdır və bank sektorunun rəqabətdə olmasına və kredit faizlərinin aşağı salınmasına nail olunmalıdır. Həmçinin Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarına çıxış imkanları genişlənməlidir və kommersiya banklarına imkan verilməlidir ki, onlar Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarından istifadə edə bilsinlər. Bu, çox önəmlidir”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun sözlərinə görə, kredit faizlərinin müzakirəsində söhbət təkcə istehlak kreditlərindən yox, ümumi kredit portfelindən gedir: "Bizi maraqlandıran əsas məsələ isə sahibkarlara verilən kreditlərdir. Elman Rüstəmovun açıqlaması ilə tanış olmadığım üçün konkret fikir söyləyə bilmərəm. Onu bilirəm ki, bankların kredit faizlərini aşağı salması ilə bağlı Elman Rüstəmov özü də bizimlə həmfikir olub. Hətta Milli Məclisdə büdcə müzakirələri zamanı kredit faizlərinin yüksək olduğunu vurğulayaraq bu problem üzərində işlədiklərini bildirmişdi”.
Kredit faizlərinin yüksək olmasının cəmiyyətdə ciddi narazılıq doğurduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, bu problem tezliklə öz həllini tapmalıdır. Əks təqdirdə, mənfi nəticələrlə sonlana bilər: "Ölkədə qaytarılmayan kredit borcları artıq 1 milyardı keçib. İnsanların maddi durumu aşağı olduğu üçün aldıqları kreditləri geri qaytara bilmirlər. Əmlakları əllərindən alınır, həmin əmlakları da sonradan sata bilmirlər. Bütün bunlar da ölkənin maliyyə bazarında çox ciddi problemlər yaradır. Onun üçün də bankların kredit faizlərini aşağı salması şərtdir. Bu barədə prezidentin də göstərişi var”.
- Kredit faizlərinin aşağı salınmasında banklar maraqlı deyil, yoxsa doğrudan da bu onlar üçün böyük riskdir?
- Kreditlə bağlı məsələlərdə xeyli problemlər var. Bu sahədə vəziyyət kifayət qədər mürəkkəbdir. Bankların öz problemləri var. Əhali də götürdüyü kreditdən müəyyən məqsədlər üçün istifadə edirlər və bu da sonradan problemlər yaradır. Kredit faizlərinin aşağı salınması hər nə qədər mürəkkəb məsələ olsa da, yığışıb həllini tapmalıyıq. Zəruri halda qanunvericilikdə müəyyən dəyişikliklər belə edilməlidir. Ötəngünkü çıxışında da cənab prezident vurğulayıb ki, banklar daha çox real sektorlara maliyyə ayırmalı, iqtisadi inkişafa töhfə verməlidir. Məsələnin prezident
səviyyəsində müzakirə edilməsi də kredit faizlərinin yüksək olmasının çox ciddi və kifayət qədər aktual problem olduğunu göstərir.
Şəymən