"AMEA-nın müvafiq institutları ilə, ali məktəblərlə əlaqə saxlamaq və uyğun sahələr üzrə mütəxəssisləri tapmaq olar"
Ekspert böhranı bütün jurnalistləri narahat edir
Öz sahəsinin mütəxəssisləri mətbuata açıq olmalıdırlar
"AMEA-nın müvafiq institutları ilə, ali məktəblərlə əlaqə saxlamaq və uyğun sahələr üzrə mütəxəssisləri tapmaq olar"
"AMEA-nın müvafiq institutları ilə, ali məktəblərlə əlaqə saxlamaq və uyğun sahələr üzrə mütəxəssisləri tapmaq olar"
(... əvvəli ötən sayımızda)
Kütləvi informasiya vasitələrində ekspert böhranı yaşanır. Jurnalistlər hər hansı bir mövzunu araşdırarkən və ya o mövzuya münasibət bildirərkən ekspertlərə müraciət edirlər. Lakin bu məsələdə təəsüfəndirici bir fakt mövcuddur ki, jurnalistlər ekspert qıtlığı çəkirlər. Hətta elə sahələr var ki, o sahə üzrə ümumiyyətlə, ekspert yoxdur. Kütləvi informasiya vasitələrində ekspert böhranı yaşanır desək, daha doğru olar. İllərdir mətbuata açıqlama verən mütəxəssislərin sıraları seyrəlməkdədir - dünyasını dəyişənlər, ölkəni tərk edənlər və mətbuata qadağa qoyanlar medianın onsuz da yaxşı olmayan vəziyyətini daha da çıxılmaz edib.
Az qala bir redaksiyada çalışan üç müxbirdən ikisi ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert kimi danışdırır. Hətta olur ki, bir şəxsi həm iqtisadi, həm də siyasi mövzu üzrə danışdırırlar. Səbəb isə odur ki, ekspert qıtlığı var. Ölkədə bir hadisə baş verən kimi müxtəlif media orqanlarında çalışan jurnalistlər eyni ekspertlərə müraciət edirlər. Bu isə mediada xəbər eyniləşməsinə gətirib çıxarır. Eyni mövzu, eyni ekspert, sadəcə xəbərin yayımlandığı saytın adı fərqlidir.
Bəs, jurnalistlər daha çox hansı sahədə ekspert çatışmazlığından əziyyət çəkir?
"Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli də Azərbaycan mediasında ekspert böhranı yaşandığını və problemin bütün jurnalistləri narahat etdiyini deyib: "90-cı illərdə, 2000-lərdə bu problem o qədər də gözə çarpmırdı. Hər sahə üzrə yetərincə ekspert vardı. Təkcə hansısa siyasi partiyada nə qədər müxtəlif sahələr üzrə mütəxəssislər var idi. Politoloq, idman və tibb üzrə ekspert, hərbi-siyasi şərhçi çox idi. İndi sanki politoloqlar da azalıb. Çoxu kənara çəkilib. Ölkədə şəhər təsərrüfatı, urbanizasiya, ekologiya, turizm, reklamçılıq üzrə ekspert qıtlığı var. Jurnalistlər ekoloq Telman Zeynalovu, reklamçı Hacıəmi Atakişiyevi, şəhər təsərrüfatının problemləri üzrə memar Zemfira Budaqovanı danışdırır. Maraqlıdır, Turizm və Menecment Universitetində, İnşaat Mühəndisləri Universitetində, universitetlərin ekologiya üzrə fakültələrində mütəxəssis yoxdurmu? Son 20 ildə mütəxəssis yetişməyibmi? Niyə onlar mətbuata çıxmırlar? Son zamanlar təhsil və hərbi üzrə ekspertlərin sayı artıb, bu, sevindiricidir. Ancaq siyasi ekspertlərin sayı azalıb. Bu da yəqin ki, siyasi partiya institutunun zəifləməsi ilə bağlıdır. Maraqlı nüansı deyim ki, siyasi, iqtisadi, təhsil ekspertlərinin bir çoxu elə mediada, özü də çap mediasında, qəzetlərdə yetişmiş ekspertlərdir. Mənim fikrimcə, ekspertləri tapmaq, üzə çıxarmaq və tanıtmaq lazımdır. AMEA-nın müvafiq institutları ilə, ali məktəblərlə əlaqə saxlamaq və uyğun sahələr üzrə mütəxəssisləri tapmaq olar. Mətbuat Şurası ali məktəblərin rəhbərləri ilə danışıqlar aparmalıdır. Çünki mütəxəssislərin çoxuna ali məktəb rəhbərliyi tərəfindən mediaya çıxış qadağası qoyulur. Bu problemi həll etmək lazımdır”.
