“Əli və Nino” müəllimləri təhqir etdi

Posterdə təsvir olunan müəllimdən çox pornoaktrisaya bənzəyirLalə Mehralı: “Lüt qızla boşbeyin auditoriya yığmağa çalışıblar, bu səhvi oxucu, xüsusilə də müəllimlər onlara bağışlamayacaq”
Mirmehdi Ağaoğlu: "Bu dəfə dozanı artıq elədilər. Əgər o poster seks
qadınlarına aid kampaniya üçün hazırlanmış olsaydı, bir problemi yoxdur”
Aqşin Yenisey: "Mən kostyum geyinib dələduzluq edən birindənsə,
fahişə kimi geyinib müəlliməlik edən bu qızın tərəfindəyəm”
"Əli və Nino” kitab şəbəkəsinin Müəllimlər günü ilə əlaqədar paylaşdığı reklam posteri sosial şəbəkələrdə tənqid olunub. Posterin bu cür qarşılanmasına səbəb isə orada təsvir olunan müəllim obrazının açıq-saçıq görkəmdə olmasıdır. Sözügedən posteri tənqid edən ictimaiyyət üzvləri, sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, orada təsvir olunan müəllim geyimi və davranışı ilə müəllimdən çox pornoaktrisaya bənzəyir. İstifadəçilər bu reklamın elmə, biliyə çağırışdan çox əxlaqsızlığa səsləməsi fikrini irəli sürüblər. Qeyd edək ki, "Əli və Nino”nun səhifəsinə yazılan sərt şərhlərdən sonra sözügedən foto silinib. Sözügedən qalmaqallı reklamla bağlı "Əli və Nino” səhifəsi üzr istəyib: "Əziz dostlar, aksiya haqqında qoyulan poster dizaynerin "zarafatı” idi. Buna görə hamıdan üzr istəyirik!”.
"Əli və Nino” kitab şəbəkəsinin biabırçı aksiyasına münasibət bildirən sosioloq-jurnalist Lalə Mehralı da mağazalar şəbəkəsinin boykot edilməsi təklifini dəstəkləyib:
 "Düzünü desəm, mən bu mağazanın və onun saxta endirim kampaniyalarına heç vaxt ciddi yanaşmamışam. Reklamla ciddi oxucu auditoriyası yaratmağa çalışırlar və hər dəfəsində daha ciddi səhvə yol verirlər. Onlara kimsə deyib ki, cəmiyyətin belə açıq-saçıq posterlərə marağı var, bu cür poster hazırlasan, oxucun çox olacaq. İnanıblar. Kitabla məşğul olan şəxs bilməlidir ki, ciddi oxucu kütləsi kitabdakı, posterdəki, mağaza vitrinindəki şəklə yox, kitablardakı yazılara görə gəlir mağazaya. Məncə, boykot edənlər haqlıdır. Azərbaycan müəllimini bu qədər təhqir etmək olmaz. O posterdəki müəllim deyil, müəllim geyimi, siması, aurası yoxdur. Orda kimin şəkli qoyulub bilmirəm, amma Müəllimlər günü ilə bağlı keçirilən kampaniya üçün çox biabırçı üsul olub. Müəllim adını ləkələməyə çalışıblar, yoxsa lüt qızla boşbeyin auditoriya yığmağa çalışıblar, bilmirəm, amma onu bilirəm ki, bu səhvi oxucu, xüsusilə də müəllimlər onlara bağışlamayacaq”.
Yazar Qan Turalı isə özünün "9 hekayə” kitabından sonra qopan kəskin etirazların mahiyyəti ilə Müəllimlər günündəki şəklə olan qınaqların mahiyyətinin eyni olduğunu deyib:
"Bu mağazanın kitaba olan münasibəti budur. Təsəvvür edin, kitab mağazası reklamında porno fotodan istifadə edir. Niyə axı? Çünki bu şirkətdə kitabdan başı çıxan adam yoxdur. Onlar üçün kitabla digər əmtəələrin fərqi yoxdur. Müəllimlər günündə belə bir hadisənin yaşanması həqiqətən də ikrahdoğurucu bir hadisədir”.
