Ekspertdən SOS:"Bu ölkədən Azərbaycana təhlükəli toyuq ətləri gəlir"




"Ukraynada quş qripinin aşkarlanmasına dair Əlimizdə sənədlər var. Buna baxmayaraq, adiyyatı orqanlarımız broyler toyuqlarının ölkəmizə gətirilməsi ilə əlaqədar tədbirlər görmür”.

Bu barədə Sherg.az-a Azərbaycana idxal olunan broyler toyuqlarının təhlükəsizliyi ilə bağlı danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, yerli malların stimullaşdırılması üçün hökumət adekvat tədbirlər həyata keçirməlidir:

"Uzun müddətdir ki, Ukraynadan Azərbaycana təhlükəli toyuq ətləri idxal olunur. Ekspertiza aparan zaman şahid oluruq ki, həmin xaricdən gətirilən toyuqların 40 faizə qədəri naməlum maye ilə doldurulmuş toyuq ətləridir. Bunların qarşısının alınması üçün nəzarət gücləndirilməlidir. Təhlükəli yarasız toyuq ətləri Azərbaycana gətirilir və onların idxalı davam edir. Bu mənada  xaricdən gətirilən toyuq ətlərinə diqqət yetirilməlidir"

E. Hüseynovun sözlərinə görə, yerli istehsala dəstək üçün toyuq yemlərinin qiymətləri də aşağı düşməlidir:

"Dövlət özünün gömrük siyasətinə dəstək üçün qiymətlərin endirilməsində maraqlı olmalıdır. Bunlar həyata keçirilsə, qiymətlər aşağı salınar, əhalinin yerli mallara üstünlük verməsi təmin edilər. Elə sizin sayt vasitəsilə istehlakçılara yerli mallara üstünlük verməsini tövsiyə edərdim. Bütün hallarda xaricdən gətirilən mallardan yerli məhsullar həm keyfiyyət həm qiymət cəhətdən üstündür”.

Buna baxmayaraq, yerli şirkətlərin şəffaf mühit yaradılmasına diqqət ayırmadığını deyən E. Hüseynov sədrlik etdiyi birlik və digər qurumlar tərəfindən monitorinqlər aparılmasına imkan yaradılmadığını söyləyib:

"Baytarlıq dərmanlarının nə dərəcədə toyuq ətlərinin tərkibində nə qədər olması, toyuq yemlərinin necə hazırlanması, verilməsi tam şəkildə aydınlaşdırılmayıb. Yerli broyler fabriklərində təəssüf ki, bununla əlaqədar iş apara bilməmişik”.

Qeyd edək ki, son zamanlar ictimaiyyətdə  xaricdən gətirilən broyler toyuqlarının sağlamlığa zərərli olması barədə fikirlər səsləndirilir.

Aysel Aslan