"Elə hal olmayıb ki, məktubum cavabsız qalsın" - Aqil Abbas





"Hər halda dövlət qurumlarının da işləri çoxdur və bəzi məktubların cavablandırılması ləngiyə bilər”.

Bunu Sherg.az-a Milli Məclisin deputatlarının dövlət qurumlarından şikayətlənməsinə münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib. 

Onun sözlərinə görə, bu günə qədər müraciət etdiyi nazirliklərdən və dövlət orqanlarından məktublarına cavab alıb:

"Mənim köməkçimdə xüsusi qeydiyyat dəftəri var, bununla bağlı. Məktubları oxuduqdan sonra imzalayıram və lazımı qurumlara göndərilir. Seçicilərdən şikayət məktubu gələn zaman yönləndirdiyimiz nazirliklər məsələyə baxılması barədə bir məktub mənə, birini də şikayətçi olan şəxsə göndərirlər. Elə hal olmayıb ki, məktubum cavabsız qalsın. Demirəm ki, bütün məsələlər həll olunur, amma hər birinə baxılır. Bəzən müraciət edən tərəf haqsız olur və yaxud da şikayətini düzgün ifadə edə bilmir. O zaman qurumlar cavab məktublarında hara müraciət etmək lazımdır, hansı hal düzgündür, hamısını qeyd edirlər. Hərdən məktubun məlumat xarakterli olduğunu qeyd edirəm. Və nazirliklər bu məktublara da diqqət yetirib, təsdiq haqqında məlumat göndərirlər”.

Qeyd edək ki, Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov bəzi nazirliklərin və digər dövlət qurumlarının məktublara cavab verməməyini Milli Məclisə hörmətsizlik kimi qiymətləndirib.

Aysel Aslan