Ehtiyatlı olmalıyıq, təxribatlar ola bilər

Cəbhədə baş verən son döyüşlər erməni dəsti-xəttinə oxşamır



Azərbaycanla Ermənistan sərhəddində vəziyyət gərgin olaraq qalıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.

Azərbaycanlı hərbi və siyasi ekspertlərin isə cəbhədəki mövcud duruma, xüsusən Tovuz-Gədəbəy zonasından aktivliyin daha çox müşahidə olunmasına, düşmənin bu istiqamətlərdən həmlələrinin artmasına diqqətçəkən baxışları var.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun da qeyd etdiyi kimi faktiki olaraq atəşkəs dövründə əsasən Qarabağ cəbhəsində çox dinamik, intensiv, lokal toqquşmaların şahidi olmuşuq: "Ondan kənarda istər Tovuz, Qazax istiqamətindən, istərsə də Naxçıvandan belə genişmiqyaslı əməliyyatların, toqquşmaların şahidi deyildik. Bu, təkcə ona görə belə olmayıb ki, erməni tərəfi əsas təxribatları Qarabağda törədə biləcəyini yəqin edib və gücünü ora daşıyıb. Məsələnin məğzi həm də ondan ibarət idi ki, heç şübhəsiz, ordan kənarda bu toqquşmaların səbəbini xarici aləmə izah etmək qeyri-mümkün olacaqdı. Qarabağda torpaq, guya, hansısa tarixə şəriklik məsələsini qoyub nələrisə iddia etmək mümkündür. Amma Gədəbəy, yaxud Tovuz və Qazaxda bu yöndə məsələləri siyasi yöndən arqumentləşdirmək erməni hərbi və dövlət rəhbərliyinə heç zaman müyəssər olmayıb. Odur ki, bu cinahda nisbi sakitlik hökm sürüb”.

Z.Orucun fikrincə, son dövrlərdəki vəziyyəti isə əvvəlkindən ciddi şəkildə ayırmalıyıq: "Gerçəklik ondan ibarətdir ki, 2014-cü ildə Qarabağ cəbhəsində itkilər hətta Seyran Ohanyan səviyyəsində də etiraf olunub. Adətən bu quzğunlar və Qarabağ savaşını həyata keçirənlər, təcavüzkarlıqda bilavasitə iştirak edənlər normal reallığı tanımaqdan uzaq, daha fərqli bir leksikonu tirajlayan adamlar idi. Amma 2014-cü ildə ermənilər qeyd etdiyimiz cəbhədə hər hansı nisbi uğur da qazana bilmədi, onlar üçün çox ağır oldu və 2015-ci ilə revanş götürmək kimi bir mesajla adladılar. Amma son hadisələr onu sübuta yetirdi ki, həqiqətən də güc nisbəti qeyri-bərabərdir. Azərbaycan özünün Silahlı Qüvvələrindəki məlum dəyişikliklərdən sonra daha toparlanmış, səfərbər olunmuş və yeni taktikalarla səngərə daxil olub. İndi ordu birləşmələrimizin qarşısında yeni vəzifələr var. Silahlı Qüvvələrin rəhbərliyi səviyyəsində qərargah planları əvvəlki dövrdən xeyli fərqlənir.

Bunu ermənilərin və yaxud onların kəşfiyyat məlumatları da müəyyən bir səviyyədə əldə edib. Onlar görürlər ki, həqiqətən də Azərbaycan qarşı tərəfi var-yoxdan çıxarmaq, iqtisadi cəhətdən çökdürmək, həmçinin bu itkilərin Ermənistanda nəticə verməsinə apelyasiya edir, daha çox ona işləyir. Həmin Sarkisyan rejimi ondan narahatdır ki, Qarabağdakı döyüşlər onun hakimiyyətinin iflası və bütövlükdə istefaya getməsi ilə sonuclana bilər. Odur ki, Gədəbəy cəbhəsindən zərbə vururlar. Mənim aləmimdə bu, o demək idi ki, Azərbaycan qüvvələri parçalansın, taktiki cəhətdən hədəfdən yayınsın, imkanlarını daha geniş məkana paylamaqla ermənilərin növbəti zərbəni haradan vura biləcəyini yəqin edə bilməsin. Belə demək mümkündürsə, onlar manevr edirlər, manipulyasiyadadır və işarə edirlər ki, cəbhə xətti geniş bir məkandadır”.

Z.Oruc daha təhlükəli təxribatların olmasını da istisna etmir: "Yəqin ki, bundan sonra hər hansı terror planları da meydana çıxa bilər. Məhdud qrupların diversiyası Azərbaycanın içərilərinə irəliləmək və orada zərbə vurmaqla geri dönmək yolunu seçə bilərlər. Çünki genişmiqyaslı toqquşmalar onlara fayda vermir. Azərbaycan göstərir ki, artıq hədəf vertolyot, tank, top və zabitlərdir. Yəni bəlkə də əsgərlər o qədər önəmli deyil, Azərbaycanın hədəfində deyil”.

Sabiq təhlükəsizlik zabiti, siyasi şərhçi Arzu Nağıyev isə bəyan edib ki, ən başdan ermənilər atəşkəs rejimini cəbhənin müxtəlif istiqamətlərində pozurlar: "Mütəmadi olaraq erməni silahlı qüvvələrinin Qarabağ və Tovuz, Qazax, Gədəbəy, Ağstafa istiqamətlərində mövqelərimizi pozduqlarına dair məlumatlar almaqdayıq. Sadəcə olaraq, Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürən rus hərbiçisi Permyakov məsələsindən sonra ermənilər heç kəsdən asılı olmadıqlarını, döyüşməyə hazır olduqlarını göstərmək üçün təmas xəttində fəallaşıblar. Həmçinin də, Azərbaycanda keçiriləcək Avropa Yay Olimpia Oyunlarına mane olmaq üçün regionda qeyri-stabil mühitin olduğunu göstərmək istəyirlər. Onlar cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq təxribatlar həyata keçirməklə beynəlxalq aləmə Azərbaycanın təhlükəli bir ərazi olduğunu sübuta yetirmək niyyətindədirlər”.

Ermənilərin məqsədlərinin Azərbaycan qüvvələrini parçalamaq, taktiki cəhətdən hədəfdən yayındırmaq olduğunu vurğulayan politoloqun sözlərinə görə, bütün istiqamətlərdən eyni anda həmlə etmək üçün Ermənistan ordusunun yetərli gücü yoxdur: "Əgər Ermənistan Silahlı Qüvvələri Azərbaycanın cəbhə boyu sərhədlərini eyni anda atəşə tutursa, deməli, onlara yardım edən qüvvələr var. Cəbhədə baş verən son döyüşlər erməni dəsti-xəttinə oxşamır. Əslində son günlər cəbhədə ermənilər bilərəkdən fəallaşıb ki, 102-ci hərbi bazada qarışıqlıq Ermənistanın Rusiya Federasiyası ilə bütün əlaqələri kəsməsi kimi dəyərləndirilməsin. Qazaxdan üzü bu yana Naxçıvan sərhədinə qədər Ermənistan ordusu həmlələr edir. Gecə boyu atəşkəsi pozaraq, diversiya qruplarını hərəkətə keçirir. Təbii ki, düşmənin bütün təxribatlarının qarşısı zamanında milli ordumuz tərəfindən alınır. Hücum edən tərəf olaraq Ermənistan ordusunun çoxsaylı itkilər verdiyi də şübhə doğurmur. Sadəcə olaraq, Ermənistan öz itkilərini gizlədir”.

Şəymən