Teleqraf.com saytının əməkdaşı Mənsur Rəğbətoğlu isə hesab edir ki, bir ekspertin ayrı-ayrı mövzulardan danışması, yaxud danışdırılması jurnalistin yox, ekspertin problemidir:
"Həmin şəxs konkret sahə üzrə ixtisaslaşmayıb. İxtisaslaşıbsa da, ya bu sahədə özünü doğrulda bilməyib, ya ekspertlik anlayışını yaxşı başa düşməyib, ya da nə olursa-olsun, gündəmdə olmaqdan xoşu gəlir. Buna görə də, nə gəldi, nədən gəldi danışır. O qədər də qeyri-ciddi görünürlər ki, imkan versən, şou-biznesdə baş verənlərin arxasından da, hansısa ölkənin xüsusi xidmət orqanlarını çıxararlar. Ola bilsin ki, onlar özlərini itiriblər, şöhrətin zirvəsinə yüksələn pillələrdən yıxılıb özlərini pis hiss edirlər, amma jurnalistlər də onlara imkan verməməlidirlər ki, özlərini biabır etsinlər. Jurnalist də gərək peşəkar olsun. Əlbəttə, bir jurnalist kimi mənim də qeyri-peşəkar tərəflərim, qüsurlarım var, bu şeyləri elə özümdən bilirəm”.
Ekspert qıtlığı məsələsinə gəlincə isə həmkarımız deyib ki, demək olar ki, bütün sahələr üzrə ekspert qıtlığı böhranı var:
"Daha çox siyasi mövzulardan yazdığıma görə, deyə bilərəm ki, sənə ağıllı cavab verə biləcək politoloqların sayı azdır. Az qala hər gün eyni politoloqları, siyasi şərhçiləri danışdırırıq. Adam utanır.
İqtisadçı tapmaq isə demək olar ki, mümkünsüzdür. Bu boyda mətbuat bir-iki iqtisadçının ümidinə qalıb. Sosioloqlar haqda da bunu demək olar. Ölkədə ya sosioloq yoxdur, ya da var, bizim xəbərimiz yoxdur”.
"Report.az” saytının baş redaktoru Murad Əliyev də ölkədə media ekspertləri sahəsində həqiqətən də qıtlıq yaşandığını deyib. Onun sözlərinə görə, hər hansı mövzu ilə bağlı ekspert rəyi almaq istərkən eyni şəxslər ağıla gəlir. Bu, əsasən də iqtisadiyyat sahəsi ilə bağlı olur:
"Təbii ki, maliyyəçi ekspert enerji məsələləri ilə bağlı şərh verə bilməz. İqtisadiyyatın hər sahəsi ilə bağlı da dərhal göz önünə gələn 1-2 ekspert var ki, bütün media nümayəndələri də onlara müraciət edir. Hər bir ekspert məsələni müəyyən bir rakursdan görür. Saytlardan eyni anda bir neçə jurnalist müraciət etsə də, müxtəlif media orqanlarında həmin məsələ ilə bağlı eyni mövqe nümayiş olunacaq. Burada yalnız media işçilərini və ya mütəxəssisləri qınamaq düzgün deyil. Bir tərəfdən öz sahəsi üzrə böyük təcrübə, geniş dünyagörüşünə malik, analitik baxışı olan mütəxəssislər öz fikirlərini media üçün bölüşməkdən çəkinməməlidirlər. Mən özüm şahidi olmuşam ki, bəzi maliyyəçilər hər hansı məsələ ilə bağlı mətbuata çıxmaqdan çəkinirlər. Səbəb isə fikirlərinin təhrif olunması, gurultulu başlıq üçün sözlərinin kontekstdən çıxarılması qorxusudur. Belə olacağı təqdirdə, gələcək iş fəaliyyətində həmin şəxs üçün problem yarana bilər. Burada artıq medianın da üzərinə məsuliyyət düşür. Media resurslarının çoxunda sahələr üzrə ixtisaslaşma olmadığından, eyni şəxsə həm siyasət, həm iqtisadiyyat sahələri üzrə mövzu işləməyi tapşıranda jurnalist mövzu ilə bağlı daha dərinə varmaq imkanından məhrum olur. Nəticədə yeni mövqe almaq axtarışına çıxmaq əvəzinə eyni ekspertləri danışdırmaqla kifayətlənirlər”.
