Ehtiyatlı olun!

İndi ilanların aktivliyinin ən pik dövrüdür
Səbinə Bünyatova: “Havalar istiləşəndə ilanların sayı artmır, sadəcə onlar saxlandıqları yerdən çıxdıqları üçün insanlarla daha çox rastlaşırlar”


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov havaların həddindən artıq isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayının artdığını deyib. Havaların qızmar keçməsinin soyuqqanlı heyvan olan ilanlar üçün sərfəli olduğunu nəzərə çatdıran E.Yusifov əlavə edib ki, bu yay ilanların zərərsizləşdirilməsi ilə bağlı onlara edilən müraciətlərin sayı xeyli artıb.

İnstitut direktoru ilanların sayının artmasına əlverişli iqlim şəraiti ilə yanaşı, qida zəncirinin də təsir göstərdiyini söyləyib. Onun sözlərinə görə, becərilməyən torpaqlarda xırda gəmiricilərin sayının artması onlarla qidalanan ilanların da say artımına səbəb olur.

Bununla bağlı araşdırmaların aparılmasını vacib sayan institut direktoru ilanlar daha çox Kür-Araz ovalığında yerləşən Aran rayonlarında təsadüf edildiyini də söyləyib. (trend.az ). E.Yusifov Azərbaycanın yarımsəhra ərazilərinin ilanların artımı baxımından çox təhlükəli olduğunu deyib: "Bunlar ərazi etibarı ilə Qobustan-Abşerondan tutmuş Ağstafaya qədərdir. Kür boyunca yerləşən Salyan, Neftçala, Biləsuvar rayonlarında belə risklər var”.

E.Yusifov yaşayış yerlərində ilanların olmaması, insanların özlərini ilanların təhlükəsindən qoruması üçün lazım olan yolları da açıqlayıb: 

"İlanların ərazidə olmaması üçün divarlarda olan çatlar, dəliklər mütləq suvanaraq bağlanılmalıdır: "Çünki ilanlar özlərinə yuva salmırlar. 

Onlar həmin o çatlarda, çəpərlərin dəliklərində yaşayırlar. İlanlar adətən özlərini qızdırdıqdan sonra kölgəliyə - evlərin zirzəmilərinə daxil olurlar. Buna görə zirzəmilərin girişləri məhdudlaşdırılmalıdır. Hazırda həm də tarla, məhsul yığımı mövsümüdür. İnsanlar tarlalara gedəndə özlərini ilan sancmalarından qorumaq üçün təhlükəsizlik qaydalarına riayət etməlidirlər. İlk növbədə boğazlı çəkmə geyinilməlidir. Təəssüf ki, mən rayonlarda insanların tarlalarda çəkələk geyinərək işlədiyini görürəm. Bu isə təhlükəsizlik baxımından yolverilməzdir”.

E.Yusifovun sözlərinə görə, meşəyə istirahətə gedənlərin də əllərində gəzərkən bir çubuq olmalı və onunla çığırları tərpətməlidirlər: "Nəzərə almaq lazımdır ki, indi ilanların aktivliyinin ən pik dövrüdür. Onlar oktyabrın sonunadək aktiv olacaqlar. Sonradan - soyuqlar düşdükdə isə ilanlar qış yuxusuna gedəcəklər”.

Azərbaycandakı ilanların hamısının zəhərli olmadığını da açıqlayan institut direktoru ölkəmizin faunasında 20-yə yaxın ilan növünün olduğunu, onlardan isə yalnız birinin - gürzənin insan həyatı üçün təhlükəli olduğunu söyləyib: "Amma çox təəssüf ki, bizdə ekoloji maarifləndirmə, fauna bilikləri qənaətbəxş olmadığından insanlar qarşılarına çıxan bütün sürünənləri zəhərli sayaraq onları öldürürlər. Qırmızıqarın təlxə, zeytun təlxə, dağ təlxəsi tam təhlükəsiz canlılardır. 

Onların insan həyatı üçün heç bir təhlükəsi yoxdur. Amma el arasında onlara əfi ilan, şahmar ilan deyərək öldürürlər. Yaxud koramal da tam təhlükəsizdir. Yeri gəlmişkən qeyd edim ki, koramal ümumiyyətlə, ilan deyil. O, təkamül dövründə ayaqlarını itirib, amma Azərbaycanda el arasında ona "ilana zəhər verən” deyirlər və öldürürlər. Bunlar isə yolverilməzdir”.

Zooloji Muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatovanın "Şərq”ə açıqlamasına görə, havalar istiləşəndə ilanların sayı artmır, sadəcə onlar saxlandıqları yerdən çıxdıqları üçün insanlarla daha çox rastlaşırlar. Soyuq aylarda isə ilanlar qış yuxusuna gedirlər deyə, gözə dəymirlər: 

"Oktyabr ayından mart ayına qədər onlar sabit həyat sürürlər. Aprel ayının əvvəllərindən sonra isə aktivləşməyə başlayır və yerin üzərinə çıxırlar. Bədən temperaturlarını bərpa etdikdən sonra qida axtarışına çıxırlar ki, 4-5 ay müddətində itirdikləri enerjini geri alsınlar. May ayında isə adətən ilanların cütləşmə dövrü olur”.

Onun sözlərinə görə, ilanlara bütün təbii yaşayış ərazilərində rast gəlmək mümkündür, ancaq bəzi yerlər var ki, orada daha çox olurlar. Xüsusən də, Aran rayonlarında, yarımsəhralarda, düzənlik ərazilərində

"Yaz-yay aylarında ilanlar artmır, sadəcə olaraq insanlar açıq havada və təbiət qoynunda çox olduğu üçün ilanlarla da tez-tez rastlaşırlar. İnsanlar bir balaca ehtiyatlı olsalar, heç bir təhlükə ilə qarşı-qarşıya gəlməzlər. İlanlar sadəcə düzənliklərdə yox, otluq, kolluq ərazilərdə, daşın altında da olurlar. Onlar məskən saldıqları yeri havanın temperaturuna uyğunlaşdırırlar. Yaz aylarında daha çox torpağın üstündə olurlar. Havalar istiləşdikcə isə sərin yerlər axtarırlar”.

Qeyd edək ki, ilanların daha çox antisanitar yerlərdə peyda olduğunu deyən mütəxəssislərə görə, ilan təhlükəsindən qorunmaq üçün, ilk növbədə yaşayış yerinin səliqə-səhmanlı olmasına diqqət edilməlidir. Çalışmaq lazımdır ki, ilan üçün əlverişli şərait olmasın.Təmizlik nə qədər çox olsa, təhlükə də bir o qədər minimum səviyyəyə enər. İlanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün şərait olmamalıdır. Əşyaları altında ilanların gizlənə bilməyəcəyi şəkildə yığmaq lazımdır. Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, ora ən kəskin iyli maye, bitki qoymaqla ilandan qorunmaq olar. İlanlardan qorunmaq üçün ilk növbədə evlərin ətraflarında siçanlar olmamalıdır.

Şəymən