"Ehtiyac meyarına internet, gəzinti, əyləncə və təhsil də əlavə edilməlidir" - İddia

"Xarici ölkələrdə bu meyar hesablanarkən insanların internetə çıxışı, kitab alması, əyləncə mərkəzlərinə, kino və teatra getməsi, təhsil xərcləri kimi amillər də nəzərə alınır"
Azərbaycanda ehtiyac meyarının yuxarı həddi qaldırılır. Bu barədə "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində qeyd edilib. Sənəddə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 143 manat məbləğində müəyyən edilib. Xatırladaq ki, "2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilmişdi.
Məsələyə münasibət bildirən iqrisadçı-ekspert Natiq Cəfətli "Sherg.az”a açıqlamasında bəyan edib ki, əslində Azərbaycanda ehtiyac meyarının hesablanma qaydaları dəyişdirilməlidir:
"Hazırda ölkəmizdə ehtiyac meyarının hesablanması qaydası dünya trendləri ilə uyğunlaşmır. Xarici ölkələrdə bu meyar hesablanarkən insanların yalnız ərzağa olan tələbatı və ya kommunal xərcləri əsas faktor kimi götürülmür. Onların internetə çıxışı, kitab alması, əyləncə mərkəzlərinə, kino və teatra getməsi, təhsil xərcləri kimi amillər əsas digər faktorlarla birlikdə nəzərə alınır. Artıq bir neçə ildir ki, bu trend dünya ölkələrində belə hesablanır. Təəssüf ki, Azərbaycanda ehtiyac meyarının hesablanması dünyadakı göstəricilərə uyğun aparılmır. 
Ona görə də bu meyar hesablanarkən kifayət qədər aşağı rəqəm əldə edilir. Həmin göstəriciyə uyğun insanların dövlətdən aldığı məbləğ onların heç bir ehtiyaclarını qarşılamır. Vətandaşların ərzaq, kommmunal, nəqliyyat, əyləncə və gəzinti kimi xərclərini hesablasaq, aldıqları ehtiyac meyarı onun yanında kifayət qədər az olur. Məncə, bu sahəyə yeni indikatorlar gətirilməlidir. Ehtiyac zənbilinə internet, gəzinti, əyləncə və təhsil kimi amilləri də əlavə etmək lazımdır”.
Kənan Eynuroğlu