Yazıçı Mirmehdi Ağaoğlu da "Əli və Nino”nun Müəllimlər günü ilə bağlı hazırladığı reklam posterini uğursuz piar hesab etdiyini deyib: 
"Əlbəttə, anlaşılandır, ölkədə kitaba marağın faciəvi dərəcədə az olduğu bir dövrdə kitab mağazasının alıcı cəlb etməsi üçün piar keçirməsi, diqqəti öz üzərinə çəkməsi normaldır. Xatırladığım qədəri ilə "Əli və Nino” bir neçə dəfə oxşar üsuldan istifadə edib və səhv etmirəmsə, nəticə də pis olmayıb. Lakin bu dəfə dozanı artıq elədilər. Əgər o poster seks qadınlarına aid kampaniya üçün hazırlanmış olsaydı, bir problemi yoxdur, amma poster Müəllimlər günü ilə əlaqədar hazırlanıb və ordakı obraz da porno aktrisaya bənzəyir, müəllimə yox. Bildiyim qədəri ilə "Əli və Nino” şəbəkəsi bu posteri qısa müddət sonra öz səhifəsindən çıxardı. Məncə, yaxşı da elədi. Bu poster "Əli və Nino” adına ləkə gətirərdi. Boykot etmək məsələsinə gəldikdə isə, məncə oxucular bundansa üz tutsunlar "Əli və Nino”ya. Öz dəstəklərini göstərərək nümayiş etdirsinlər ki, bu cür səriştəsiz piarlar olmadan da hər zaman kitabın yanındadırlar”.
Şair Aqşin Yenisey isə həmkarlarından tam fərqli mövqe sərgiləyib və "Əli və Nino” kitab şəbəkəsinin bu posterini modernizm nümunəsi kimi dəyərləndirib: 
"Biz o qədər təhlükələrə açıq mühafizəkar cəmiyyətdə yaşayırıq ki, mən hətta bu posterdəki müəllimənin lüt olmasının da tərəfdarıyam. Niyə? Biz çağdaş mədəniyyət beşiyi olaraq gördüyümüz və can atdığımız Avropa qitəsində yüksəliş, cəmiyyət üzərindən kütləvi əxlaq pərdəsinin götürülməsi ilə başlayıb. Modernizmin ilk hədəfi kilsənin və burjuanın xalqlara sırıdığı kütləvi əxlaq tabuları idi. Marks və Engels Avropanın ortasında ayağa qalxıb əxlaqın rəmzi olan ailəni planlaşdırılmış fahişəlik adlandırdılar və bunu izah etdilər, ailə kişinin cinsi, qadının maddi, fiziki gözləntilərini daha ucuz, səmərəli qarşılamaq üçün qurulan iqtisadi bir işbirliyidir. Və bu gün də ailələrin çoxu kasıblıq, yəni iqtisadi səmərəsizlik üzündən dağılır. Bunun arxasınca sənətin din və əxlaq üzərinə yürüşlərinin yolu açıldı və Flober "Madam Bovari”ni, öz dövrünün əxlaqi, ailə dəyərlərini vecinə almayan dünyanın ilk modernist qadınının həyatından bəhs edən romanı yazdı və s. Bu mənada Azərbaycan cəmiyyəti də əgər zamanın sınağından sağ çıxmaq, gələcəyin kölə xalqı olmaq istəmirsə, modernləşməlidir, istər ədəbiyyatda olsun, istər ailədə, istərsə də təhsildə. 
Mən bu posteri modernizm nümunəsi kimi dəyərləndirirəm. Şəkildəkinin müəllimə olması da düşündürücüdür, biz belə azad geyinən hər qadını sorğu-sualsız fahişə hesab edirik, çünki geyim şəxsiyyəti ən səthi, ən asan yolla qiymətləndirməyə şərait yaradır və biz geyimin bu avantajı altında min hoqqadan çıxan insanların mühasirəsində yaşayırıq. Kostyumlu-qalstuklu nə qədər dələduz məktəb direktoru var ölkədə. Mən kostyum geyinib dələduzluq edən birindənsə, fahişə kimi geyinib müəlliməlik edən bu qızın tərəfindəyəm”.
Şəymən