Sputnik.az saytının əməkdaşı İradə Cəlil də deyib ki, son zamanlar mətbuatda eyni mövzular, eyni ekspertlər tərəfindən müxtəlif saytlarda təkrar-təkrar təhlil edilir:
"Açığını desək, günah bizim özümüzdədir. Biz tanınmış ekspertlərə əlçatan olduqları üçün daha çox üstünlük veririk. Amma istənilən sahədə bizim tanımadığımız kifayət qədər savadlı və ətraflı danışa bilən mütəxəssislər var. Sadəcə biz onları axtarıb tapmağa, üzə çıxarmağa ərinirik. Məsələn, hər hansı iqtisadi bir məsələ ilə bağlı tanınmış iqtisadçılara üz tuturuq və eyni fikri alırıq. Amma İqtisad Universitetində suallarımızı elmi əsaslandıra biləcək ekspertləri unuduruq. Eləcə də digər sahələrdə. Məsələn, tikinti, səhiyyə, turizm, miqrasiya və s. Bu kimi sahələrdə 1-2 tanınmış ekspert var və biz yeni insanlar axtarmırıq. Tənbəllik. Zaman sərf etmək istəmirik. Bir az da eqoistik. Tapacağımız insan tanınmış deyil deyə, biz onu tapıb dəstək verib, ekspert etmək istəmirik”.
İ.Cəlilin sözlərinə görə, ekspertləri biz jurnalistlər özümüz üzə çıxartmalıyıq. Biz isə hazıra öyrəşmişik. Elə mən özüm tutaq ki, hansısa universitetə zəng edib, daha mükəmməl danışa bilən bir adamı uzağı iki dəfə axtarıram, tapa bilməyəndə, hazır əlçatan ekspertlərdən birinə yazıb cavabımı alıb, yazımı təhvil verirəm:
"Müxtəlif sahələrdə çox savadlı insanlar tanıyıram ki, onlar KİV-də fikirlərini bildirmək üçün hər şeyə hazırdır. Ancaq onlar KİV-lə əlaqə saxlamaq yollarını bilmirlər. Həm də gəlin etiraf edək, hansısa bir mütəxəssis bizim emailiməz yazı göndərib zəng edəndə, hansı sifəti gətiririk?. "Nə istəyir e bu?” deyib dodaq da büzürük. Biz o insanlara dəyər versək, bu qədər sıxıntı yaşamarıq.
Bir az tənbəlliyi kənara atıb axtarışda olmaq lazımdır. Bu dəqiqə bizim zənglərimizin arzusunda olan KİV-ə açıqlama vermək istəyən kifayət qədər savadlı insan var”.
Sosial Media Mərkəzinin direktoru Azər Niftiyev ötən illərlə müqayisədə son vaxtlar Azərbaycan mediasında ekspert sayında artım müşahidə olunduğunu deyib:
"Ekspert dedikdə biz konkret sahələr üzrə ixtisaslaşmış şəxslər olur. Bizdə bu insanların sayı kifayət qədərdir. Sadəcə onlar ictimaiyyətlə münasibətlərini düzgün qura bilmirlər. Ona görə də jurnalistlər həmin şəxslərə müraciət etmir. Bir redaksiyada çalışan üç müxbirdən ikisinin ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert kimi danışdırma reallığı da həqiqətdir. Həmin ekspertlər ictimaiyyətə daha açıq olduqlarından jurnalistlərə onlarla ünsiyyət rahat olur.
Düşünürəm ki, problemin həlli üçün redaksiyalar müxtəlif sahələr üzrə peşəkar şəxslərin üzə çıxarılmasında maraqlı olmalıdır. Elə ekspertlər var ki, bəzi ekspertlər ictimaiyyətlə əlaqə qurmağın detallarını bilmirlər. Şou xarakterli verilişlərə çıxıb qalmaqallı məsələlərə münasibət bildirməklə öz işlərini bitmiş hesab edirlər. Bu cür açıqlamaların isə nə cəmiyyətə, nə də onların özlərinə bir faydası var. Yaxın zamanlarda bu problemin aradan qalxacağını güman edirəm. Artıq proseslər ona doğru gedir”.
A.Niftiyevin sözlərinə görə, ölkədə peşəkar həkimlərin, vəkillərin sayı kifayət qədər olsa da, bu sahədə ekspert qıtlığı yaşanır.
Şəymən