"Qəbiristanlığın köçürülməsi elə-belə, sadə iş deyil. Belə məsələlərlə bağlı ən yüksək səviyyədə qərar verilməlidir"
Əhmədli qəbiristanlığının köçürüləcəyi xəbərləri yayılıb. Xüsusən «Kənd Əhmədli» adı ilə tanınan ərazinin sakinləri təşvişə düşüb, çünki məhz bu ərazidə yaşayıb dünyadan köçənlər həmin qəbiristanlıqda dəfn edilib. Ümumiyyətlə isə Əhmədli qəbiristanlığı nəhəng bir sahəni əhatə edir və qədim məzarlıq kimi tanınır. Sakinlər danışır ki, icra nümayəndələri gəlib qəbiristanlıq ərazisində ölçü-biçi aparırlar, belə xəbər yayılıb ki, qəbiristanlıq köçürüləcək, yerində binalar, alış-veriş mərkəzləri tikiləcək. Bəs qəbirlər hara köçürüləcək?
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov «Şərq»ə açıqlamasında bildirdi ki, qəbiristanlığın köçürüləcəyinə dair heç bir məlumat yoxdur:
- Qəbiristanlığın köçürülməsi elə-belə, sadə iş deyil. Belə məsələlərlə bağlı ən yüksək səviyyədə qərar verilməlidir. Xətai Rayon İcra Hakimiyyətində belə məlumat yoxdur.
Qəbiristanlıqların köçürülməsi məsələsinə münasibətində ilahiyyatçı Hacı Atif İsmayılov «Şərq»ə bunları dedi:
- İslam dinində qəbiristanlıqların köçürülməsinə yalnız zəruri hallarda icazə verilir. Məsələn, dövlət əhəmiyyətli layihələrin icrası zamanı, tutalım, yol salınması, kommunikasiya xətlərinin çəkilişinə maneə varsa, qəbiristanlıq insanların gediş-gəlişinə mane olursa, bu halda köçürülə bilər. Amma kimsə şəxsi mənafeyi naminə, biznes maraqları üçün hansısa qəbiristanlığın köçürülməsini istəyirsə, bu, yolverilməzdir. Qəbir yerləri o zaman köçürülə bilər ki, rəhmətə getmiş adamların ruhuna ətraf ərazilərdə hörmətsizliyə səbəb olan vəziyyət yaranıb. Məsələn, zibillik yaranıb, anti-sanitar vəziyyətdir. Yaxud, restoran, şadlıq evi, gecə klubu tikilsin. Amma qəbiristanlıqların əhatəsində bu cür məkanların olmasına icazə verilmir. Qəbirlərin köçürülməsində vərəsələrin də razılığı mütləq alınmalıdır. Vərəsələrin razılığı olmadan qəbir yerlərinin köçürülməsinə şəriət icazə vermir. Hansısa zərurətdən, subasma, torpaq sürüşməsi təhlükəsindən qəbiristanlıq köçürülürsə, əvvəlki ərazidən daha yaxşısı olmalıdır. Qəbiristanlıqların köçürülməsi ciddi bir məsələdir və çətin bir işdir. Ona görə də başqa variantların tapılmasına çalışılmalıdır. Bina, AVM-lər üçün şəhərdə kifayət qədər yerlər tapmaq mümkündü. Yalnız dövlət ehtiyacı üçün, zəruri hallarda qəbiristanlıqlar köçürülə bilər.
H.A.İsmayılov qeyd etdi ki, qəbir yerlərinin köçürülməsinə insanların narahat yanaşması anlaşılandır:
- İnsanlar belə düşünür ki, qəbir yeri köçürüldükdə rəhmətə getmiş şəxsin ruhu narahat olur. Çoxları belə hesab edir ki, vaxtilə qəbir yeri olmuş ərazidən avtomobil yolu çəkmək yaxşı əlamət deyil. Qəbirlər köçürülürsə, insan bədəninin qalıqları da köçürülür. O torpaqda artıq heç nə qalmır. Müqəddəs Məşhəd şəhərində İmam Rza (ə) məqbərəsinin ətrafını genişləndirmək üçün bir neçə dəfə genişləndirmə işləri aparılıb. Halbuki orada ətrafda köhnə qəbirlər də olub, amma üzərindən döşəmə salınıb ki, insanlar rahat ibadət etsinlər. Bu mənada vaxtilə qəbir yeri olmuş ərazidə hansısa tikilinin aparılması zərurəti yarana bilər. Amma əlbəttə, bu çox zəruri, həyati əhəmiyyətli olmalıdır ki, qəbiristanlığın köçürülməsi məqbul hesab edilsin.
Məlahət Rzayeva