İşlə təmin olunacaqlar, maddi durumları yaxşılaşacaq
"Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 22-ci maddəsində qeyd olunur ki, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir. Onlar üçün bütün dövlət qurumlarında iş yeri kvotası yaradılır.
Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə işə qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla məsuliyyət daşıyır.
Layihə qəbul olunarsa, əlillərin işlə təmin olunması və onların maddi rifahının yaxşılaşması gözlənilir. Lakin bunun nə dərəcədə mümkünlüyünü demək çətindir. Çünki adətən əlillərin işlə təmin olunması ilə bağlı müəyyən problemlər üzə çıxıb.
Onlara qarşı bəzi qanunsuzluqların olduğunu da görmüşük. Görəsən, yeni layihə bu qanunsuzluqları aradan qaldıra bilərmi? Yoxsa qanun sadəcə kağız üzərində qalacaq?
Yeni qanun layihəsini müsbət qiymətləndirən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov "Şərq”ə bildirib ki, layihə qəbul olunacağı təqdirdə müsbət nəticələr əldə oluna bilər. Onun sözlərinə görə, bu qanun əlillərin xeyrinə, onların işlə təmin olunmasına xidmət edir:
"Əlillərin Sosial Müdafiəsi haqqında əvvəlki qanunda da onların işlə təmin olunması ilə bağlı bənd var idi. Orda mülkiyyət formasından asılı olmayaraq, müəssisələrdə, idarə və təşkilatlarda mövcud olan hər 25 iş yerindən 1-i əlillər üçün nəzərdə tutulurdu. Amma təəssüflər olsun ki, müəyyən idarələr, müəssisələr əlilləri işlə təmin etməkdən yayınırdı və onlar cərimələrlə bu işdən canlarını qurtarırdılar. Beləliklə, bu məsələ həllini tapmırdı.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin nümayəndələrinin iştirakı ilə qeyri-hökumət təşkilatlarından ibarət ictimai şura fəaliyyət göstərir. Həmin şura birbaşa nazirliklə birlikdə bu məsələyə nəzarət edəcək.
Yəni əlillərin məşğulluğunun təmin edilməsi ilə bağlı vəzifə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindədir. Nazirliyin müfəttişləri iş yerlərinin tapılması, həmin idarə və müəssisələrdə işçilərin sayı və həmin saya uyğun olaraq əlillərin işə götürülməsi ilə bağlı prosesi həyata keçirir. Əgər qanun qəbul olunarsa, ƏƏSMN, eləcə də nazirliyin yanında fəaliyyət göstərən ictimai şura, təşkilatın rəhbərləri, bu işi ciddi nəzarətə götürəcək. Bununla da əlillər işlə təmin olunacaq və onların maddi durumu yaxşılaşacaq”.
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli da rəhbərlik etdiyi qurumun qeyd olunan qanun layihəsinə təkliflər üzərində işlədiyini bildirib: "Bəzi dəyişikliklərin olunmasına çalışacağıq. Kvota indi də var. Ancaq bunun işlək mexanizmi yoxdur”.
Yeganə Bayramova