“Əl-Qaidə”ni, “Taliban”ı, PKK-nı Qərb yaradıb..."- Əli Oruclu





"Təpədən-dırnağa silahlandırılan İŞİD və PKK kimi terror qruplaşmaları ilə eyni vaxtda müxtəlif cəbhələrdə təkbaşına vuruşmaq olduqca çətindir”

İstanbulda polisin həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatının 29 üzvü saxlanılıb. Saxlanılanların hamısı xarici vətəndaşlardır. Polisin məlumatına əsasən, saxlanılanlar İraq, Suriya, eləcə də Yəməndə müxtəlif qruplaşmaların tərkibində fəaliyyət göstəriblər.

Daha sonra isə müəyyən yollarla Türkiyəyə daxil olublar. İddialara görə, terrorçu qruplaşmanın üzvləri yeni teraktlara hazırlıq görürlərmiş. Polis İstanbulda bu cür əməliyyatların davam etdiriləcəyini bildirib.


Qardaş ölkədə aparılan əməliyyatları "Şərq”ə dəyərləndirən politoloq Əli Oruclu deyib ki, İŞİD Qərbin özünün yaratdığı qorxu və dəyənək vasitəsidir. Ekspertin sözlərinə görə, təşkilat özünü islamla bağlasa da, reallıqda islamla heç bir bağlılığı yoxdur:

"Qərb imperialist siyasətini məhz İŞİD bəhanəsi ilə həyata keçirir. Bu ad altında həm beynəlxalq aləmdə islama qarşı kin-küdurət, nifrət aşılanır, həm də Afrikadan tutmuş Avrasiyaya kimi geniş bir ərazi qorxu altında saxlanılır. Xüsusən, islam dünyası İŞİD pərdəsi altında cəzalandırılır. Təşkilatın tərkibi Qərbin dəstəklədiyi və xüsusi xidmət orqanlarına bağlı muzdlulardan ibarətdir. "Əl-Qaidə”ni, "Taliban”ı, PKK-nı Qərb yaradıb, hər cür dəstək verib, təlimatlandırıb. Yüz min döyüşçüsü olduğu bir təşkilat birdən-birə yoxa çıxa bilərmi? Əlbəttə, yox. Bu terror təşkilatı istənilən an Qərbin istəklərinə baş əyməyən və ipə-sapa yatmayan ölkələrdə meydana çıxa bilər”.

Ekspert bildirib ki, hədəfdəki dövlət Rusiya və İranla yanaşı, Türkiyə də ola bilər:

"Təəssüflər olsun ki, ən mürəkkəb durumda olan Türkiyədir. Təpədən-dırnağa silahlandırılan İŞİD və PKK kimi terror qruplaşmaları ilə eyni vaxtda müxtəlif cəbhələrdə təkbaşına vuruşmaq olduqca çətindir. Onu da nəzərə almaq lazımdır ki, bu qruplaşmalar mülki insanları qalxan kimi istifadə edir və insanlar arasında gizlənirlər. Şübhəsiz ki, Türkiyə bu bəlanın öhdəsindən gələcək, amma bir qədər çətinliklə. Hesab edirəm ki, rəsmi Ankara Qərblə Suriya arasında çox get-gəl etməməlidir, xarici siyasətini konkretləşdirməlidir. Çünki Türkiyənin üzərindən təhlükəli ssenarilər hazırlanır”.

İsmayıl